Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında fondun sədri Əli Quliyev məruzə ilə çıxış edib.
Qeyd edilib ki, 2016-cı ildə fondun hesabına 52 milyon 966 min 500 manat plana qarşı 65 milyon 985 min 520 manat vəsait daxil olub. Daxil olan vəsait nəzərdə tutulan məbləğdən 13 milyon 19 min 20 manat, yaxud 24,6 faiz, 2015-ci ilin müvafiq dövründə yığılan vəsaitdən isə 4 milyon 215 min 760 manat, yaxud 6,8 faiz çox olub.
2016-cı il ərzində fondun yerli orqanları tərəfindən 1449 nəfərə yaşa görə, 634 nəfərə əlilliyə görə, 653 nəfərə isə ailə başçısını itirməyə görə, ümumilikdə, 2736 nəfərə əmək pensiyası təyin edilib.
Muxtar respublikada sahibkarlıq fəaliyyətinin genişlənməsinin, davamlı sosial-iqtisadi yüksəlişin, yeni istehsal, emal, ticarət, xidmət obyektlərinin yaradılmasının, aparılan tikinti-quruculuq işlərinin və yeni açılan iş yerlərinin nəticəsidir ki, əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 53 faizi sığortaedənlərdən məcburi dövlət sosial sığortahaqqı şəklində yığılıb.
Bildirilib ki, hesabat ilində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi ödəniş metodlarından, o cümlədən onlayn ödəniş sistemindən istifadə davam etdirilib. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının internet və banklar vasitəsilə onlayn qaydada ödənilməsi təmin olunub. 2016-cı ildə 943 min manat məcburi dövlət sosial sığortahaqqı onlayn ödəmə sistemi vasitəsilə ödənilib.
Əvvəlki dövrlərdə olduğu kimi, 2016-cı ildə də əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi üçün müvafiq işlər davam etdirilib. Ötən il ödəniş aparılan pensiyaçıların 100 faizi plastik bankomat kartları ilə təmin edilib.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq muxtar respublikada fərdi uçot sisteminin qurulması ilə əlaqədar müvafiq işlər davam etdirilib. Hesabat dövründə 4708 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Beləliklə, fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 3 faiz artaraq 164 400 nəfərə çatıb.
Bildirilib ki, 2016-cı il ərzində fondun əhatə etdiyi sahələr üzrə informasiya sistemlərinin təkmilləşdirilməsi və yeni proqram təminatlarından istifadəyə üstünlük verilib. Avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidlə bağlı xüsusi proqram təminatı vasitəsilə 2006-2016-cı illər üzrə sığortaolunanlar haqqında məlumatlar, həmçinin sığortaolunanların 2006-cı il 1 yanvar tarixinədək bütün əmək fəaliyyəti dövrləri onlar üçün fondda açılmış fərdi şəxsi hesablara işlənilib. 2016-cı il ərzində əmək kitabçalarını fondun yerli orqanlarına təqdim edən 40 nəfərin də 2006-cı il 1 yanvar tarixinədək bütün əmək fəaliyyəti dövrləri onların fərdi şəxsi hesablarına işlənilib. Avtomatlaşdırılmış pensiya təyinatı sistemi vasitəsilə 2016-cı il ərzində 142 nəfərə yaşa görə əmək pensiyası təyin olunub.
Sonra məruzə ətrafında çıxışlarda görülmüş işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Xəbərlər şöbəsi