25 Dekabr 2024, Çərşənbə

Vətənpərvərlik insanın daxili zənginliyidir. Bu zənginliyin toxumları kiçik yaşlarımızdan daxilimizdə cücərib boy atmağa başlayır. Zaman keçdikcə daha da böyüyür, ailəmizə, torpağımıza, vətənimizə bağlılıq hissi yaradır. Bu bağlılıq milli əxlaqımızı və dünyagörüşümüzü formalaşdıran, milli və mənəvi dəyərlərimizə sahiblik etmək və onu qorumaq haqqını verən, eyni zamanda sözlə ifadə edilməyəcək qədər müqəddəs hissdir. Vətənpərvərlik dövlət quruluşundan asılı deyil, ancaq insanı öz dövləti və bu dövlətin milli ideologiyasını özündə əks etdirən dövlətçilik ənənələri ilə sıx bağlayır. Bəlkə də, buna görədir ki, vətənpərvərlik ideyası bir xalqın müstəqilliyinin əsas sütunlarından sayılır. Azərbaycan xalqı da gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bəs ümumilikdə götürsək, vətənpərvərlik özündə hansı meyarları birləşdirir? Bu meyarları necə təbliğ etməliyik? Bu və bu kimi suallarla redaksiyamızın qonaqlarına müraciət etdik.

 Çapay Quliyev – Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, psixoloq:

– Vətənpərvərlik anlayışına bir çox aspektlərdən baxmaq olar. Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirməsi də vətənpərvərlikdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman vətənini sevə bilməzsən. Bəzən yanlış olaraq vətənpərvərliyi hərbi-vətənpərvərlik amili ilə də qarışdırırıq. Ancaq unuduruq ki, vətənpərvərlik kompleks tərbiyə sistemidir. Ən adi bir işi ləyaqətlə görməklə yaxşı bir vətənpərvərlik nümunəsi ortaya qoya bilərik. Digər tərəfdən, vətənpərvərlik amilində milli dəyərlər sisteminin qorunması əsas rol oynayır. Bu sistemdə isə dil böyük rola malikdir. Bu gün hər birimiz övladımızın əlavə xarici dil öyrənməsini istəyirik. Bu, övladlarımızın gələcək karyerası baxımından, eləcə də ölkəmizə müəyyən sahələrdə fayda vermək baxımından lazımlıdır, bunu təqdir edirəm. Lakin məsələ burasındadır ki, bəzən kiçikyaşlı uşaqlarımıza əcnəbi dil öyrədərkən həmin dilin aid olduğu xalqın dəyərlər sistemini də öyrədirik. Bu isə, təbii ki, uşaqlarımızın öz dəyərlərinə kifayət qədər yaxın olmamasına qapı açır. Aydındır ki, uşaq öyrəndiyi dili gələcək həyatında davamlı olaraq istifadə edəcəksə, o dilə mənsub xalqın dəyərlərini də öyrənəcək, əlbəttə, öz dəyərlərini tam mənimsədikdən sonra.
Aytən Bektaşi – Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktor müavini:
– Vətənpərvərlik elə bir anlayışdır ki, onu sözlə ifadə etmək çox çətindir. Bu sözün kökündə “Vətən” kəlməsi dayanır. Vətən isə bizim doğulduğumuz, böyüdüyümüz, yaşadığımız yurd yeridir. Vətənpərvərlik hər insanın, ilk növbədə, öz ailəsinə, evinə, eyni zamanda Vətəninə olan münasibətinin göstəricisidir.
Bəhruz Gülmalıyev – Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin əməkdaşı:
– Böyük İslam Peyğəmbərinin tanınmış səhabəsi, İslam alimi və fəqihi olmuş Abdullah ibn Abbas Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti zamanı dediyi bu sözləri belə rəvayət edərmiş: “Sən necə də gözəl vətənsən! Sən mənə necə də sevimlisən! Əgər qövmüm məni səndən çıxartmasaydı, səndən qeyrisində yaşamazdım”. Buradan anlaşılan odur ki, Məhəmməd Peyğəmbər Məkkəni çox sevirdi. Əgər səbəb olmasaydı, oradan çıxmaq istəməzdi. Peyğəmbərimiz Mədinəyə hicrət edərək orada məskunlaşdı. Məkkəni sevdiyi kimi, Mədinəni də sevdi və ona öyrəşdi. Hətta Mədinəni sevmək üçün dua edərək deyərmiş: “Allahım, Məkkəni sevdiyimiz kimi, Mədinəni də bizə daha çox sevdir”. Göründüyü kimi, vətənpərvərlik anlayışı doğulub böyüdüyün, yaşadığın yurdla bilavasitə bağlı məfhumdur. Vətənpərvərlik, sadəcə, vətən üçün döyüşmək, şəhid olmaq deyil. Doğru bildirildi ki, biz bəzən vətənpərvərliyi hərbi-vətənpərvərlik məfhumu ilə məhdudlaşdırırıq. Ancaq yolda adi bir daşı kimsəyə zərəri olmasın deyə, götürüb bir kənara atmaq da vətənpərvərlikdir. Gündəlik qarşımızda duran vəzifələri layiqincə yerinə yetirmək də vətənpərvərlikdir. Adicə ailədə valideynlərə və yaxud böyüklərimizə hörmət etmək, onlara qayğı göstərmək də vətənpərvərlikdir. Yəni vətənpərvərliyin predmetləri çoxdur.
Namiq Əliyev – “Şirvanşahlar” Ayaqqabı Fabrikinin direktoru, sahibkar:
– Vətən bizim doğulub boya-başa çatdığımız və hazırda yaşadığımız, müəyyən sərhədləri olan fiziki ərazidirsə, vətənpərvərlik sərhədi olmayan, insanları yaşadığı yurdun dünəni, bu günü və gələcəyi ilə bağlayan bir anlayışdır. Canlı aləmdə fərdlərin dünyaya gəlməsində ana necə bir müqəddəs rola malikdirsə, Vətən də o yaradılışın böyüməsində o qədər rola malikdir. Elə buna görə də “Ana” kəlməsi “Vətən” kəlməsi ilə birgə çəkilir.
– Bu gün cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsi necə təlqin olunur? Ailədə, məktəbdə və digər yerlərdə.
Aytən Bektaşi:
– Əvvəlcə onu deyim ki, orta ümumtəhsil məktəblərində vətənpərvərlik tərbiyəsi paralel olaraq təhsillə birlikdə ibtidai siniflərdən başlayır. Ancaq nəzərə alaq ki, ibtidai sinifdə oxuyan uşaq “Vətən” məfhumunu uşaq düşüncəsinə görə o qədər də dərindən dərk etmir. Çünki o, vətəni, sadəcə, yaşadığı məhəllə, məktəb, uzağı yaşadığı kənd, qəsəbə və yaxud şəhərin çərçivəsində görür. Buna görə də müəllimlər şagirdlərə Vətəni müəyyən vasitələrlə – şəkillərlə, şeirlərlə, atributlarla başa salmağa çalışırlar. Məsələn, əlifbamızdakı ilk “A” hərfi və bu hərfin köməkliyi ilə yaranan “Ana” sözü şagirdlərə Vətəni anlatmaqda əhəmiyyətli rol oynayır. Uşaqlara başa salınır ki, analar sizin böyüməyinizdə hansı rolu oynayırsa, Vətən də sizin növbəti mərhələlərdə böyüməyinizdə, yetişməyinizdə, yaxşı təhsil alıb gələcəyinizi qurmağınızda əhəmiyyətli yer tutur. Təbii ki, şagirdlərin hamısı eyni dünyagörüşdə olmur və deyilənləri də bütün şagirdlər eyni tərzdə qəbul etmirlər. Yuxarı siniflərdə isə metodlar dəyişir, bu tərbiyəvi hiss daha geniş anlamda təlqin olunur. Buna görə də müəllimlər, xüsusilə ibtidai sinif müəllimləri geniş dünyagörüşə, yüksək psixoloji və pedaqoji bacarığa malik olmalıdırlar ki, uşaqları da bu ruhda tərbiyə edə bilsinlər.
– Ailədəki mühit də bu sahədə uşaqlara təsir edən mühüm amillərdən sayılır.
– Bəli, ailədəki mühit, valideynlərin öz övladlarını bu sahədə istiqamətləndirməyi işin əsas tərəflərindən sayılır. Elə düşünürəm ki, ailədə ata və ananın təhsili uşaqların vətənpərvərlik tərbiyəsində böyük rola malikdir.
– Mən bu fikrinizlə razılaşmıram. Doğrudur, təhsilli valideyn uşağın gələcəyində müəyyən rol oynayır. Ancaq mən müasir cəmiyyətimizdə hər birinizin tanıdığı onlarla vətənpərvər insanın adını çəkə bilərəm ki, onların ali təhsilli valideynləri olmayıb. Hətta bəzi hallarda özləri belə, ali təhsil almayıb. Bu baxımdan vətənpərvərliyin tamamən təhsillə əlaqələndi­rilməsini qüsurlu hesab edirəm.
– Bəhruz müəllim, vətənpərvərlik dinimizdə necə qiymətləndirilir?
