Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib. İclasda 2016-cı ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunub.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, 2016-cı ildə muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı məruzə edib.
Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə danışan Ali Məhkəmənin sədri bildirib ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər görülüb. Hakimlərin peşə bacarıqlarının artırılması, onlar tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı olaraq Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, onların hüquqi biliklərinin daha da möhkəmləndirilməsi istiqamətində, eləcə də milli qanunvericiliyə edilən əlavələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali arasında hüquqi təbliğat və izahat işlərinin aparılması sahəsində bir sıra tədbirlər həyata keçirilib.
Ali Məhkəmənin sədri qeyd edib ki, qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi, məhkəmə orqanlarının yeni informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması məhkəmə sisteminin daha da müasirləşdirilməsinə səbəb olmaqla yanaşı, ədalət mühakiməsinin tam, obyektiv və qərəzsiz aparılmasına, məhkəmə nöqsanlarının və işlərə baxılmasında gecikdirilmə hallarının aradan qaldırılmasına, məhkəmə qərarlarının vaxtında icra olunmasına, məhkəmə müdafiəsi hüququnun təmin olunmasına şərait yaradıb.
Ali Məhkəmənin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlərlə bağlı məlumat verərək məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazasının təkmilləşdirilməsindən, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatları ilə zənginləşdirilməsindən bəhs edib, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldiyini bildirib.
Sonra muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələrinin, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2016-cı ildə gördükləri işlərə dair məlumatları dinlənilib.
İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vuraraq bildirib ki, Ali Məhkəmə öz fəaliyyətini bundan sonra da qanunvericiliyin tələbləri səviyyəsində təşkil edərək ədalət mühakiməsini obyektiv, tam və qərəzsiz şəkildə həyata keçirəcək, vətəndaşların hüquqi maarifləndirilməsi işinin daha da gücləndirilməsi və əhalinin hüquq xidmətlərinə olan tələbatının ödənilməsi üçün səylərini davam etdirəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidməti
* * *
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasında vergilər naziri, üçüncü dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudovun 2016-cı ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında qarşıya qoyulan vəzifələr haqqında məruzəsi dinlənilib.
Qeyd olunub ki, 2016-cı ildə muxtar respublikada əldə olunmuş uğurlu nəticələr özünü vergi sahəsindən daxilolmalarda da göstərib. Belə ki, bəhs olunan dövrdə nazirlik üzrə müəyyən olunmuş proqnoz 106,1 faiz icra edilib. Bu da 2015-ci illə müqayisədə 484 min manat və ya 0,8 faiz çoxdur.
Muxtar respublikamızda kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Buna görədir ki, özəl sektordan vergi daxilolmaları 2015-ci illə müqayisədə 7,6 faiz artıb.
Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 24 min 735 bəyannamə təqdim edilib. Təqdim olunan bəyannamələr uyğunsuzluq yoxlamasından keçirilərək 184 vergi ödəyicisinə kameral qaydada 58 min 615 manat əlavə hesablama aparılaraq ödənilməsi təmin olunub.
Nazir bildirib ki, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın həyata keçirilməsi üçün qəbul edilmiş tədbirlər planında verilən tapşırıqların icrası istiqamətində Mərkəzi Bankla birlikdə tədbirlər davam etdirilib. Görülmüş tədbirlər nəticəsində muxtar respublika ərazisində fəaliyyət göstərən banklarda 55 min 780 bank hesabı açılıb. Həmin bank hesablarından 46 min 163-ü, hesabat dövründə açılan 15 min 346 hesabdan 15 min 343-ü aktiv olub. 2016-cı ildə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız hesablaşmaların həcmi 27 milyon 701 min manat olub, POS-terminalların sayı 1202-yə çatdırılıb.
“Lakin bunlara baxmayaraq, nazirliyin və yerli vergi orqanlarının operativ nəzarət strukturları ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından və POS-terminallardan istifadəyə nəzarəti daha da artırmalıdırlar”, – deyən Əli Mahmudov bildirib ki, bu sahədə olan nöqsanların minimuma endirilməsi təmin olunmalıdır.
Nazir sahibkarlıq subyektləri tərəfindən vergilərin vaxtında ödənilməsi, yeni əmək müqavilələrinin bağlanmaması, əməkhaqqının reallığı əks etdirməməsi faktlarının aşkar olunması və həmin nöqsanların aradan qaldırılmasının təmin olunmasından da bəhs edib.
Məruzə ətrafında vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Nurlan Əliyevin, Naxçıvan Şəhər Vergilər İdarəsinin, Ordubad və Şərur Rayon Vergilər şöbələrinin rəisləri Azər Nağıyevin, Məhəmməd İbadovun, Rəfail Əliyevin çıxışları olub.
* * *
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında komitənin sədri Ramilə Seyidova hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunması, sağlam həyat tərzi, qadınların hüquqi biliklərinin artırılması, yeni nəslin sağlam doğulması və böyüməsi, erkən və qanqohumluğu nikahlarının fəsadları, ailə dəyərlərinin təbliği, sosial şəbəkələrdən qeyri-düzgün istifadənin ailə münasibətlərinə mənfi təsirinin əhalinin lazımi yaş qruplarına çatdırılması məqsədilə rayon və kənd mərkəzlərində, ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər keçirilib.
