25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında keyfiyyətə nəzarət infrastrukturunun inkişafı, standartlaşdırma, akkreditasiya, patentləşdirmə, metrologiya, uyğunluğun qiymətləndirilməsi istiqamətləri üzrə fəaliyyətin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2016-cı ildə fəaliyyətini gücləndirmiş, dövlət pro­qramlarının qarşıya qoyduğu vəzifələr, sessiya və müşavirələrdə verilmiş tapşırıqlar uğurla icra olunmuşdur.

Komitənin müvafiq işçi qrupları tərəfindən elektrik, qaz və su sayğaclarının istismar müddətinə, məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinə, təhsil müəssisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətinə, tikinti məhsullarının istehsalı sahəsində, ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına, istehlak bazarında məhsulların keyfiyyətinə nəzarət məqsədilə monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı normativ göstəriciləri standarta uyğun olmayan 253 elektrik və 67 qaz sayğacı aşkarlanaraq idxalçı müəssisəyə geri göndərilmişdir. Komitənin laboratoriyasında ölçmə vasitələrinin yoxlanılmasında istifadə olunan sınaq stendləri və nümunəvi ölçmə vasitələri ixtisaslı mütəxəssislərin iştirakı ilə kompleks kalibrlənmişdir.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keyfiyyətə nəzarət infrastrukturunun və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsini və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasını diqqətdə saxlamışdır. Ötən il təsərrüfat subyektlərinə 1540 uyğunluq sertifikatı, 20 təsdiqedici sənəd, əmtəə nişanlarının mühafizəsinə dair 73 şəhadətnamə, coğrafi göstəricinin mühafizəsinə dair 1 şəhadətnamə, ixtiranın mühafizəsinə dair 2 və sənaye nümunəsinin mühafizəsinə dair 7 patent, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması üçün 13 bildiriş verilmişdir. Komitənin əsas fəaliyyət istiqaməti qismində istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılmış, il ərzində, ümumilikdə, 1589 halda məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmişdir.
Yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 255 qida istehsalı müəssisəsinə baxış keçirilmiş, məhsul nümunələrinin 1392 halda laboratoriya analizləri aparılmış, aşkar olunmuş nöqsanlar aradan qaldırılmış və “Qida təhlükəsizliyi” mövzusunda sahibkarlar üçün 8 seminar keçirilmişdir. Bundan başqa, meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə 5 istixanadan, 2 istehsal müəssisəsindən, 3 anbardan, 40 bostandan və 43 satış obyektindən götürülmüş məhsulların 210 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Muxtar respublikada xidmət müəssisələrində mövcud standartlara əməl olunması, yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində aid qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirilir. Bərbərxana və gözəllik salonlarında istifadə olunan alətlərin mütəmadi olaraq sterilizasiyasının təmin edilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Ona görə də ötən dövrdə muxtar respublikadakı 200 bərbərxanada və 103 gözəllik salonunda monitorinqlər aparılmışdır. Ümumiyyətlə, ötən il muxtar respublikada fəaliyyət göstərən 114 ictimai iaşə və xidmət sahəsində maarifləndirmə xarakterli monitorinqlər aparılmış, çatışmazlıqlar aradan qaldırılmışdır.
Payız-qış mövsümünə hazırlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə iş planı təsdiq edilmişdir. İş planına uyğun olaraq muxtar respublikada elektrik və qaz cihazlarının satışını həyata keçirən 119 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılmış, 776 qazanxanada 4047 ədəd ölçmə vasitəsi yoxlamadan keçirilmişdir.
Ümumilikdə, 2016-cı ildə muxtar respublikada standartların tələblərinə uyğun olmayan 2567 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılmışdır.
2016-cı ildə əməkdaşların kurslarda iştirakı və peşəkarlığının artırılması da diqqətdə saxlanılmış, Koreya Respublikasının Seul şəhərində təşkil olunmuş “Azərbaycan üçün əqli mülkiyyət siyasət kursu” mövzusunda təlim kursunda komitənin 3 əməkdaşı iştirak edərək sertifikat almışdır. Ötən il aprelin 22-də isə Almaniyanın “DQS UL Group” şirkətinin Azərbaycan təmsilçiliyinin rəhbərinin iştirakı ilə OHSAS 18001 “Peşə sağlamlığının və təhlükəsizliyinin idarə edilməsi” beynəlxalq standartı üzrə sahibkarlar üçün seminar keçirilmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin patenti” nominasiyası üzrə ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsinə 4 patent göndərilmiş və 1 patent sahibi müsabiqənin qalibləri sırasına düşmüşdür.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollektivi 2017-ci ildə də verilmiş tapşı­rıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində səylə çalışacaq, əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR