Bir neçə il əvvəl Babək rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir neçə yaşayış məntəqəsi Naxçıvan şəhərinin tabeliyinə verildi. Tumbul kəndi də bu yaşayış məntəqələrindən biri idi.
Bu gün Naxçıvan şəhərinin Tumbul kəndi müasir yaşayış məntəqələri sırasındadır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əcəmi Tağıyev deyir ki, yeni il onlar üçün düşərli illərdən biridir. Belə ki, yanvar ayının 5-də kənddə bayram əhval-ruhiyyəsi yaşanıb. Həmin gün kənddə bir neçə obyektin açılışı olub. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi üzrə kənddə içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. İki kilometrlik kənddaxili avtomobil yoluna asfalt örtük salınıb, beton kanal çəkilib və 5 su keçidi qoyulub. Kənddə rabitə xətləri də yenilənib, 2740 metrlik müxtəlif tutumlu kabel xətti, 800 metrlik elektrik xətti, 230 metr yeraltı elektrik xətti çəkilib, qaz xətlərində təmir işləri aparılıb. Bütün bunlar 2003 nəfər sakini olan Tumbula böyük dövlət qayğısının ifadəsi kimi dəyərləndirilib.
Həmin gün istifadəyə verilən obyektlərdən biri yeni kənd mərkəzidir. Binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, statistika otağı, feldşer-mama məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı fəaliyyət göstərir. Kənddə müasir rabitə sistemi yaradılıb, fiber-optik xətt çəkilib, 512 yerlik ATS quraşdırılıb və poçt bölməsi fəaliyyətə başlayıb.
Əcəmi Tağıyevlə binadakı iş otaqlarını gəzirik. Mərkəzdə feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb. Məntəqədə çalışan tibb bacısı Afət İbrahimova deyir ki, Tumbulda bu səhiyyə müəssisəsinin istifadəyə verilməsi kənd camaatına göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Məntəqənin kollektivi bu şəraitdən səmərəli istifadə etməyə səy göstərir. El ağsaqqalı Şəmil İbrahimov Tumbula göstərilən bu qayğını yüksək dəyərləndirir, belə xeyirxah tədbirləri həyata keçirənlərə uzun ömür, cansağlığı arzulayır. Deyir ki, Naxçıvan şəhərinin, necə deyərlər, bir addımlığında yaşayırlar. Kəndə 15-20 dəqiqədən bir marşrut işləyir. Yəni hansısa problemi həll etmək bir o qədər çətin deyil. Bununla belə, kənddə bu işlərin görülməsi o deməkdir ki, muxtar respublika sakinləri, o cümlədən tumbullular hərtərəfli qayğı əhatəsindədirlər. Ölkəmiz iqtisadi cəhətdən gündən-günə inkişaf edir. Bu da kəndlərimizin simasını dəyişdirməyə, müasirləşdirməyə imkan verir. Kənd camaatına o qalır ki, qurulub-yaradılanları qorusunlar, gələcək nəsillərə ərməğan etsinlər.
* * *
Yanvarın 5-də kənddə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin yeni binası da istifadəyə verilib. 376 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla, 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. 2016-2017-ci tədris ilində məktəbin birinci sinfinə 25 şagird qəbul edilib. Məktəbin müəllim və şagirdlərinin istifadəsinə zəngin fondu olan kitabxana verilib. Burada 3476 dərslik və 3340 bədii ədəbiyyat olmaqla, 6816 kitab vardır.
Məktəbdə tədrisin müasir texnologiyalar əsasında qurulması diqqətdə saxlanılıb, 42 kompüter quraşdırılaraq internetə qoşulub.
Yeni təhsil ocağında müəllimlərlə həmsöhbət oluruq. Nağı Nağıyev deyir ki, Tumbulda 1920-ci ildə birsinifli məktəb yaradılıb. Bu məktəbə Mahmud Nağdəliyev rəhbərlik edib. Onun təşəbbüsü ilə bir neçə il sonra birsinifli məktəb ibtidai, 1976-1977-ci tədris ilində orta məktəbə çevrilib. Məktəb yaradılanda 1902-ci ildə tikilmiş şəxsi bir evdə fəaliyyət göstərib. 1988-ci ilədək uyğunlaşdırılmış 2 şəxsi evdən istifadə olunub. Həmin il Tumbulda yeni məktəb binası tikilib.
Söhbətə məktəbin müəllimi Nuranə Abbasova qoşulur. Və bizə iki fotoşəkil göstərir. Bu şəkillərdən biri yeni, digəri isə əvvəlki məktəb binasının şəkilləridir. Nuranə müəllimə deyir ki, bunları yadigar kimi saxlayacaq. Uşaqlara göstərəcək ki, o və həmyaşıdları belə binada təhsil alıblar. Qoy bugünkü uşaqlar oxuduqları məktəblə o dövrdəki məktəbi müqayisə etsinlər, nəticə çıxarsınlar. Görsünlər ki, dövlətimiz təhsilin inkişafına necə böyük önəm verir.
Müəllim İradə Zamanovanın söhbəti: – Tumbul kəndində əvvəlki illərdə mövcud olan məktəb binaları dövrün tələblərinə cavab verməsə də, şagirdlərin yaxşı oxuması, biliklərə yiyələnməsi üçün müəllimlər üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıblar. Tumbul məktəbinin yetirmələri içərisində çoxlu fəlsəfə və elmlər doktorları var. Mərhum Səkinə Hüseynova muxtar respublikada filologiya üzrə dissertasiya müdafiə edən ilk qadlardan biri idi. Bu gün məktəbin pedaqoji kollektivi çalışır ki, dövlətimizə və dövlətçiliyimizə sadiq vətənpərvər gənclər yetişdirməklə bərabər, bu məktəbdə yaradılmış ənənələri davam etdirsinlər.
Məktəbin müəllimi Zinyət Hacıyeva da sevincini bizimlə bölüşür: – Binanın açılışı günü Ali Məclisin Sədri elektron lövhəli sinifdə Bəhruz Kəngərli Muzeyi ilə muxtar respublikanın 204 məktəbi arasında keçilən distant dərsi izlədi, şagirdlərin iştirakı ilə muzeylərdə açıq dərslərin keçilməsini tapşırdı. Çalışacağıq ki, bizə göstərilən etimadı öz işimizlə doğruldaq. Göstərilən qayğıya təhsildə qazandığımız yüksək nailiyyətlərlə cavab verək.
* * *
Son illər muxtar respublikanın kənd və qəsəbə yaşayış məntəqələrində həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində xidmət mərkəzləri də inşa olunur. Məqsəd isə ondan ibarətdir ki, yaşayış məntəqələrinin sakinləri tələbatlarını ödəmək üçün digər yerlərə üz tutmasınlar. Yanvar ayının 5-də Tumbulda da xidmət mərkəzi istifadəyə verilib. Burada 9 nəfər işlə təmin olunub. Kənd sakinləri xidmət mərkəzindəki bərbərxana, dərzi, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazalarının fəaliyyətindən razılıq edirlər.
* * *
Söhbətimizin əvvəlində dedik ki, kənddə içməli su və kanalizasiya şəbəkəsinin də açılışı olub. Layihə çərçivəsində 18 kilometrdən artıq içməli su və 15 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkilib, mənzillərdə sayğaclar quraşdırılıb. Kənddə, ümumilikdə, 503 abonent içməli su və kanalizasiya şəbəkəsinə qoşulub.
İçməli su xəttinin çəkilişi tumbulluların ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verib. Məlumat üçün bildirək ki, vaxtilə Tumbul kəndində artezian quyusu qazılıb, buradakı kəhriz bərpa edilib. Ancaq həmin su mənbələri bu yaşayış məntəqəsinin içməli suya olan tələbatını tam ödəməyib. Artıq bu problem də öz həllini tapıb.
Kənd sakinləri Rəfael Abbasov, Məmməd İbrahimov dedilər ki, Tumbul muxtar respublikanın əkinçilik və heyvandarlıqla məşğul olan yaşayış məntəqələrindən biridir. Onların özlərinin müxtəlif kənd təsərrüfatı texnikaları, 20 hektara yaxın əkin sahələri var. Bu texnikalarla kənd adamlarının köməyinə gəlirlər. Öz əkin sahələrində taxılçılığı, əkinçiliyin müxtəlif sahələrini inkişaf etdirirlər. Heyvandarlıqla məşğul olurlar. Bunun üçün dövlətimiz torpaq mülkiyyətçilərinə güzəştli kreditlər verir, onların texnika, qiymətli toxum sortları ilə təminatına köməklik göstərir. Bütün bunlar isə kənd adamlarını torpağa daha sıx tellərlə bağlayır. Bu gün Tumbulda istifadəyə verilən yeni obyektlər, içməli su və yeni kanalizasiya şəbəkəsi kənd adamına daha bir qayğının ifadəsidir.
Kənd ağsaqqalı, uzun müddət məktəb direktoru işləmiş Tağı Məmmədovun da sevincinin həddi-hüdudu yoxdur. Çünki heç vaxt yaşadığı kəndə belə qayğı göstərilməyib. Bu qayğı üçün Tağı müəllim kənd adamları adından bir daha dövlətimizə minnətdarlığını bildirdi.
* * *
Yazının sonunda “Tumbuldan Naxçıvan şəhərinə qayıdarkən” ifadəsini işlətmək istədim. Elə o anda bu ifadənin səhv olduğunu düşündüm. Çünki Tumbul bu gün paytaxt şəhərimizə qovuşub – müasir küçələri, yaraşıqlı həyətləri, inzibati binaları, burada fəaliyyət göstərən emal və istehsal müəssisələri ilə.
Muxtar Məmmədov