Bəhs olunan dövrdə xüsusi qayğıya ehtiyacı olan 16 tənha ahıl qadına, aztəminatlı ailələrə baş çəkilib, onların problemlərinin aradan qaldırılması ilə bağlı işlər görülüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 1100 nəfər sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan qadınla əlaqə saxlanılıb, 38 qadın müvafiq peşə kurslarına cəlb olunub.
Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq 2005 sağlamlıq imkanları məhdud uşaqdan 1285-nin valideynləri ilə əlaqə saxlanılıb, uşaqların potensialına uyğun olaraq 109 uşaq müvafiq təhsil müəssisələrinə göndərilib.
Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 3 dəfə kurs, ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı ibtidai sinif müəllimləri, məktəb psixoloqları və distant təhsil üzrə pedaqoji kadrlar üçün 8 dəfə seminar keçirilib, 211 dəfə məktəbəqədər, məktəb, məktəbdənkənar müəssisələrdə monitorinqlər aparılıb.
Qeyd olunub ki, muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Komitə tərəfindən xüsusi qayğıya ehtiyacı olan 80 uşağa məktəbli paltarı, dərs ləvazimatları və qış geyimləri verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq komitə tərəfindən 15 uşaq müəssisəsində monitorinqlər keçirilib.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil olunub, məlumat bankına 4645 uşaq haqqında fərdi məlumatlar daxil edilib.
İclasda komitənin sədr müavini Aytən Məmmədova, şöbə müdirləri Sahir Rüstəmov və Rəşad Kərimov çıxış ediblər.
* * *
“Naxçıvanqaz” İstehsalat Birliyində də ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. İclasda “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov məruzə edib.
Qeyd olunub ki, muxtar respublika üzrə 1 yanvar 2017-ci il tarixə təbii qaz istehlakçılarının ümumi sayı 87 min 202, o cümlədən 85 min 61 əhali abonenti və 2141 qeyri-əhali abonenti olub. Ötən il 1647 abonent, o cümlədən 1511 əhali abonenti və 136 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən, ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalardan istifadə etmək məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması davam etdirilib, ötən il, ümumilikdə, 5731 qaz sayğacı və sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular quraşdırılıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçirilir.
Vurğulanıb ki, qəza hallarının aradan qaldırılmasında operativliyin təmin edilməsi, yeni qaz xətləri çəkilərkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqətin artırılması, yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə edilməsi, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi, sabit ehtiyatın yaradılması və işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması diqqət mərkəzində saxlanılıb.
Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılıb. Təbii qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan qaztəmizləyici separator və süzgəclərə, texnologiyaya uyğun qurulmuş bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərinə, qaz sərfinin hesablanması üçün qaz sərfini ölçən cihazlara, elektrokimyəvi mühafizə qurğularına və bütün texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib, sıradan çıxmış detal və hissələr yenisi ilə əvəz olunub.
Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması davam etdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində yeni açılan Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursuna rayon, şəhər Qaz İstismarı idarələrinin bir qrup işçisi cəlb olunub və kursu bitirən müdavimlərə sertifikatlar verilib.
“Naxçıvanqaz” İstehsalat Birliyi əhali qrupunun, idarə, təşkilat və müəssisələrin davamlı və dayanıqlı təbii qazla təminatı üçün qaz təchizatı sistemində texniki baxış tədbirlərini davam etdirir, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görür.
Sonda məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2016-cı ildə görülən işlərə və 2017-ci ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2016-cı ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisəyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən, 31 min 748,2 ton A-92 benzini, 110 min ton dizel yanacağı, 7 min 329,8 ton bitum, 10 min 999 ton mazut, 252,4 ton müxtəlif növ yağlar, 1289,4 ton maye qaz gətirilib.
Alınan yanacaq muxtar respublikaya Bakı-İran İslam Respublikası və Bakı-Gürcüstan-Türkiyə marşrutları ilə daşınıb. Belə ki, Gürcüstan-Türkiyə yolu ilə 22 min 686,8 ton dizel yanacağı və 1954,4 ton A-92 markalı avtomobil benzini, ümumilikdə, 24 min 646,2 ton, İran İslam Respublikasından keçməklə 87 min 313,2 ton dizel yanacağı, 29 min 788,8 ton A-92, 7329,8 ton bitum, 10 min 999,0 ton mazut, 1289,4 ton maye qaz, 252,4 ton müxtəlif növ yağlar, ümumilikdə, 136 min 972,6 ton neft məhsulları gətirilib.
Bildirilib ki, müəssisə 2016-cı ildə ümumi dövriyyəsi 98 milyon 741 min manat olan 163 min 923,9 ton müxtəlif neft məhsulları satıb. Bu da 32000,1 ton avtobenzin, 108 min 614,4 ton dizel yanacağı, 7329,8 ton bitum, 14 min 519,0 ton mazut, 1207,3 ton maye qaz, 252,4 ton müxtəlif yağlardan ibarətdir. Müəssisə satışdan 892,7 min manat mənfəət əldə edib.
Vurğulanıb ki, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olmasına daim nəzarət edilir və bu istiqamətdə lazımi tədbirlər görülüb, yanacaq ehtiyatı yaradılıb. 1 yanvar 2017-ci il tarixə müəssisənin anbarlarında 2204,2 ton A-92 benzini, 3809,0 ton dizel yanacağı, 102,9 ton maye qaz ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2017-ci ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən də danışıb.
Məruzə ətrafında müzakirədə müəssisənin neft məhsulları üzrə anbar müdiri Kazım Rzayev çıxış edib.
Xəbərlər şöbəsi