25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açaraq məruzə edib.

Bildirilib ki, ötən il muxtar respublikada vətəndaşların və dövlətin qanuni mənafelərinin qorunması sahəsində həyata keçirilən tədbirlər davam etdirilib, kriminogen duruma tam nəzarət olunub, ictimai qaydanın qorunması və asayişin təmin edilməsi istiqamətində əsaslı işlər görülüb.
Hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə 29 cinayət faktı qeydə alınıb. 29 cinayət faktına görə 25 cinayət işi başlanıb.
Vurğulanıb ki, cinayətlərin ümumi sayının artmasına baxmayaraq, oğurluq cinayətləri 50 faiz, korrupsiya ilə bağlı cinayətlər 100 faiz, vəzifə səlahiyyətlərini aşma ilə bağlı cinayətlər 100 faiz, ümumiyyətlə, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər 100 faiz azalıb. Təqsirləndirilən şəxslərin axtarışı istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan və məhkəmədən yayınan 5 nəfərdən 4-nün yeri müəyyənləşdirilərək tutulub, axtarış işinin göstəriciləri 80 faiz təşkil edib. Bu dövrdə əməkdaşların icraatında 21 cinayət işi olub. Onlardan 14-ü ittiham aktı ilə məhkəməyə göndərilib, 2 cinayət işinin icraatına xitam verilib, 5 cinayət işinin istintaqı isə haliyədə davam etdirilir. Məhkəmə və prokurorluq orqanları tərəfindən əlavə istintaqa qaytarılan cinayət işləri olmayıb, dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təşkil edib. Avtomobillərin texniki vəziyyətinə xüsusi fikir verilərək xeyli sayda nasaz avtomaşının istismarına qadağa qoyulub, aşkar olunan 23 min 820 yol hərəkəti əleyhinə olan inzibati xəta üzrə qanunauyğun tədbirlər görülüb. Əhalidən qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl davam etdirilərək vətəndaşlar tərəfindən 115 ədəd odlu silah, xeyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilib.

Əhməd Əhmədov deyib ki, daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasına yekun vuran daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov əmin olduğunu bildirib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin, qarşıya qoyulan tələblərin, verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, cari ili yüksək göstəricilərlə başa vuracaqdır.

*  *  *

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2016-cı ilin yekunlarına həsr olunmuş yığıncaqda Ombudsman Ülkər Bayramova məruzə edib.

Bildirilib ki, 2016-cı ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alın-ması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi istiqamətində davam etdirib.
Ötən il hərbi qulluqçuların, məhkumların və əhalinin digər sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində saxlanılıb, Əlahiddə Ümumqoşun Ordusu, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Ədliyyə Nazirliyi və Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu digər orqanlar ilə birgə hazırlanmış tədbirlər planına əsasən, hüquqi maarifləndirici tədbirlər həyata keçirilib, o cümlədən aid müəssisələrə hüquqi vəsaitlər təqdim olunub.
“Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada tətbiqi vəziyyətinin öyrənilməsi, habelə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi məqsədilə aid qurumların iştirakı ilə müvafiq konfranslar keçirilib, proqramın icrası təmin edilib.
Bildirilib ki, 2016-cı il ərzində Müvəkkil təsisatı tərəfindən, ümumilikdə, müxtəlif sosial qruplara ünvanlanmış 77 tədbir keçirilib.
“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanuna edilən 22 iyul 2016-cı il tarixli dəyişikliklərə əsasən, preventiv mexanizm funksiyalarının qanunsuz miqrantların saxlanılması mərkəzinə də şamil edilməsinin təsisatın fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinin daha səmərəli təşkilinə xidmət etdiyini diqqətə çatdıran Ombudsman bildirib ki, 2016-cı ildə Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 102 başçəkmə həyata keçirilib.
Qeyd olunub ki, ötən ildə də informasiya və ictimaiyyətlə əlaqələrin təşkili istiqamətində işlər davam etdirilib. Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının daha da zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən müvəkkil və təsisatın fəaliyyətinin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.
Ötən il ərzində beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib, müvəkkil aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Sonra məruzə ətrafında müzakirələr olub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya iclasında ötən ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Tədbirdə muxtar respublikanın təhsil naziri Məmməd Qəribov məruzə edərək ötən il və bu ilin əvvəlində istifadəyə verilən təhsil obyektləri haqqında danışıb, bu obyektlərin ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmasını dövlətimizin bu sahəyə qayğısı kimi dəyərləndirib.
Muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili istiqamətində görülən işlərdən də danışan nazir qeyd edib ki, muzeylərlə 200-dən çox məktəbin virtual əlaqəsi yaradılıb, interaktiv açıq dərslər keçilib. Nazirlik tərəfindən ümumtəhsil məktəblərində müəllimlərin informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması məqsədilə müxtəlif ali təhsil ocaqlarında keçirilən kurslarda 510 müəllimin iştirakı təmin edilib. Bu ilin avqust-sentyabr aylarında 202 min 468 nüsxə, eyni zamanda məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların pulsuz dərsliklərlə təminatı məqsədilə 11 min 754 ədəd dərslik ümumtəhsil məktəblərinə verilib. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət və “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutu və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən 2016-cı il ərzində ümumtəhsil məktəblərində 1486 saat nümunəvi dərs tədris olunub.
Ötən ilin iyun ayında müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyətinin stimullaşdırılması və əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə attestasiya keçirilib. Muxtar respublikanın ayrı-ayrı rayonlarından müraciət etmiş 1142 müəllimdən 38 nəfəri iştirak etməyib, 58 müəllim isə müəyyən olunmuş bal həddini aşa bilməyib. 2016-cı ilin sen­­t­yabr ayında keçirilən təhsil yarmarkasında 341 gənc kadr göndəriş alaraq müəllim kimi fəaliyyətə başlayıb.
2015-2016-cı tədris ilində ümumi orta təhsil bazası üzrə məktəbi bitirən 148 nəfər fərqlənmə şəhadətnaməsinə, tam orta təhsil bazası üzrə isə məzunlardan 14-ü qızıl, 13-ü isə gümüş medallara layiq görülüb. Qəbul imtahanlarında məzunlardan 12-si 600-650, 15-i isə 650-700 arası bal toplayıblar. 2016-cı ildə XI sinfi bitirən 3138 məzundan 2469-u, yəni məzunların 78,7 faizi ali və orta ixtisas məktəblərinə sənəd verib. Ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1538-i, yəni sənəd verənlərin 60,3 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunanların 338-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb. Yüksək bal toplayanlardan 4-ü Prezident təqaüdünə layiq görülüb.
Əldə olunan nailiyyətlərlə yanaşı, işdə buraxılan nöqsanlara da toxunan nazir bu nöqsanların 2017-ci ildə aradan qaldırılacağına əminliyini ifadə edib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR