Bizim əksəriyyətimiz ötən əsrin 90-cı illərinin əvvəllərindən Naxçıvanda başlanan misilsiz quruculuq işlərinin şahidləriyik. Bəli, əksəriyyətimiz qısa zamanda bu diyarın necə inkişaf etdiyini görmüşük. Bu inkişafı daş üstə daş qoyan, qurub-yaradan, xalqın dar günündə onun yanında olan, qurub-yaratdıqlarının sabahını düşünən şəxsiyyətlər təmin edə bilərlər.
Dünyada heç bir hadisə təsadüfən baş vermir. Hər hadisənin kökündə zamanın və dövrün tələbi var. Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda baş verən məlum hadisələr də özü ilə bərabər yeni tələblər, ehtiyaclar gətirdi. Bu tələb və ehtiyaclardan ən mühümü isə müdrik rəhbər, xalqa yanan insan tələbi idi. Bu, zamanın elə bir ehtiyacı idi ki, muxtar respublika əhalisinin gələcək taleyi bütövlükdə bundan asılı idi.
Ulu öndərimizin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə muxtar respublikamızı gözləyən işğal təhlükəsi aradan qaldırıldı, blokada vəziyyətində yaşayan və böyük çətinliklərlə üzləşən muxtar respublika əhalisində sabahkı günə böyük inam yarandı. Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndərimiz yenidən siyasi hakimiyyətə qayıdandan sonra strateji əhəmiyyətli Naxçıvan Muxtar Respublikası etibarlı əllərə əmanət edilməli idi. 1960-cı il yanvarın 14-də sadə bir zəhmətkeş ailəsində dünyaya göz açan, Heydər Əliyev məktəbində püxtələşərək böyük dövlətçilik yolu keçən Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının rəhbəri seçilməsi ilə muxtar respublikanın tarixində yeni mərhələnin təməli qoyuldu. Heydər Əliyev yoluna sədaqət, vətən sevgisi, Naxçıvanın taleyinə və gələcəyinə cavabdehlik hissi yeni mərhələdə muxtar respublikanın bütün istiqamətlər üzrə sürətli inkişafını təmin etdi.
... Siyasi fəaliyyətdə uğur qazanmaq üçün ictimai inam və etibar başlıca şərtdir. Yalnız öz fəaliyyətini xalqa layiqli xidmət üzərində quran və bunu əməli işi ilə sübuta yetirən şəxslər yüksək etimada layiqdirlər. Elə bu səbəbdən də ictimai rəyə əsaslanan, insanların maraq və mənafeyinə xidmət edən siyasi fəaliyyət hər zaman dəstəklənir, təqdir olunur. Böyük fransız maarifçisi Volter vaxtilə yazırdı ki, “İş ideya üçün yaranmır, ideya iş üçün yaranır”. Bu illərdə muxtar respublikanın keçdiyi hərtərəfli inkişaf yolu da məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrilmişdir. Bu gün Naxçıvanda hansı sahəyə baxsan, orada kompleks islahatların aparıldığının şahidi olarsan. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilmişdir ki, bu uğurların blokada şəraitində qazanılması inanılmaz gerçəklikdir. Naxçıvanın kompleks inkişafa qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.
Muxtar respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi mühitdə təsdiqidir. 1996-cı ildən ötən dövrdə bütün makroiqtisadi göstəricilərin artım tempi təmin edilmişdir. Bir sıra əsas göstəricilər baxımından son illərdə yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən keçən 70 ildən artıq bir dövrdə əldə olunanları xeyli üstələyir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, cəmiyyətin inkişafının əsas şərtlərindən biri elm və təhsildir. Müasir dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasında, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasında bu, vacib məsələdir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasındakı elm və təhsil quruculuğu yeniləşmənin əsas hərəkətverici qüvvəsi rolunu oynayır.
Təhsil infrastrukturunun möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi dünya təhsil sisteminə inteqrasiya istiqamətində atılan mühüm addımlardır. Muxtar respublikada müasir informasiya texnologiyaları ilə təmin olunmuş yüzlərlə məktəb binası istifadəyə verilmiş, orta ixtisas və ali təhsil məktəbləri üçün tədris korpusları tikilmişdir. Havuş, Bist, Nəsirvaz, Kükü, Şahbulaq, Teyvaz kimi ucqar dağ kəndlərinin məktəblərində şagirdlərin kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və internetdən istifadə etməsini təkcə təhsilin inkişafı sahəsində görülən cari işlər kimi səciyyələndirmək mümkün deyil.
Bu gün muxtar respublikada rayonların tarazlı inkişafı təmin edilmiş, kəndlə şəhər arasındakı fərq aradan qaldırılmışdır. Şəhər və rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində istifadəyə verilən yeni sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri, açılan iş yerləri, ilk növbədə, əhalinin sosial problemlərinin həllinə və nəticə etibarilə insanların məskunlaşmasına, bölgələrin inkişafına səbəb olmuşdur. Zəngin tarixi və mədəniyyəti, gözəl təbiəti ilə seçilən qədim Naxçıvan artıq yüksək yaşayış səviyyəsi, abad yaşayış məntəqələri ilə Azərbaycanın nümunəvi muxtar respublikasına çevrilmişdir.
İntibaha qovuşan müasir Naxçıvanın inkişafında əsas xarakterik cəhətlərdən biri də ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada bu iki amil həyata keçirilən islahatların prioritet istiqamətini təşkil edir. Əgər 90-cı illərin əvvəllərində mağazalarda ən adi bir ərzaq məhsulu tapmaq müşkülə çevrilmişdisə, indi, demək olar ki, muxtar respublikada bütün ərzaq növlərinə olan tələbat yerli istehsal hesabına ödənilir, torpaqlarımız əkilir, yeni suvarma sistemləri yaradılır. Bu gün muxtar respublikamızın hər bir bölgəsini sarı kəhrəba zəmiləri, bağlar, bağçalar bəzəyir. Bütün bunlar çəkilən böyük zəhmətin bəhrəsidir.
Əvvəllər işıqsız, mavi yanacaqsız, susuz qalan yaşayış məntəqələri indi fasiləsiz olaraq elektrik enerjisi ilə, mavi yanacaqla, içməli su ilə təmin olunub. İndi ucqar dağ kəndinin infrastruktur təminatı baxımından paytaxt Naxçıvan şəhərindən heç də geridə qalmaması dövlətimizin hər bir yaşayış məntəqəsinə eyni cavabdehlik hissi və məsuliyyətlə yanaşmasından xəbər verir.
On-on beş il bundan əvvəl kiçik bir müayinə üçün qonşu ölkələrə üz tutan muxtar respublika sakinləri üçün ən müasir şəfa ocaqları istifadəyə verilmiş, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilmişdir. Görülən işlər bir daha sübut edir ki, dövlətimizin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası muxtar respublikada səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. Müasir diaqnostika-müalicə və doğum mərkəzlərində, rayon mərkəzi xəstəxanalarında, dispanserlər, sahə xəstəxanaları, həkim ambulatoriyaları və feldşer-mama məntəqələrində insanların müayinə və müalicəsi günün tələbləri səviyyəsində təşkil olunmuşdur.
Muxtar respublikada həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən, ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır. Buna yüzlərlə misal gətirmək olar. Elə götürək son illər şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərini. Muxtar respublikanın mövcud təbii potensialından istifadə edilməklə yüksək mühəndis-texnoloji yeniliklər əsasında aparılan bu işlər ən müasir infra-strukturun qurulmasına və insanların kommunal-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanıb.
Müasir dövrdə inkişafın başlıca şərtlərindən biri olan informasiya-kommunikasiya texnologiyalarının təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə geniş tətbiqi, elektron kitabxanaların yaradılması, əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün yeni nəsil ATS-lərin quraşdırılması, hətta ucqar dağ kəndlərinin fiber-optik bağlantılarla təmin olunması və genişzolaqlı internet xidmətinin göstərilməsi inkişafın tərkib hissələridir.
Bir zamanlar düşmən qarşısında müdafiəsiz, silahsız qalan Naxçıvan Muxtar Respublikasını indi ən müasir silahlarla təchiz edilmiş Əlahiddə Ümumqoşun Ordusu qoruyur. Bu ordu istənilən an düşmən mövqelərinə sarsıdıcı zərbələr vurmaq iqtidarındadır. Düşmən ölkənin rəsmilərinin tez-tez öz çıxışlarında Naxçıvan faktorundan, Naxçıvanın hərbi potensialının onlar üçün böyük təhlükə yaratdığından söz açması hərbi sahədə muxtar respublikanın keçdiyi inkişaf yolundan xəbər verir. Naxçıvan əhalisində bu sahədə yaranan əminlik sərhədyanı yaşayış məntəqələrinin insanlarını heç bir qorxu olmadan yaşamağa və işləməyə ruhlandırır. Artıq düşmən yaxşı bilir ki, atdığı hər hansı bir təcavüzkar addım onların özləri üçün ciddi itkilərə səbəb olacaqdır.
Hər bir xalqın tarixi keçmişinin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyır. Buna görə də tarixi və mədəni irsi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bu mənada, babalarımızın əziz yadigarlarını bərpa etmək keçmişi qorumaq, dünənin ən yaxşı ənənələrini sabaha çatdırmaq deməkdir. Bu gün muxtar respublikanın hər qarışında bərpa olunmuş tarix incilərini – qalaları, türbə və məqbərələri, dini-mədəni obyektləri görmək mümkündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.
Düşüncələrdə dəyişən Naxçıvan, həm də insanların düşüncəsini dəyişir. Bu gün muxtar respublikada əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, insanların torpağa bağlılığı, yurd sevgisi artır. Yaşayış məntəqələri müasirləşir, əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Naxçıvan şəhəri zirvə görüşlərinə, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Artıq bu gün muxtar respublika sakinlərini nə ərzaq çatışmazlığı, nə də enerji qıtlığı düşündürür. İndi hər bir naxçıvanlı daha da yaxşı işləmək, ölkəmizə daha da faydalı olmaq barədə fikirləşir.
Naxçıvanda görülən işlər ölkə Prezidenti tərəfindən də hər zaman yüksək qiymətləndirilmişdir. Yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı da muxtar respublika əhalisi ölkə rəhbərinin bu qədim diyara nə qədər önəm verdiyinin bir daha şahidi oldu. Naxçıvan şəhər 3 nömrəli tam orta məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə dövlət başçısı tərəfindən səsləndirilən fikirlər hər bir Naxçıvan sakini tərəfindən minnətdarlıqla qarşılanmışdır: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Bu, mənim Prezident kimi muxtar respublikaya sayca 13-cü səfərimdir. On üç il ərzində on üçüncü dəfədir ki, Naxçıvandayam. Bu rəqəm özlüyündə bir göstəricidir, onu göstərir ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, respublikanın problemlərinin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm və Naxçıvana həmişə çox böyük diqqət verilir, böyük qayğı göstərilir. Çox şadam ki, respublikanın uğurlu inkişafı təmin edilir. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır”.
Bu gün hər bir naxçıvanlının ümumi fikri belədir ki: biz Vətən sevgisi üzərində ucaldılan, arzuların çin olduğu, inkişaf və tərəqqinin davamlı xarakter daşıdığı, təhlükəsizliyin tam təmin edildiyi, ləyaqətli, vətənpərvər gəncliyin yetişdirildiyi, iradənin bütün çətinliklərə qalib gəldiyi bir diyarda – muxtar dövlətdə yaşayırıq.
Müdriklik ali məqsədi cari məqsədlərdən fərqləndirmək qabiliyyətidir. Xarizmatik şəxsiyyətlər siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edir, gələcəyə hesablanmış ideoloji-siyasi və iqtisadi əsaslara söykənən güclü idarəetmə modeli yaradırlar. Artıq belə bir model göz qabağındadır – bu, inkişafın Naxçıvan modelidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Bizi qarşıda mühüm vəzifələr gözləyir. İqtisadi inkişafın nəticələrinin əhalinin güzəranının yaxşılaşmasına yönəldilməsini təmin etməli, “hakimiyyət xalq üçündür” – tezisini bir an da olsun, yaddan çıxartmamalıyıq. Bu gün vəzifə ümummilli liderimizin arzularını həyata keçirməkdən, onun görmək istədiyi kimi, muxtar respublikamızı qurub-yaratmaqdan, onun istəyinə uyğun olaraq ikiqat məsuliyyətlə işləməkdən ibarətdir. Bu, bütün dövlət qulluqçuları, nazirlik, komitə rəhbərləri və yerli icra hakimiyyəti başçıları üçün əsas tələbdir. Qarşıdakı dövrlərdə ətalət, passivlik göstərməyə, pis işləməyə bizim, sadəcə olaraq haqqımız yoxdur. Çünki söhbət ümumi evimiz olan Azərbaycanı möhkəmləndirməklə onun müstəqilliyini qorumaqdan gedir. Söhbət ümummilli liderimizin müəyyənləşdirdiyi yolla getməklə bu dahi şəxsiyyətin planlarının, arzularının yerinə yetirilməsindən gedir”.
“Şərq qapısı”