– Ümumiyyətlə, vətənpərvərlik dünyəvi olaraq necə qəbul edilirsə, dini baxımdan da o mahiyyəti daşıyır. Məsələn, İslam dininə müraciət etsək, Məhəmməd Peyğəmbərin həyatından bununla bağlı çoxsaylı misallar gətirə bilərik. Söhbətimizin əvvəlində belə misallardan birini səsləndirdik. Bu misalda Peyğəmbərimizin öz Vətəninə necə bağlı olduğu onun haqqında böyük sevgi ilə dediyi cümlələrdən görünür. Və yaxud başqa bir misal: “Vətən sərhədlərini qoruyan gözlər qiyamətdə ağlamaz”. Diqqət edin, bu fikirlərdə nə qədər böyük məna yatır. İslamda Vətəni, torpağı, canı, namusu uğrunda mübarizə aparanların haqq yolunda olduğu dəfələrlə vurğulanır və bunun Uca Yaradan tərəfindən mükafatlandırılacağı vəd olunur. Vətəni sevmək insan daxilində kök salmış elə bir xüsusiyyətdir ki, insanı orada qalarkən rahatlıq tapmağa, oradan gedərkən darıxmağa, ora hücum olunarsa, müdafiə etməyə və torpağı alınarsa, qəzəblənməyə sürükləyir. Bu, təbii formada olan vətənpərvərlik kimi bəyənilən bir əməl, ülvi bir hissdir. İnsan vətənini tərk etməyə nə qədər məcbur olsa belə, yenə də vətən həsrəti zehnində qalaraq ondan ayrılmayacaqdır. Eyni zamanda bunu vurğulamağı lazım bilirəm ki, vətənpərvərliyin standartı yoxdur. Məsələn, insanın əxlaqı təhsillə ölçülmədiyi kimi, vətənpərvərliyin də ali təhsillə və yaxud ziyalılıqla birbaşa əlaqəsi yoxdur.
– Namiq müəllim, siz sahibkarsınız və sahibkar olduğunuza görə Naxçıvanımızı, Azərbaycanımızı təbliğ etmək, dolayısı ilə, vətənpərvərlik nümunəsi ortaya qoymaq üçün kifayət qədər imkanlarınız var. Bu imkanlardan necə istifadə edirsiniz?
– Bəli, vətənpərvərlik tərbiyəsində biz sahibkarların üzərinə böyük məsuliyyət düşür. Biz yerli məhsul istehsal edirik və bu məhsulu satışa çıxarırıq. Mənə görə əgər sahibkar keyfiyyətli məhsul istehsal edirsə, bu məhsulu milli brend altında satışa çıxarırsa və istehlakçı da bu məhsuldan razıdırsa, bu, əsl vətənpərvərlik nümunəsidir. Əgər bu gün naxçıvanlı sahibkar digər xarici ölkə vətəndaşının dilində öz məhsulundan bəhs etdirməyi bacarırsa, bundan gözəl şey yoxdur. Şükürlər olsun ki, bu gün bizə belə bir imkan verilib. Ola bilər ki, bizə yaxın coğrafi ərazilərdə yerləşən ölkələrin birində Naxçıvanı tanımasınlar. Ancaq biz həmin bazarlara çıxış əldə edərək regionumuzu istehsal etdiyimiz məhsullarla tanıda bilərik. O bazarlara çıxmaq üçünsə keyfiyyətli mal istehsal etməliyik. Ona görə də sahibkar üçün ən böyük qürur hissi öz məhsulu ilə Vətənini tanıtmaqdır. Bu isə öz milli dəyərlərinə sadiq, vətənini sevən sahibkarların işidir.
– Vətənpərvərlik təbliğatını necə aparmalıyıq?
Çapay Quliyev:
– Bildiyiniz kimi, xalqımız tarixən fərqli quruluşlarda yaşayıb, ancaq heç zaman öz milli köklərindən, dəyərlərindən ayrılmayıb. Artıq 25 ildir ki, dünyada müstəqil, azad və güclü Azərbaycan dövləti var. Müstəqilliyimizin indiyədək qorunub saxlanılmasında, inkişafında vətənpərvərlik amili mühüm rol oynayıb. Ulu öndərimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi, milli vətənpərvərliyimizin əsas ideologiyası olan Azərbaycançılıq ideologiyasının da istiqamətini müəyyən edib. Yəni yolumuz bəllidir. Bu gün vətənpərvərlik tərbiyəsi təkcə müəllimlərimizin yox, hər bir fərdin üzərinə düşür. Burada diqqət ediləsi məqam ondan ibarətdir ki, biz uşaqlarımıza, gənclərimizə bu işi nəzəri və yaxud əzbərçi olaraq öyrətməməliyik. Ən çox ictimai rəyə təsir edən nümunələri təbliğ etməklə mənimsətməliyik. Təcrübə də göstərir ki, vətənpərvərlik tərbiyəsi fərdlərin davranışında daha nümunəvi təsir bağışlayır. Bu fərd cəmiyyətdə tanınmış birisi olanda isə təsir daha effektiv olur.
Aytən Bektaşi:
– Mənə görə vətənpərvərlik tərbiyəsində müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür. Ancaq, hər şeydən əvvəl, müəllim özü vətənpərvər olmalıdır ki, bunu öz davranışlarında şagirdlərinə çatdıra bilsin.
Bəhruz Gülmalıyev:
– Düşünürəm ki, vətənpərvərlik hər birimizin həyat tərzinə çevrilməlidir. Əgər hər kəs bunu bacarsa, ölkəmizin gələcək uğurları da çox olacaq. İnanıram ki, ölkəmizin gələcək inkişafı da ona təmənnasız xidmət edən vətəndaşlarımızın sayəsində mümkün olacaq.
Namiq Əliyev:
– Vətənpərvərlik hər birimizin əqidəsi olmalıdır. Məhz bu əqidə ilə Vətənə xidmət ən ali xidmət sayıla bilər.
– Müsahibə üçün sağ olun.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR