Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olan hüquqi maarifləndirmə və hüquqi təbliğat sahəsində həyata keçirilən tədbirlər davam etdirilib, muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 14, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 11, icra xidməti ilə əlaqədar 4 tədbir keçirilib.
Qeyd olunub ki, “Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq reyestrə hesabat dövrü ərzində 143 hüquqi akt daxil edilib. Daxil edilən hüquqi aktların 77-si normativ hüquqi akt, 66-sı qeyri normativ hüquqi aktdır.
Nazirlik üzrə müəyyən edilmiş 18 adda informativ və interaktiv elektron xidmət növünün aktiv olduğunu bildirən Suliddin Əliyev deyib ki, istifadəçilər elektron xidmət bölməsinə daxil olmaqla göstərilən xidmətin adı, bu xidmət üçün tələb olunan sənədlərin dəqiq siyahısı, sənədlərin elektron forması ilə tanış ola, zəruri informasiya əldə edə bilərlər.
Muxtar respublikada bələdiyyə institutunun inkişafına xüsusi qayğı ilə yanaşılır, onlara müasir iş şəraiti yaradılır. Nazirlik tərəfindən ötən il bələdiyyələrdə qanunvericiliyə əməl edilməsi məqsədilə zəruri metodik köməklik və maarifləndirmə tədbirləri həyata keçirilib. Ötən ilin yanvar ayında rayon (şəhər) icra hakimiyyətlərinin əməkdaşlarının və müvafiq bələdiyyələrin iştirakı ilə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində “Bələdiyyə torpaqlarının idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirələr təşkil olunub.
“Penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquqlarının təmin olunması, saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, onların peşə vərdişlərinə yiyələnməsi, məşğulluğunun təmin edilməsi məqsədilə 2016-cı il fevralın 24-də Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni istehsalat və yaradıcılıq binasının açılışı olub”, – deyən nazir bildirib ki, iki mərtəbədən ibarət olan binada istehsalat və tədris otaqları, yeməkxana və nəzarətçi otağı yaradılıb. Burada istehsalat prosesi ilə yanaşı, kompüter istifadəçisi, nəqqaşlıq, misgərlik, daş və duz üzərində oyma, dərzi, rəssam, ayaqqabı təmirçisi və bərbər peşələri üzrə otaqlar təyinatına uyğun avadanlıqlarla təmin olunub, 8 kompüter dəsti quraşdırılıb, 29 məhkumun eyni vaxtda müxtəlif peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılıb. Muxtar respublikada keçirilən sərgilərdə məhkumlar tərəfindən düzəldilən əl işlərinin sərgilənməsi və satışı həyata keçirilib.
Hesabat dövründə Məhkəmə Ekspertizası Mərkəzinin icraatına 172 ekspertiza işi daxil olub ki, bu da 2015-ci illə müqayisədə 27 iş çoxdur. İcra olunmuş ekspertizalar üzrə, ümumilikdə, 143 rəy, 20 ekspert arayışı tərtib edilib, 457 suala tam cavab verilib.
Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışlarda ayrı-ayrı şöbələrin ötənilki fəaliyyəti haqda məlumat verilib.
İclasda nazirliyin 2017-ci ilə dair iş planı və kollegiya qərarı təsdiq edilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev yekun vurub.
Xəbərlər şöbəsi