25 Dekabr 2024, Çərşənbə

“Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi 2016-cı ildə  dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsinə, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsinə, cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliğinə diqqəti artırıb”. 

Bu fikirlər Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilib. İdarənin rəisi Vüqar Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikasında milli-dini ənənələri yaşatmaq, dini maarifləndirmə işini gücləndirmək, dini abidə və ziyarətgahları qorumaq və onlardan düzgün istifadə etmək məqsədilə 2016-cı il mayın 3-də Naxçıvan Muxtar Respublikası qazisi yanında Şura yaradılıb. Şuraya Naxçıvan Muxtar Respublikası qazisi sədr təyin edilib. 2016-cı ildə idarənin əməkdaşları Naxçıvan Muxtar Respublikası qazisi yanında Şuranın sədri ilə birlikdə muxtar respublika ərazisində yerləşən pir və ziyarətgahlara baxış keçirib.

Qeyd olunub ki, ötən il muxtar respublikada dini bayramlar, ayinlər və yas mərasimlərinin yüksək səviyyədə, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi diqqət mərkəzində saxlanılıb. Dini mərasimləri idarə edən 280 din xadimi attestasiyadan keçirilib, 230 din xadiminə vəsiqələr verilib. Din xadimlərinin yas mərasimlərində və dini tədbirlərdə vahid geyim formasına riayət etmələri, yeni din xadimlərinin müvafiq vəsiqələrlə və geyim formaları ilə təmin olunması diqqət mərkəzində saxlanılıb, 230 din xadiminə yeni geyim formaları verilib. İdarə rəisi deyib ki, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan idarəyə 735 adda 1618 ədəd dini təyinatlı ədəbiyyat və 189 ədəd broşür daxil olub, aparılmış araşdırma zamanı dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçiliyi təbliğ edən 849 ədəd dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb.
Sonra çıxışlar olub, 2017-ci ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR