25 Dekabr 2024, Çərşənbə

Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var

Naxçıvan Muxtar Respublikası yeni ilə uğurla başladı. Muxtar respublika sakinləri ötən ilin nailiyyətlərinin sevincini yaşadığı bir dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvana səfər etdi. Dövlət başçısı kimi cənab İlham Əliyevin Naxçıvana sayca 13-cü səfəri də muxtar respublikamız üçün çox mühüm əhəmiyyət daşıyan obyektlərin istifadəyə verilməsi ilə yadda qaldı. Ölkə rəhbəri budəfəki səfərində də muxtar respublikada aparılan quruculuq işlərini yüksək qiymətləndirdi: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanıb. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
Bu, Azərbaycan Prezidentinin muxtar respublika rəhbərinin, eləcə də bütün naxçıvanlıların fəaliyyətinə verdiyi yüksək dəyərdir. Blokadanın çətinliklərinə baxmayaraq, muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilib, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu yüksəliş hər gün gözümüz qarşısında baş verdiyindən bizə adi görünür. Ancaq dövlət başçısına adi görünmür. Prezident blokada şəraitində inkişaf və tərəqqiyə nail olmağın çətinliklərini çox yaxşı bilir. Ölkə rəhbəri onu da bilir ki, blokada şəraitində daşı daş üstə qoymaq hər oğulun işi deyil.

Bu gün Naxçıvanda hansı sahəyə baxsaq, orada geniş islahatların aparıldığının şahidi olarıq. Bütün sahələrdə analoqu olmayan uğurlar ona görə qazanılır ki, burada həm ulu öndərimiz Heydər Əliyevin yolu sədaqətlə davam etdirilir, həm də hər kəs öz işinə məhəbbətlə yanaşır. Odur ki, dövlət başçısı Naxçıvana səfəri zamanı bu məsələni xüsusi vurğulayaraq deyib: “Abadlıq-quruculuq işləri bir tərəfdən ölkəmizin gücünü, digər tərəfdən Naxçıvan rəhbərliyinin səmərəli işini, sakinlərin bu işlərə olan münasibətini göstərir. Bütün bu işlər böyük məhəbbətlə, zövqlə və səliqə ilə görülür”.
Naxçıvan Muxtar Respublikası bir müddət elektrik enerjisi sarıdan çətinliklər çəkib. Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikaya sutka ərzində 6-8 saat elektrik enerjisi verilir, qonşu ölkələrdən elektrik enerjisi alırdıq. Kəskin kontinental iqlim şəraiti olan Naxçıvanın mənfi 40 dərəcəyə düşən soyuğundan qorunmaq üçün insanlar qeyri-standart elektrik qızdırıcılarından istifadə etmək məcburiyyətində qalırdılar. Bu da elektrik xətlərinin, transformatorların sıradan çıxmasına səbəb olur, qrafik üzrə verilən elektrik enerjisindən istifadəyə maneçilik törədirdi. Həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər görülüb. 1993-cü ilin ortalarında Naxçıvana İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından 63 meqavat gücündə elektrik enerjisi daxil olub, tələbatçılara sutka ərzində 12 saat elektrik enerjisi verilib.
Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması ulu öndərimiz Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə mühüm tədbirlər həyata keçirilib. Ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanın enerji təhlükəsizliyi təmin olunub. 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası təbii qazla işləmə rejiminə keçirilib, 220 kilovoltluq “Babək” yarım­stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Həmin il ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilib. Son illər isə muxtar respublikanın mövcud hidroenerji potensialından istifadə edilməklə ekoloji və iqtisadi cəhətdən daha səmərəli olan su elektrik stansiyaları yaradılıb. 2006-cı ilin dekabrında Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ilin oktyabrında Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası tikilib. 2014-cü ildə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1”, 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları fəaliyyətə başlayıb. Bu sahədə görülən işlərin davamı kimi 2015-ci ildə Babək rayonu ərazisində Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Göründüyü kimi, muxtar respublikanın elektrik enerjisi ilə təminatına möhkəm zəmin yaradılıb. İstehsal olunan elektrik enerjisi nəinki daxili tələbatı ödəyir, hətta elektrik enerjisi ixrac etməyə imkan verir. Təkcə bir faktı deyək ki, muxtar respublikamızda alternativ və bərpa olunan elektrik stansiyalarında illik elektrik enerjisi istehsalı ümumi istehsalın 53,4 faizini təşkil edir. Bu göstərici çox nadir ölkələrdə müşahidə olunur. Dünya ölkələri içərisində alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerjinin miqdarı ümumi istehsalın 50 faizindən çoxunu təşkil edən cəmi bir neçə ölkə mövcuddur.
Bu stansiyaların açılışında ölkə rəhbəri iştirak edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvan səfərlərinə nəzər yetirsək görərik ki, ölkə rəhbərinin hər səfərində enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm qərarlar qəbul edilib, yeni stansiyalar istifadəyə verilib. Ölkə başçısının budəfəki səfərində təməli qoyulan Ordubad Su Elektrik Stansiyası Naxçıvanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək, ixrac imkanlarını artıracaqdır. Azərbaycan Prezidenti ötən səfərlərində olduğu kimi, bu dəfə də Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətindən danışıb: “Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır”.
Enerji təhlükəsizliyinin təmin olunması Naxçıvan Muxtar Respublikasının ümumi inkişafına öz töhfəsini verib. Yeni elektrik stansiyalarının yaradılmasından sonra sənaye müəssisələri işə salınıb, yerli istehsal artıb, nəticədə, Naxçıvanın ərzaq təhlükəsizliyi məsələsi də öz həllini tapıb. Təbii qazın verilməsinin, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasının nəticəsidir ki, biz indi Naxçıvanın bu sərt qışında isti evimizdə oturub son illər yaradılan soyuducu anbarların, istixana komplekslərinin bəhrəsi olan yerli ərzaq məhsullarından istifadə edirik, heç kimə də möhtac deyilik. Odur ki, öz isti evində televizorun qarşısında oturub ölkə başçısının muxtar respublikaya səfərini izləyən, Prezidentimizin Naxçıvanın enerji təhlükəsizliyi ilə bağlı görülən işlər barədə çıxışını dinləyən hər bir sadə naxçıvanlının qəlbindən bu böyük dövlət xadiminə sonsuz minnətdarlıq hissləri keçir.
Naxçıvan Muxtar Respublikası tarixən istər içməli, istərsə də suvarma suyuna olan tələbatın tam ödənilmədiyi ərazilərdən olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublika sakinləri elektrik enerjisi, təbii qaz kimi içməli su sarıdan da korluq çəkiblər. “Şərq qapısı” qəzetinin 1994-cü il 29 yanvar tarixli nömrəsində dərc olunan “İçməli su dərdi” adlı yazıda oxuyuruq: “Bir ildən artıqdır ki, krantların suyu gəlmir. Sakinlər çıxılmaz vəziyyətdə qalıblar. Müraciət etmədikləri idarə, qapılarını döymədikləri vəzifəli şəxs qalmayıb. Ancaq nə fayda, bu vacib işə hələlik bir əncam çəkən tapılmır. Bu qış günlərində içməli su əldə etmək böyük problemə çevrilmişdir. Camaat naəlac qalıb quyu suyundan istifadə edir. Şor və həm də içmək üçün heç cür yararlı olmayan bu su adamların səhhətinə pis təsir edir. Xüsusilə uşaqların sağlamlığını təhlükə qarşısında qoyur”.
