25 Dekabr 2024, Çərşənbə

“2016-cı il muxtar respublikada müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya və poçt xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması ba­xımından xeyli zəngin olub. Belə ki, 2015-ci ilin iyun ayından etibarən qurulmasına başlanan 4-cü nəsil mobil rabitə sistemi üzrə layihənin icrası davam etdirilib, bu müddətdə muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən 98 baza stansiyası, fiber-optik əsaslı arabağlantı şəbəkəsi və mərkəzi idarəetmə sistemi qurulub, “Naxtel”in qeydiyyat və hesabat sistemi üçün əsas və ehtiyat server avadanlıqları, proqram təminatı hazırlanıb, zəruri olan müştəri xidmətləri mərkəzləri, məlumat sorğu və digər xidmətlər yaradılıb, bu rabitə növünün mobil data imkanlarından istifadə olunaraq avtomobillər üçün GPS izləmə sistemi qurulub. İstifadəçilərin bütün məlumatları və xidmətləri əldə edə biləcəyi 3 dildə naxtel.az domen adlı internet saytı hazırlanıb, ötən il oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və bir çox xarici qonaqların iştirakı ilə Naxtel 4G mobil rabitə şəbəkəsi istifadəyə verilib”. Bu fikirlər Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.

2016-cı ildə görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edən rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, nazirlik və “Huawei” şirkəti arasında bağlanan iki müqavilə üzrə 23 yeni nəsil avtomat telefon stansiyası alınıb muxtar respublikaya gətirilib və təyin olunan məntəqələrdə qurulub.
Ümumilikdə, il ərzində yeni istifadəyə verilən avtomat telefon stansiyalarının sayı 28 ədəd olub. Bunlardan 6-sı əvvəllər “Karel” tipli olub və ötən il yeni nəsil avtomat telefon stansiyası ilə əvəz edilib. Hazırda muxtar respublika üzrə telefon istifadəçilərinin 70 faizinə yeni nəsil telefon stansiyaları vasitəsilə xidmət edilir.
Vurğulanıb ki, il ərzində məftilli və mobil olmaqla, 10648 yeni telefon nömrəsi istifadəyə verilib. Bura 2017-ci ilin yanvar ayının 1-dək vətəndaşlar tərəfindən əldə edilmiş 7632 ədəd Naxtel 4G nömrələri də daxildir.
Diqqətə çatdırılıb ki, “Evədək optika” layihəsi üzrə işlər davam etdirilib, fərdi mənzillərlə yanaşı, 10 çoxmənzilli binada yaşayan sakinlər üçün GPON adlanan optik şəbəkə xidmətləri infra­strukturu yaradılıb.
İl ərzində muxtar respublika İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən şəhər və rayon avtomat telefon stansiyalarında 38 ədəd DSLAM avadanlığı qurulmaqla 5181 abunəçiyə genişzolaqlı internet xidməti təqdim edilib.
Muxtar respublikanın təhsil müəssisələrinin informasiya texnologiyaları ilə təmin edilməsi ilə bağlı verilən tapşırığa uyğun olaraq, 19 tam orta məktəb, Naxçıvan Texniki Kolleci və Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseyi kompüter avadanlıqları, optik arabağlantı və sürətli internetlə təmin olunub.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılıb.
Bildirilib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanaraq istismara verilib, 81 təşkilat bu sistemə qoşulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq nazirliyin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində Azərbaycanda ilk dəfə “Gələcəyin İKT sahəsindəki toxumları” adlı pro­qram-layihə həyata keçirilib, layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çin Xalq Respublikasının Şenjen şəhərindəki “Huawei” şirkətinin Yay Təlim Mərkəzində istehsalat təcrübəsi keçib.
Vurğulanıb ki, “Türk Telekom”la bağlanmış müqavilələr əsasında Türkiyə istiqamətindən ikinci fiber-optik kabel xətti çəkilərək alternativ optik kabel magistralına qoşulması təmin edilib, əlavə olaraq “Türk Telekom”dan 4Giqabit/s sürətli sinxron internet trafiki alınaraq muxtar respublikaya daxil olan internet trafikinin həcmi saniyədə 8Gb çatdırılıb. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı, 99 faizində simsiz internet xidmətləri göstərilir.
Bildirilib ki, 2016-cı ildə nöqsanlara da yol verilib. Belə ki, bəzi müəssisələrdə nəzarət mexanizminin düzgün qurulmaması işçilər arasında məsuliyyətsiz hərəkətlərə yol verilməsinə zəmin yaradıb. Məsul şəxslər rəhbərlik etdikləri sahələrdə nizam-intizamın möhkəmləndirilməsinə ciddi yanaşmalı, görülən işlərin keyfiyyətlə və normativə uyğun icra olunmasına diqqəti artırmalıdırlar.
Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışlarda qeyd edilib ki, digər sahələr kimi, muxtar respublikanın rabitə infrastrukturu da hərtərəfli dövlət qayğısı əhatəsindədir. Bu qayğının ifadəsidir ki, Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunur, əhalinin bu texnologiyalardan səmərəli istifadəsinə şərait yaradılır. Rabitə və Yeni Texnologiyalar Nazirliyi, nazirliyin tabeli təşkilatları 2016-cı ildə buraxılan nöqsanları qısa müddətdə aradan qaldırmağa səy göstərəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bütün qüvvələrini səfərbər edəcəkdir.

*  *  *

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Müslüm Cabbarzadə açaraq məruzə ilə çıxış edib. 

Bildirilib ki, son illərdə ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda mülkiyyət münasibətlərinin yeni iqtisadi prinsiplərə uyğun tənzimlənməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilib, maddi-texniki baza gücləndirilib, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırılması və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi sahəsində müvafiq addımlar atılıb. Göstərilən dövlət qayğısının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 2 dəst server, 36 kompüter, 9 müxtəlifölçülü printer, 1 dəst GPS, 3 dəst taxeometr, 4 ədəd lazerli məsafəölçən və 3 yeni avtomobil alınıb.
Qeyd olunub ki, 2016-cı il ərzində muxtar respublikanın Babək, Şərur, Şahbuz, Kəngərli və Culfa rayonlarında yerli icra orqanlarının nümayəndələri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə görüşlər keçirilib, maarifləndirmə işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirələrdə verilmiş tapşırıqların icrası məqsədilə görülən işlər ötən il ərzində davam etdirilib. Komitə və onun yerli idarələri tərəfindən 114 əmlak real bazar dəyərinə uyğun olaraq qiymətləndirilib, həmin əmlaklara dair hesabat və rəylər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Sahibkarlara göstərilən bütün növ xidmətlərə görə müəyyən edilmiş rüsum və xidmət haqlarının yalnız banklar vasitəsilə ödənilməsi təmin edilib. İl ərzində sahibkarlara məxsus 353 əmlak üzrə məhdudiyyət və yüklülüyün qeydiyyatı aparılıb. Kənd təsərrüfatına yararlı torpaqların kateqoriyalar üzrə səmərəli istifadəsi istiqamətində tapşırıqların icrası ilə əlaqədar Sədərək, Şərur, Kəngərli, Culfa, Ordubad, Babək rayonlarının və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar müəyyən edilib, xəritələşdirilib, həmin ərazilərdə meliorasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə hazır­lanmış materiallar aidiyyəti orqanlara göndərilib.
Vurğulanıb ki, ötən il ərzində vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması istiqamətində işlər davam etdirilib, 5845 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, 353 girov qeydi aparılıb, əmlakın yüklü­lüyünə dair 3655 arayış verilib. Hüquqların dövlət qeydiyyatına alınması üçün komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən 357 müraciət daxil olub və icra edilib.
Ötən il vətəndaşlara səyyari xidmətin göstərilməsinin davam etdirildiyini deyən komitə sədri bildirib ki, səyyari qaydada göstərilən xidmətlərin sayı artırılaraq 5-ə çatdırılıb. Hesabat ili ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 850 daşınmaz əmlak obyektinə ünvan verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

“Ötən il su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 232,4 mln. m3 həcmində suvarma suyu verilib və bunun müqabilində təkrar suvarma nəzərə alınmaqla, 193 min 317 hektar ərazi suvarılıb. Torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün 52,7 kilometr yeni suvarma boru xətti çəkilib, 26,8 kilometr suvarma boru xətti əsaslı təmir olunub. Şərur rayonunun Ələkli kəndində mənbəyini Arpaçay sol sahil kanalından götürən, uzunluğu 3000 metr olan yeni suvarma boru xəttinin tikintisi başa çatdırılıb, Xanlıqlar kəndində 150 hektar, Vərməziyarda 222 hektar, Ələklidə 217 hektar olmaqla, 589 hektar ərazinin suvarma suyu ilə təmin olunması yaxşılaşdırılıb. Babək rayonunun Kültəpə kəndinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunmasını yaxşılaşdırmaq üçün mənbəyini Vayxır sol sahil kanalından götürən, ümumi uzunluğu 3060 metr olan yeni suvarma boru xəttinin tikintisi nəticəsində 50 hektar ərazi əkin dövriyyəsinə daxil edilib, 565 hektar torpaq sahəsi suvarma suyu ilə tam təmin olunub. Sahələrə suvarma suyunun paylanması üçün 1272 metr uzunluğunda yeni beton kanal tikilib, 7922 metr məsafədə təsərrüfatlararası arx çəkilib, kanal üzərində 16 ədəd suburaxıcı qapı quraşdırılıb”. Bu sözləri Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Əsgər Əsgərov deyib.
Vurğulanıb ki, bu qəbildən olan tədbirlər bütün bölgələrdə həyata keçirilib. Muxtar respublikada içməli su sahəsində görülən işlərin nəticəsində 369 ailə fasiləsiz içməli su ilə təmin edilib, 20500 nəfər sakinə xidmət edən içməli su xətlərində təmir-bərpa işləri yerinə yetirilib.
Komitə sədri qeyd edib ki, suvarma və içməli su təminatında qədim hidrotexniki qurğu olan kəhrizlərdən geniş istifadə edilir, onların təmir-bərpası daim diqqət mərkəzində saxlanılır. Bu gün şəhər və rayonlarda 332 kəhrizdən istifadə olunur. Kəhrizlər İdarəsi tərəfindən ötən il ərzində 15 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə bu işlər davam etdirilir. Ötən il komitənin balansında olan, muxtar respublikada ikinci suvarma mənbəyi kimi istifadə edilən 103 nasos stansiyasının 101-i, 891 ədəd subartezian quyusunun 824-ü istismar olunub. İl ərzində nasos stansiyalarında, onların təzyiqli boru xətlərində təmir işləri aparılıb, 17 kilometr məsafəni əhətə edən təzyiqli boru xətti təmir edilib, rayonlarda 761 ədəd subartezian quyusu əsaslı təmir olunub. Tabe təşkilatlar tərəfindən 760 metr yeni təzyiqli boru xətti çəkilib, 89 ədəd subartezian quyusuna yeni nasos quraşdırılıb, 3 ədəd subartezian quyusu bərpa edilib. Araz çayı ətrafındakı torpaqların yuyulmasının qarşısını almaq məqsədilə 3048 metr məsafədə sahilbərkitmə işi görülüb.
Görülmüş işlərlə yanaşı, işdə buraxılan nöqsanlardan və qarşıda duran vəzifələrdən də danışan Əsgər Əsgərov cari ildə kollektivin bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.
Sonra çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyində də ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Tədbiri agentliyin baş direktoru Yasin Səfərov açaraq bildirib ki, 2016-cı il ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 486 milyon 393 min 600 kilovat-saat elektrik enerjisi daxil olub. Bunun 48 milyon 477 min kilovat-saatı İran İslam Respublikasından alınıb, 79 milyon 614 min kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 10 milyon 484 min 500 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında, 52 milyon 265 min 100 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 60 milyon 250 min kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 1 milyon 707 min kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 304 000 kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 203 milyon 635 min kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 29 milyon 657 min kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. İl ərzində İran İslam Respublikasına 49 milyon 520 min kilovat-saat elektrik enerjisi verilib. Hazırda İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi aparılır.
Qeyd olunub ki, muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi davam etdirilir. Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat güclü Ordubad Su Elektrik Stansiyasında tikinti işləri həyata keçirilir. Culfa rayonu ərazisində isə gələcəkdə külək elektrik stansiyası tikilməsinin texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb, 3 aydan artıq müddətdir ki, ölçmə işləri aparılır.
Diqqətə çatdırılıb ki, 2016-cı il ərzində muxtar respublikanın şəhər və kəndlərində 1 ədəd 35/6 kilovoltluq, 35 ədəd 10/0,4 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılıb, 56,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 4 kilometr uzunluqda hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilib. İl ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 110 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb.
Vurğulanıb ki, Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Ötən il ərzində 6300 ədəd belə sayğac quraşdırılıb. Eyni zamanda 2016-cı il ərzində 6,9 faiz (33561,1 min kilovat-saat) texniki itki nəzərə alınmaqla işlədicilərə dəyəri 26 468,44 min manat təşkil edən 403 312 min kilovat-saat elektrik enerjisi verilib. Elektrik enerjisi satışından 26 468,6 min manat vəsait toplanıb, enerjinin dəyərinin ödənilməsi 100,0 faiz olub.
Sonra məruzə ətrafında çıxışlar olub, işdə buraxılan nöqsanlardan və qarşıda duran vəzifələrdən danışılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR