25 Dekabr 2024, Çərşənbə

“Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq Ordubad rayonunda gənc­lərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. 

Mərasimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimli açaraq gəncləri təbrik edib, onlara hərbi xidmətdə uğurlar arzulayıb. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik edib və əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə yaxından yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Vüqar Rəhimli deyib ki, hərbi xidmət hər bir insanın Vətən qarşısında müqəddəs borcudur. Bu gün xalqımızın gənc övladları bu müqəddəs vəzifəni üzərlərinə götürməyə, müstəqil dövlətimizin və xalqımızın əmin-amanlığının keşiyini çəkməyə yola düşürlər. Bu gün hər bir azərbaycanlı işğal edilmiş torpaqlarımızın geri qaytarılmasına və sərhədlərimizin bərpa edilməsinə hazır olmalıdır.

 Bildirilib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordumuz vardır. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişafı ordumuzun istənilən anda işğal altındakı torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Silahlı qüvvələrimizin muxtar respublikada yerləşən hərbi hissələrində maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərin də böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınmasına şərait yaradıb.

Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Ordubad rayon təşkilatının sədri, istefada olan polkovnik-leytenant Fərrux Nağızadənin, rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Etibar İsmayılovun və başqalarının çıxışları olub.
Çıxış edənlər Azərbaycan Ordusunun şanlı tarixindən, ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söhbət açaraq bildiriblər ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı silahlı qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər silahlı qüvvələrin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Bütün bunlar çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib.
Tədbirdə valideynlər adından Ramazan Əsgərov çıxış edərək övladının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiyini deyib, valideynlər adından çağırışçıları təbrik edib, Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib, gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmağı arzulayıb.
Çağırışçılar adından çıxış edən Süleyman Süleymanov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını yerinə yetirəcəklərinə söz verib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Culfa rayonunda da gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR