Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 18 noyabr tarixli Sərəncamına və sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, Naxçıvan Tibb Kollecində görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kadr, elm və təhsil sektorunun müdiri Səmayə İbrahimovanın “Əziz Əliyevin səhiyyədəki xidmətləri” və kollecin şöbə müdiri Sahibə Quliyevanın “Əziz Əliyevin həyatı və siyasi fəaliyyəti” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda vurğulanıb ki, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyev dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə və zəngin həyat təcrübəsinə malik idi. Əziz Əliyev 1897-ci ilin yanvar ayında qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddə alıb, 1908-ci ildən sonra isə Rusiyanın Çita şəhərindəki gimnaziyada oxuyub. 1914-1917-ci illərdə İrəvan kişi gimnaziyasında təhsil alan Əziz Əliyev buranı əla qiymətlərlə bitirdikdən sonra Rusiyanın Sankt-Peterburq şəhərindəki Hərbi Tibb Akademiyasına qəbul edilib. 1918-ci ildə İrəvana gələn Əziz Əliyev ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirib, bir müddət sonra Şahtaxtı kəndinə köçüb.
Qeyd olunub ki, ailənin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevin Sankt-Peterburqa qayıdaraq təhsilini davam etdirməsinə imkan verməyib. O, 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışıb.
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçüb. Bundan sonra onun həyatının yeni mərhələsi başlayıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin Ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifələrini icra edib. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini indiki Bakı Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib, 1927-ci ildə universiteti bitirərək Daxili xəstəliklər kafedrasında işləməyə başlayıb. Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərib, 1929-1932-ci illərdə isə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsində çalışıb.
Görkəmli alim Əziz Əliyev Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirib, onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdiri, Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışıb.
Diqqətə çatdırılıb ki, 1930-cu ildə indiki Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) yaradılması və bundan sonrakı çətin mərhələlərdə instituta rəhbərlik etmək böyük cəsarət tələb edirdi. Görkəmli alim bu illərdə ADTİ-nin yaradılmasının təşkilati işlərinin yerinə yetirilməsində mühüm xidmətlər göstərib, 1932-ci il iyunun 1-dən etibarən həmin institutun rektoru vəzifəsində çalışmağa razılıq verib.
Həmin illərdə bir tərəfdən respublikada yüksəkixtisaslı həkimlərin hazırlanmasına ciddi ehtiyac duyulması, digər tərəfdən də onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan dilində tibbi ədəbiyyatın və dərs vəsaitlərinin azlığı, tədris bazalarının zəifliyi, kitab fondunun lazımi səviyyəyə çatdırılmaması və digər məsələlər həllini gözləyən problemlər idi. Bu problemlərin aradan qaldırılması üçün Əziz Əliyev yorulmadan çalışıb, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirib və beləliklə, ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələrin yazılmasına nail olub. Məhz bu səylərin nəticəsi olaraq, 1932-1935-ci illər ərzində görkəmli alimin rəhbərliyi altında Azərbaycan dilində 55 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin istifadəsinə verilib. Bu, o dövrün texniki imkanları müqabilində çox böyük göstərici idi.
Əziz Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışmağından asılı olmayaraq, elmi axtarışlarını bir an belə, dayandırmayıb. İnstitutu bitirəndən iki il sonra – 1929-cu ildə namizədlik, 5 il sonra isə doktorluq dissertasiyalarını uğurla müdafiə edib. O, 1941-ci il mayın 13-də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə isə professor vəzifələrinə seçilib.
Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunub.
Tədbirin sonunda görkəmli dövlət xadimi Əziz Əliyevin ömür yoluna həsr edilmiş sənədli film nümayiş etdirilib.
Hafizə Əliyeva