Bu məqalədə Naxçıvan şəhərinin problemləri qələmə alınsa da, əslində, bütün muxtar respublikada vəziyyət belə idi. İçməli su problemi hər kəsi düşündürürdü, ancaq bu sahədə əməli tədbirlər həyata keçirilmirdi. Dövlət başçısının diqqət və qayğısı ilə naxçıvanlıların bu problemi də həll olunub. Muxtar respublikada son illər bu sahədə mühüm tədbirlər görülüb. Azərbaycan Prezidenti əvvəlki səfərlərinin birində Naxçıvan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışını edib. Yanvarın 11-də isə Culfa və Şahbuz rayon mərkəzlərinin və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimləri keçirilib. Hər iki rayonda işlərə 2012-ci ildə başlanılıb. Layihəyə əsasən, Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsinin, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb. Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib. Hər iki rayonda quraşdırılan sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Azərbaycan Prezidenti Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxışında bu məsələdən də bəhs edib: “Bu gün biz Culfa və Şahbuz rayonlarında içməli su və kanalizasiya layihələrinin rəsmi açılışını qeyd etdik. Bu da çox önəmli layihələrdir. Hər iki şəhərə təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilməsinə başlanmışdır. Ondan əvvəl Naxçıvan şəhəri su ilə təmin edilmişdir. Bu gün biz artıq digər şəhərlərə də suyun verilməsini təmin edə bildik. Bu da çox önəmlidir. İnsan sağlamlığı üçün əsas amillərdən biri də təmiz sudur. Biz onu da həll etmişik. Bu il Dövlət İnvestisiya Proqramında Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin su-kanalizasiya problemlərinin həlli məsələləri də öz əksini tapacaq”.
Deməli, yaxın gələcəkdə muxtar respublikanın digər bölgələrinin sakinləri də ekoloji cəhətdən təmiz içməli su ilə təmin ediləcəklər. Qeyd olunduğu kimi, təmiz su insan sağlamlığı üçün çox vacibdir. Bu layihənin həyata keçirilməsi Naxçıvanda insanların sağlamlığına göstərilən yüksək qayğıdan xəbər verir.
Müasir Naxçıvanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də burada güclü ordunun yaradılmasıdır. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində diqqət mərkəzində olan məsələlərdən biri də ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərlə tanışlıqdır. Ölkə başçısı Naxçıvan Muxtar Respublikasına səfərlərinin birində hərbi qurucu­luq sahəsində burada görülən işləri yüksək qiymətləndirərək deyib: “Ordu quruculuğu sahəsində Naxçıvanda çox böyük işlər görülür. Bu hərbi hissə Azərbaycandakı hər bir hərbi hissə üçün nümunə, örnək ola bilər. Burada olan şərait ən yüksək standartlara cavab verir. Azərbaycan ordusu məhz bu cür olmalıdır”.
Ölkə rəhbərinin Naxçıvana son səfəri zamanı Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş 48 mənzilli binanın, Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışlarında iştirak etməsi, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olması Onun bu sahəyə xüsusi diqqət yetirdiyinin göstəricisidir.
Dövlət başçısı Naxçıvana budəfəki səfərində də həyata keçirilən ordu quruculuğu tədbirlərindən razılığını və Əlahiddə Ümumqoşun Ordusunun muxtar respublikanı etibarlı qoruduğundan əminliyini ifadə edib: “Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır”.
Azərbaycan Prezidentinin bu mövzu ilə bağlı çıxışında bir əminlik vardı. Hiss olunurdu ki, ölkə rəhbəri Naxçıvanın taleyindən narahat deyil. Çünki O, bilir ki, özünün yüksək diqqət və qayğısı ilə yaradılan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın sərhədlərini etibarlı müdafiə edir və Naxçıvan əmin əllərdədir.
“Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir. Mən çox şadam ki, bu məsələlər də uğurla öz həllini tapır və əlbəttə ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır. Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir, bir çox kənd təsərrüfatı məhsulları ilə siz özünüz-özünüzü təmin edirsiniz”, – deyən ölkə rəhbəri Naxçıvanda ərzaq təhlükəsizliyi baxımından da nigarançılığın olmadığına işarə etdi, muxtar respublikadan, Azərbaycanın düşmənlə sərhədindən ölkəmizin düşmənlərinə, uğurlarımızı görmək istəməyənlərə gözdağı verdi.
Prezident İlham Əliyevin muxtar respublikamıza son səfəri Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin açılışı ilə yekunlaşıb. Dövlət başçısının diqqət və qayğısı ilə son illər muxtar respublikada təhsil quruculuğu istiqamətində də mühüm işlər görülüb. Ölkə rəhbəri məktəbin açılış mərasimindəki çıxışında bu sahədə görülən işləri xüsusi vurğulayıb: “Son illər ərzində Naxçıvan Muxtar Respublikasında artıq 200-ə yaxın yeni məktəb tikilib, yaxud da ki əsaslı şəkildə təmir olunub. Təmirə ehtiyacı olan cəmi bir neçə məktəb qalıb. Əminəm ki, yaxın gələcəkdə bu məsələ də həllini tapacaq”.
Ordu və təhsil quruculuğu Naxçıvanda xüsusi diqqət yetirilən sahələrdəndir. Çünki bu iki sahədə işlər düzgün qurulmasa, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, ölkəmizin sərhədlərinin və mənəvi sərhədlərimizin qorunmasından söhbət gedə bilməz. Əgər ordumuz ölkəmizin sərhədlərini qoruyursa, təhsilli insanlarımız da mənəvi sərhədlərimizi, müstəqilliyimizi qoruyurlar. Ölkəmizin sərhədlərini qoruyan Azərbaycan gəncidir. O, mütləq təhsilli olmalıdır, tariximizi, keçmişimizi öyrənməli və bilməlidir. O, sərhəddə nə üçün dayandığını anlamalıdır. Anlamalıdır ki, müstəqilliyimizi, son nəticədə isə Azərbaycanımızı qoruya bilsin. Bax, məhz buna görə ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda orduya və təhsil quruculuğuna xüsusi diqqət ayrılır.
Azərbaycan Prezidentinin Naxçıvana bu tarixi səfəri də muxtar respublikamız üçün əlamətdar hadisələrlə yadda qaldı. Ölkə rəhbəri bir sıra sosial obyektlərin açılışını etməklə yanaşı, Naxçıvanın gələcəyi üçün görüləcək çox mühüm işlərin də anonsunu verdi. Bu gün bütün ordubadlılar, bu rayona tez-tez səfər edənlər sevinc içərisindədirlər. Ona görə ki, dövlət başçısı yaxın gələcəkdə Culfa-Ordubad yolunun da yenidən qurulacağını bildirdi. Bu gün bütün naxçıvanlılar sevinc içərisindədirlər. Biz həm ölkə başçısının Naxçıvana son səfərinin xoş təəssüratlarının, həm də Azərbaycan Prezidentinin bu fikirlərinin sevincini yaşayırıq: “Nəhayət, biz Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün də çalışırıq. Qeyd etdiyim kimi, Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. Bildiyiniz kimi, biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb. Bu dəhliz tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək. Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu, baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq”.
Həmin layihənin icrası blokada çətinliklərini aradan qaldıracaq, Naxçıvanın inkişafını daha da sürətləndirəcəkdir. Ölkə başçısının səsləndirdiyi bu fikirlər bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Necə ki ulu öndərimiz Heydər Əliyev Naxçıvana böyük diqqətlə yanaşırdı, cənab İlham Əliyev də bu siyasəti davam etdirir.
Dövlət başçısının diqqət və qayğısı, naxçıvanlıların vətənpərvərliyi sayəsində muxtar respublikamız artıq uğurlu inkişaf yolundadır. Onu bu yolundan heç bir qüvvə geri döndərə bilməz. Muxtar respublika əhalisi Prezidentinin qayğısını hər zaman öz üzərində hiss edir. Cənab İlham Əliyev Naxçıvana budəfəki səfərində də muxtar respublikaya bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini bəyan etdi.
Müasir Naxçıvan ümummilli liderimizin görmək istədiyi kimi qurulur. Ulu öndərimiz daim Azərbaycanı, o cümlədən Naxçıvanın gələcəyini düşünür və deyirdi ki, “Mən istəyirəm mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün biz hamımız ümummilli liderimizin bu arzu və istəklərinin yerinə yetirilməsinin şahidləriyik.

Xalqımızın böyük oğlu Heydər Əliyev əsl vətəndaş olmaq üçün ləyaqət göstərməyi, xalq, Vətən naminə çalışmağı, Vətən sevgisini, doğma torpağa, doğma yurda bağlılığı əməli işlə nümayiş etdirməyi tövsiyə edirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Bu gün Naxçıvan Muxtar Respublikası bütün sahələrdə əsl nümunə gücünə malikdir.

Tural SƏFƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR