25 Dekabr 2024, Çərşənbə

Azərbaycanın bu gününü yaşadan, gələcəyi üçün güclü zəmin hazırlayan, respublikamızın milli intibahını təmin edən Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir. Dünyada baş verən aramsız geosiyasi gərginliklərin və qlobal risk amillərinin şaxələnməsi, maliyyə böhranının yeni məcrada inkişafı fonunda ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf tendensiyasının qorunub saxlanılmasının, yeni-yeni nailiyyətlərin əldə edilməsinin əsas səbəbi də budur.

­ Bu gün yüksək iqtisadi potensiala malik olan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyası uğurla davam etdirilir, qədim diyar əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, dinamik iqtisadi inkişafa nail olunub, infra­struktur yenilənib, enerji və ərzaq təhlükəsizliyi təmin edilib, etibarlı müdafiə sistemi yaradılıb. Bu gün ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur, ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir.

Ümummilli lider bütün həyatı boyunca vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Ona görə də qədirbilən naxçıvanlılar dahi şəxsiyyətin ölkəmiz naminə gördüyü bütün işləri heç vaxt unutmur, Onun işıqlı xatirəsini daim ürəklərində yaşadırlar.
Ötən il dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Minlərlə insan Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz ehtiramlarını bildiriblər.
Gələcəyimizi qorumağın, yəni milli ruhu yaşatmağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilik ənənələrinin qorunması, onun yaşadılmasıdır. Tarixi prosesləri, o cümlədən sovet dövründə və müstəqillik illərində muxtar respublikadakı ictimai münasibətləri, bir sıra digər amilləri nəzərdən keçirdikdə bir daha əminlik yaranır ki, dövlətçilik ənənələri qədim diyarın sakinləri tərəfindən daim qorunub saxlanılıb. Ona görə də bu gün muxtar respublikada dövlət təhlükəsizliyinin təmini istiqamətində görülən məqsədyönlü tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin maddi-texniki bazası ilbəil gücləndirilir, əməkdaşlar üçün müasir iş şəraiti yaradılır.
Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon İdarəsinin inzibati binası istifadəyə verilib.
Böyük tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı görkəmli sərkərdələr, siyasətçilər, ziyalılar, mütəfəkkirlər, yazıçı və şairlər yetişdirib. Qədim diyarda həmin tarixi şəxsiyyətlərin, mütəfəkkirlərin irsinə böyük diqqət göstərilir, onların yubileyləri yüksək səviyyədə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il fevralın 15-də “Eynəli bəy Sultan­ovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Tədbirlər Planı təsdiq olunub, görkəmli yazıçı-publisist və pedaqoqun yubileyi muxtar respublikada silsilə tədbirlərlə qeyd olunub.
Dekabrın 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Te­atrında Eynəli bəy Sultanovun 150 illik yubiley tədbiri keçirilib.
Bu gün ölkə Prezidenti cənab İlham ­Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir, kompleks quruculuq işləri aparılır. Yaşayış məntəqələrinin inkişafı, yeni iş yerlərinin açılması insanların rahat yaşayışını təmin edib. Uğurlu sosial islahatlar və aparılan quruculuq işləri Naxçıvan Muxtar Respublikasının da şəhər, qəsəbə və kəndlərini abad və müasir görkəmə qovuşdurub. Bu işlər Babək rayonunda da uğurla davam etdirilir. Dekabrın 9-da Hacıvar kəndində əsaslı şəkildə yenidən qurulan kənd yolu, müasir kənd və xidmət mərkəzləri istifadəyə verilib. Həmin gün Badaşqan kəndində xidmət mərkəzinin açılışı olub. Bu gün Hacıvar və Badaşqan kəndlərinin əhalisinin rahat yaşaması və işləməsi üçün bütün şərait vardır.
Ali Məclisin Sədri muxtar respublikamızda aparılan quruculuq, abadlıq işləri barədə danışarkən deyib: “Bütün bunlar ölkəmizdə ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan sabitliyin və əsası qoyulan iqtisadi inkişafın Azərbaycan Respublikasının Prezidenti tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Eyni zamanda bu işlər ölkəmizdə insanlara göstərilən qayğının və dövlət-xalq birliyinin daha bir ifadəsidir”.
Naxçıvanın qədim tarixi və zəngin mədəniyyəti xalqımızın özünəməxsus milli dəyərlər sisteminin formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu mənada, doğma diyarımızın tarixinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, bu ərazidə formalaşan milli dəyərlər sisteminin elmi faktlar əsasında öyrənilməsi qarşıda duran əsas vəzifədir. Naxçıvana həsr olunmuş materialların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması bu baxımdan tarixi hadisədir. Hazırda mərkəzin ümumi kitab fondunda 3 min 769 nüsxə çap materialı vardır. Ötən dövr ərzində mərkəzin arxiv fondu Naxçıvanşünaslığa dair arxiv materialları ilə zənginləşdirilib.
Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib, mərkəzdə yaradılan yeni fondlara baxış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tədbirdə iştirak edib.
Ötən il müstəqilliyinin 25 illiyini təntənəli şəkildə qeyd edən Azərbaycan Respublikası müstəqil ölkə kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutub, hərtərəfli inkişaf edib. Dünyanın bir sıra ölkələrində çox ciddi problemlər baş qaldırsa da, qarşıdurmalar olsa da, ölkəmizdə insanlar rahat yaşayır, davamlı inkişaf və sabitlik vardır. Bu gün Azərbaycan vətəndaşları birmənalı şəkildə dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyir, Vətənimizin inkişafı naminə inamla çalışırlar. Ölkəmizin inkişafında fərqlənən insanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.
Dekabrın 27-də – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası ­medallarının, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri ölkəmizin inkişafındakı xidmətlərə görə təltif olunanlara təşəkkür edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik və inkişaf təmin edilmiş, dövlət müstəqilliyimiz qorunub saxlanmışdır. Ötən dövrdə ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlər Azərbaycanı daha da irəliyə aparmışdır. Artıq Azərbaycan təsdiq etmişdir ki, müstəqil yaşayan ölkədir. Bütün bunlar ölkəmizdə həyata keçirilən düzgün siyasətin, eləcə də dövlət-xalq birliyinin və insanların zəhmətinin nəticəsində mümkün olmuşdur”.
Ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikasının sakinləri üçün əlamətdar bir hadisə baş verib. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb.
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması Azərbaycan ilə İran arasında əlaqələrin inkişafının bir göstəricisi olmaqla yanaşı, eyni zamanda xalqlar arasında yaxın münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. Belə ki, qatarın fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir.
Bu gün ticarət-iqtisadi əlaqələrin genişlənməsinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına müxtəlif sənaye və ərzaq məhsulları, elektrik enerjisi ixrac olunur. Öz növbəsində İrandan da ərzaq, tikinti materialları və digər mallar alınır. Şübhəsiz ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsində sahibkarların müstəsna rolu vardır. Son illər nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən biznes sərgilərində hər iki tərəfdən sahibkarların iştirakı, turist səfərlərinin artması əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Təkcə 2016-cı ildə İranla Naxçıvan Muxtar Respublikası arasındakı Culfa və Şahtaxtı keçid məntəqələrindən hər iki tərəfdən 450 minə yaxın vətəndaş istifadə edib.
Dekabrın 29-da Naxçıvan Biznes Mərkəzində keçirilən Azərbaycan-İran Biznes Forumunda hər iki tərəfdən sahibkarların iştirakı qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi biznes forumda iştirak ediblər.
Həmin gün “Duzdağ” otelində Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının yekun iclası keçirilib. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının yekun protokolu imzalanıb. Protokola əsasən hər iki ölkə arasında ticarət, iqtisadiyyat, sərhəd, sənaye, enerji, su məsələləri, nəqliyyat, dəmir yolu, rabitə, mədəniyyət və turizm, səhiyyə, kənd təsərrüfatı, sosial müdafiə, elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Duzdağ Fizioterapiya Mərkəzində olub, mərkəzin fəaliyyəti və burada insanlara göstərilən tibbi xidmətlə maraqlanıblar.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, Araz çayı üzərində derivasiyatipli Ordubad-Marazad Su Elektrik Stansiyası tikiləcəkdir.
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Ordubad-Marazad Su Elektrik Stansiyasının layihəsinə və stansiyanın tikiləcəyi əraziyə baxıblar.
Muxtar respublikada xüsusi diqqətə ehtiyacı olan insanlarla bayram günlərində həmrəylik nümayiş olunur, onlara sovqatlar aparılır.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Psixi Xəstəliklər Dispanserinə gəlib, səhiyyə ocağındakı xəstə­ləri və tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Ali Məclisin Sədri Psixi və Ağciyər Xəstə­likləri dispanserlərinin, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərinin kollektivlərinə çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə 500-ə yaxın hədiyyə paketi paylanılıb, gətirilmiş ərzaq məhsulları anbarlara təhvil verilib.
Muxtar respublikamızda əsgər və zabitlərimizə böyük diqqət və qayğı göstərilir. Bayram günlərində əsgərlərlə görüşlərin keçirilməsi, onlara bayram sovqatlarının aparılması ənənə halını alıb.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına gəlib, əsgər və zabitlərlə görüşüb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xəstəxanasında olub, burada müalicə olunan əsgərlərlə görüşüb, onlara göstərilən tibbi xidmətlə maraqlanıb.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının anbarına 5 tona yaxın ərzaq məhsulu – çörək, ət, şəkər tozu, qənd, yarma, qatılaşdırılmış süd, yumurta, o cümlədən yun corab, siqaret və şəxsi təmizlik vasitələri təqdim olunub, şəxsi heyətə 500-ə yaxın hədiyyə paketi verilib.
Muxtar respublikada hərbi hissələrin döyüş qabiliyyətinin yaxşılaşdırılması ilə yanaşı, zabit-gizir ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Hərbi şəhərciklərdə yeni yaşayış binaları, sosial obyektlər, xidmət sahələri, məktəb binaları və uşaq bağçaları tikilərək istifadəyə verilir. Dekabrın 31-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində yeni uşaq bağçası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.

Ötən ayın mənzərəsinə nəzər yetirdikdə bir daha aydın olur ki, muxtar respublikada dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun, dövlətə, dövlətçiliyə sarsılmaz sədaqətin əsas prinsiplər səviyyəsində formalaşması bu gün inkişafa dərin ictimai məzmun gətirib. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin işıqlı yoluna sədaqətin nəticəsində mümkün olub. Dövlət başçımızın blokada vəziyyətində yaşayan qədim diyara göstərdiyi böyük diqqət və qayğı sosial-iqtisadi inkişafın davamlı xarakter almasına rəvac verib.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR