25 Dekabr 2024, Çərşənbə

Güclü iqtisadiyyat müasir cəmiyyət quruculuğunun əsas şərtlərindəndir. Bu mənada, vətəndaşlarının rifah və təhlükəsizliyinin təmin olunması üçün müstəqil siyasət yeridərək öz daxili imkanları hesabına iqtisadiyyatını möhkəmləndirən Azərbaycanın uğurları çoxaldıqca onun beynəlxalq aləmdəki nüfuzu da artır, ölkəmiz sürətlə güclü dünya dövlətləri arasına daxil olur.
Müasir Azərbaycanın ümumi inkişaf mənzərəsində özünəməxsus inkişaf yolu ilə gedən Naxçıvan Muxtar Respublikası iqtisadi və sosial həyatın bütün sahələrində qazandığı uğurlarla diqqətəlayiq bir səviyyəyə çatıb. Təməli sağlam olan müasir Naxçıvan iqtisadiyyatı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına dönmədən əməl olunması ilə indiki mərhələyə yüksəlib. Çoxlarına təəccüblü gəlsə də, indi Naxçıvan minik avtomobillərinin istehsal edildiyi, ərazisinin, demək olar ki, tamamında dördüncü nəsil mobil rabitə şəbəkəsinin xidmətlərindən istifadə olunduğu, yaxın regionda ən güclü Günəş Elektrik Stansiyasının işə salındığı, ildə 400 mindən artıq turistin səfər etdiyi, 420 milyon ABŞ dollarından artıq ixracat həcminə çatıldığı bir məkana çevrilib. Bu mənada, ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikada həyata keçirilən yeni quruculuq ünvanlarına yüksək qiymət verərək “Mən çox şadam ki, qədim Naxçıvan bu gün yeniləşir, yenidən qurulur, gözəl binalar tikilir, xiyabanlar salınır”, – deməsi dövlət başçısının muxtar respublikanın inkişafına xüsusi diqqətindən xəbər verir.

Müstəqillik illərində Naxçıvan böyük inkişaf yolu keçib. Bu dövrdə muxtar respublikada daxili imkanlar hesabına yüzlərlə yeni istehsal müəssisələri yaradılıb, region iqtisadiyyatı inkişafının uzunmüddətli bir dövr üçün dayanıqlılığı zəmanət altına alınıb. Ötən dövrdə Naxçıvanda həyata keçirilən iqtisadi layihələrlə bərabər, eyni zamanda geniş sosial infrastruktur şəbəkəsi yaradılıb, insanların həyat keyfiyyətinin yüksəldilməsi üçün konkret addımlar atılıb. Muxtar respublikada şəhərlə kənd arasında fərqin azaldılması, yerli xammal və ehtiyatlar hesabına yeni iş yerlərinin yaradılması bu dövrdə diqqət mərkəzində olub, əhali gəlirlərinin artırılması, məşğulluq və məskunlaşma məsələləri dövlətin daimi qayğısına çevrilib. Blokadanın yaratdığı çətinliklər dəf edilərək Naxçıvanda ərzaq və enerji təhlükəsizliyinə tam nail olunması, nəqliyyat-kommunikasiya əlaqələrinin müasirləşdirilməsi, ekoloji vəziyyətin nəzarətdə saxlanılması üçün konkret tədbirlər həyata keçirilib. Bununla da, Şərqlə Qərbin qovşağındakı bu qədim Azərbaycan torpağı həyata keçirilən quruculuq tədbirləri ilə tarixiliklə müasirliyin uğurlu sintezinin yaradıldığı bir məkan kimi hər yerdə şöhrət qazanıb.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinə sadiqlik, ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi böyük diqqət və qayğı sayəsində keçdiyimiz 2016-cı il də Naxçıvan Muxtar Respublikası üçün uğurlu olub. Ötən il, ümumilikdə, dünya iqtisadiyyatı üçün çətin sınaqlar dövrü olsa da, göstərilən yüksək qayğı sayəsində muxtar respublika iqtisadiyyatının möhkəmləndirilməsi ilə insanların rahat yaşayışının və təhlükəsizliyinin təmin edilməsi, iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqi və inkişaf tempinin qorunub saxlanılması təmin edilib. Muxtar respublikada nizam-intizamın daha da möhkəmləndirilməsinə ayrılan diqqət də bütün bu nailiyyətlərin əldə edilməsində mühüm amil olub.
