Muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onların intellektual inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir, istedadlı gənclərin üzə çıxarılması məqsədilə müxtəlif yaradıcılıq müsabiqələri keçirilir. 2016-cı ildə də muxtar respublikada bu məsələ diqqətdə saxlanılmış, keçirilən yaradıcılıq müsabiqələrində gənclər fəal iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə ötən il iyun ayının 16-dan noyabr ayının 30-dək “Naxçıvan: dünən və bu gün” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilmişdir. Publisistika və teleradio materialları, rəsm əsərləri, ədəbi nümunələr, musiqi və elmi-tədqiqat əsərləri kateqoriyaları üzrə keçirilən müsabiqəyə 81 iştirakçı tərəfindən 97 yaradıcılıq nümunəsi təqdim olunmuşdur.
Musiqi istedadı olan gənclərin aşkar edilməsi və onların yaradıcılıq potensialının üzə çıxarılması zəngin musiqi mədəniyyətimizin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə ötən il xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsinin keçirilməsi də bu məqsədə xidmət etmişdir. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı “Gənclik” Mərkəzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “İfaçılıq” müsabiqəsi də keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri ilə zənginliyi turizmin inkişafı üçün əlverişli şərait yaradır. Ona görə də Naxçıvanın turizm potensialının tanıdılması qarşıda duran əsas vəzifələrdəndir. Bu işdə aid təşkilatlarla yanaşı, gənclərin də fəallıq göstərməsi məmnunluq doğurur. 2016-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə tələbələr arasında “Naxçıvanı tanıdaq” tele-müsabiqəsi keçirilib. Naxçıvanın turizm üzrə tanıtım çarxlarının hazırlanmasında 30-a yaxın tələbə iştirak edib. Tələbələr tərəfindən 6 videoçarx hazırlanaraq Naxçıvan televiziyasına təqdim olunub. Qaliblərə hədiyyələr və pul mükafatları verilib, hazırlanan videomateriallar internet üzərindən paylaşılıb. Bununla yanaşı, ötən ilin oktyabr ayında “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadası, iyun ayında isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvanın turizm imkanları” mövzusunda foto-müsabiqə keçirilmişdir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bir sıra rəsm müsabiqələri keçirmişdir. Belə ki, 2016-cı il yanvarın 19-da gənclər arasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Tariximizin mübarizlik səhifəsi”, fevralın 26-da Xocalı soyqırımı ilə əlaqədar ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin şagirdləri arasında “Qan yaddaşımız Xocalı”, aprelin 6-da Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında, sentyabrın 11-də uşaqlar arasında “İrs” rəsm müsabiqələri keçirilmiş, iyunun 3-də “Naxçıvan” Universitetində “Ətraf mühit və biz” mövzusunda gənclərin rəsm əsərlərindən ibarət sərgi-müsabiqə təşkil edilmişdir.
Vətənə məhəbbət və vətəndaşlıq hisslərinin yüksəldilməsi, eləcə də şagirdlərin bədii qiraət qabiliyyətinin üzə çıxarılması məqsədilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yazıçılar Birliyi və Heydər Əliyev adına Hərbi Lisey tərəfindən şeir müsabiqələri keçirilmişdir. Belə ki, aprelin 18-30-da “Gənclik” Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika, yanvarın 18-də və fevralın 23-də “Şəhidlər unudulmaz, hər zaman anılar” mövzusunda, fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Dilim zəngin xəzinəmdir” mövzusunda V muxtar respublika, 26 fevral – Xocalı soyqırımı ilə əlaqədar “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda VI muxtar respublika, martın 30-da isə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar şeir müsabiqələri keçirilmişdir.
Muxtar respublikada məhdud fiziki imkanlı uşaqların istedadlarının aşkara çıxarılması, yaradıcılıq potensiallarının inkişafı, habelə cəmiyyətə inteqrasiyaları məqsədilə ardıcıl tədbirlər görülür. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti təşkilatlarla birgə müxtəlif yaradıcılıq müsabiqələri təşkil edilmişdir. Belə ki, məhdud fiziki imkanlı uşaqların iştirakı ilə aprelin 2-də “Müstəqilliyimiz əbədidir” mövzusunda şeir müsabiqəsi, mayın 26-da asfalt üzərində rəsm müsabiqəsi, iyunun 14-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə, iyulun 29-da “Yurdumuzu tanıyaq” adlı bilik müsabiqəsi, avqustun 31-də “Naxçıvan tarixi abidələr diyarıdır” mövzusunda rəsm müsabiqəsi, görmə məhdudiyyəti olan şəxslər arasında isə noyabrın 10-da brayl yazı müsabiqəsi, noyabrın 11-də isə şeir müsabiqəsi keçirilmiş, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Naxçıvanın tarixini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını və bugünkü inkişafını məktəblilərin gözü ilə təqdim etmək, yüksək bilik və bacarığa malik gəncləri üzə çıxarmaq məqsədilə aid təşkilatlar tərəfindən müxtəlif mövzularda inşa yazı müsabiqələri də keçirilmişdir. Belə ki, fevralın 24-də Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Torpaq, uğrunda ölən varsa Vətəndir” adlı, fevralın 22-də ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı soyqırımına həsr olunmuş, aprelin 6-dan mayın 6-dək “Naxçıvan müstəqillik illərində” adlı, martın 18-də “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar inşa yazı müsabiqələri keçirilmişdir. Bununla yanaşı, mayın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda III muxtar respublika rəsm və inşa yazı müsabiqəsi, noyabrın 15-də Gənclər Mərkəzində “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda yaradıcılıq müsabiqəsi, 5-6 may tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aid təşkilatlarla birgə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı əllər” festivalı çərçivəsində “Əl işləri”, “Milli yeməklər” və “Şirniyyatlar” müsabiqələri keçirilmişdir.
Ümumilikdə, muxtar respublikada 2016-cı ildə müxtəlif mövzularda 50-dən çox yaradıcılıq müsabiqəsi keçirilmiş, müsabiqələrdə 7 mindən çox gənc iştirak etmişdir. Bütün müsabiqələrdə qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur. 2017-ci ildə də gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların biliklərinin artırılması, layiqli vətəndaş kimi yetişmələri, istedadlı gənclərin üzə çıxarılması məqsədilə yaradıcılıq müsabiqələrinin keçirilməsi davam etdiriləcəkdir.
“Şərq qapısı”