Naxçıvanda mövcud olan bütün iqtisadi resurslardan səmərəli istifadə üçün zəngin təcrübə var. Nəticədə, yeni iqtisadi dövrün tələblərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi, zəruri sahələrin inkişaf etdirilməsi üçün çevik idarəetmə mexanizmi formalaşdırılıb. Ötən 2016-cı ildə ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə artaraq 2 milyard 500 milyon manatdan çox olub, onun hər bir nəfərə düşən həcmi isə 5 min 771 manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq göstəricisinə nisbətən 3,4 faiz çoxdur. Ümumi daxili məhsul istehsalının 60 faizə qədərinin real sektorun payına düşməsi dayanıqlı inkişafın təmin olunmasına öz təsirini göstərib.
Bazar iqtisadiyyatında azad sahibkarlığın fəaliyyət göstərməsi, onun stimullaşdırılması, təşəbbüskarlığın dəstəklənməsi əsas şərtlərdəndir. Naxçıvan Muxtar Respublikasında özəl bölmənin inkişaf etdirilməsi üçün görülən işlər öz bəhrəsini verib. Ötən il muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə 17 milyon manatdan çox kredit verilib, nəticədə, 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 87 faizi ötüb. Hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur, 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artmasına da öz təsirini göstərib. Naxçıvanda əhali məşğulluğu məsələləri də daim dövlətin diqqət mərkəzindədir. Ötən il qəbul edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası üzrə 2 min 818 yeni iş yeri açılıb ki, bunun da 98 faizi daimi iş yerləri olub.
Müasir Naxçıvan iqtisadiyyatı çoxşaxəlidir. Bu baxımdan muxtar respublika üzrə ümumi daxili məhsulda 28 faizlik payla ilk yeri tutan sənaye sahəsinin inkişafı diqqətdə saxlanılıb, onun ümumi həcmi 942 milyon manatı ötüb. Eyni uğurlar iqtisadiyyatın digər bir mühüm sahəsi olan kənd təsərrüfatında da qazanılıb. Torpaq mülkiyyətçilərinə hər cür köməklik göstərilməsi, əl əməyinin yüngülləşdirilməsi, bu sahədə mütərəqqi yeniliklərin tətbiqi diqqətdə saxlanılıb. Son illər Naxçıvanda müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması, meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dövlət dəstəyinin göstərilməsi, geniş soyuducu anbar və istixana şəbəkəsinin yaradılması, heyvandarlığın inkişafı üçün kompleks tədbirlərin görülməsi, yüksək gəlirli sahə olan arıçılığa xüsusi diqqət yetirilməsi öz bəhrəsini verib, nəticədə, ötən il 429 milyon 448 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2015-ci illə müqayisədə 6 faiz çoxdur.
Ölkə başçısı tərəfindən daim qayğı əhatəsində olan Naxçıvan Muxtar Respublikası iqtisadiyyatına investisiya qoyuluşları həmişə artan dinamika ilə müşahidə olunub. Ötən il də bu mühüm sahə diqqət mərkəzində saxlanılıb. Belə ki, 2016-cı ildə muxtar respublika üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 2015-ci ilə nisbətən 5 faiz artaraq 997 milyon manatdan çox olub. İnvestisiya qoyuluşlarının 921 milyon manatından və ya 92 faizindən bilavasitə tikinti-quraşdırma işlərində istifadə olunması əhalinin mənzil şəraitinin yaxşılaşmasına, abadlaşdırma-bərpa işlərinin genişləndirilməsinə, kənd yerlərində infrastrukturun yenilənməsinə şərait yaradıb, 13 kənd və 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ötən il Naxçıvanda əhalinin içməli su təminatının yaxşılaşdırılması, müasir yol-nəqliyyat sisteminin qurulması da diqqət mərkəzində saxlanılıb. Bu baxımdan ölkə başçısının 2016-cı il 20 may tarixli Sərəncamına əsasən, Babək rayonunun 7 yaşayış məntəqəsini birləşdirən Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsinin başa çatdırılması ötən ilin yaddaqalan hadisələrindəndir.
İqtisadi inkişaf insan amilindən asılı olduğu kimi, onun nəticələri də insan kapitalının formalaşmasına xidmət edir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının güclü təməlləri gələcəkdə də etibarlı əllərdə olacaq. Sağlam və savadlı yetişdirilən gəncliyimiz, ölkəsinin maraqlarını hər şeydən üstün tutan insanlar gələcəkdə də bu xətti davam etdirəcək, onlara miras qalmış yola sadiq qalacaqlar.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR