25 Dekabr 2024, Çərşənbə

Amerikalı tədqiqatçı və jurnalist Peter Tasenin dekabrın 25-də Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən foreignpolicy.org və eurasiareview.com qəzetlərində, həmçinin Rusiya Federasiyasında fəaliyyət göstərən vestikavkaza.ru, eləcə də Avropanın ən nüfuzlu portalı moderndiplomacy.eu və caspiantimes.com xəbər saytlarında “Ordubad: Qafqaz regionunda dini tolerantlığın beşiyi” adlı məqaləsi yerləşdirilmişdir. Həmin məqaləni qəzetin bugünkü nömrəsində dərc edirik. 

 Naxçıvan Muxtar Respublikasının Ordubad bölgəsinin dini memarlığı Azərbaycan İslam mədəniyyətində yeni cərəyan formalaşdıraraq xalq arasında dərin dini inanc hissi, dini tolerantlıq, mədəniyyətlərarası dialoq və multikultural dəyərləri özündə əks etdirir. Ordubad rayonu dini birlik və unikal memarlıq xəzinəsinin simvolu olaraq Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən əsası qoyulmuş memarlıq məktəbinin üstün dəyərlərini özündə birləşdirərək dünyaya Azərbaycan vətənsevərlik hissini nümayiş etdirir. Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir. 2018-ci ildə Naxçıvana səfər edəcək YUNESKO-nun xüsusi beynəlxalq tədqiqatçı alimləri Ordubad rayonunda yerləşən dini abidələrə baş çəkməlidirlər. 

Ordubad rayonu Sovet İttifaqının mərkəzi Moskva şəhərinə və digər bölgələrinə ixrac etdiyi ərik növləri ilə məşhur olmuşdur. Ancaq rayondakı dini xəzinələr, məscidlər və arxeoloji abidələr o qədər də tanıdılmamışdır. Bu abidələrin dünyaya tanıdılmasına ehtiyac vardır. Ordubad şəhərində 7 əsas küçə vardır. Küçələrin hər birində minarəsiz məscidlər, yeraltı su sistemləri və iki fərqli səsə malik qədim dəmir döymə halqalı giriş qapısı ilə təchiz olunmuş Qafqaz regionuna xas evlər yerləşir.
Ordubad şəhərində Naxçıvan memarlıq məktəbinin xüsusi dəyərlərini əks etdirən çoxlu sayda abidələr mövcuddur və Dilbər məscidi həmin abidələrdən biridir. Məscid dini mərasimlər üçün yerli əhaliyə həmişə açıq olub. Məscid düzbucaq formalı və sütunludur. Məscidlərin əksəriyyəti Naxçıvan memarlıq məktəbini təmsil edirlər. Dilbər məscidi memarlıq kompozisiyasına görə XVII əsrə aid edilir. Məscidin mehrabı, şəbəkəli pəncərələri və fasadında giriş portalı vardır. Əsas giriş və yan tərəflər kəsmə şəbəkəli böyük pəncərələrlə işlənmişdir. Şəbəkəli pəncərələr və baştağın asimmetrik yerləşməsi məsciddə olan digər valehedici kompozisiyadır. Dilbər məscidi Ordubad memarlığı və dağ mənzərəsinin mükəmməl harmoniyasını özündə əks etdirir. Yerli əhalinin məlumatlarına görə, məscid Dilbər adlı qadının şərəfinə inşa edilmişdir və bu məscid Qafqaz regi­onunda qadınların müsəlman cəmiyyətində mühüm rolunu göstərən İslam inanc mərkəzi kimi ortaya çıxmışdır.
Digər dini abidə Ordubad rayonunun Dırnıs kəndində yerləşən Dırnıs məscididir. Kənddə həcminə görə ən iri məscid olduğundan, el arasında “Böyük məscid” (Came məscidi) adlanır. Məscidin əsas girişi qərbdəndir. Qadınlar üçün isə giriş şərq tərəfdəndir. Tavan beş dirəyin üstündə dayanıb. Şərq və şimal divarının qarşısında qadınlar üçün balkon düzəldilib. Məscidin şimal divarında 3, qərb divarında 2, cənub divarında isə 3 böyük pəncərə vardır. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid 1920-1921-ci illərdə təmir olunmuş və orada təmir işlərini ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə məscid yenidən təmir edilmişdir. Memarlıq quruluşuna görə məscid XVII əsrə aid edilir.
Ordubad rayonunun Gənzə kəndində tarixi-memarlıq abidəsi olan Hacı Hüseynqulu məscidi yerləşir. Yerli camaatın dediyinə görə, məscidi Əcəmi Naxçıvani məktəbinin memarlıq üslubunu təbliğ edən Hacı Hüseynqulu adlı nüfuzlu şəxs tikdirib. Hacı Hüseynqulu dünyasını dəyişdikdən sonra o, məscidin cənub divarının qarşısında dəfn olunmuşdur. Məsciddə aparılan təmir işləri zamanı qəbrin üstünə mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə “Hacı Hüseynqulu, XVI əsr” sözləri həkk edilmişdir. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salonlardan ibarətdir. Deyilənə görə, XX əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilərək qədim binaya birləşdirilmişdir. Məscidin əsas qədim hissəsi daşdan tikilmiş üç böyük sütunun və divarın üstündə dayanıb. Sütunların arası və sütunlarla divarın arası tağvarı birləşdirilib. Divarların qalınlığı 1 metrdir. Məscidin içərisində, divarlarda 5 taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında qonaq otağı vardır. Məscid təmir olunarkən divarlarda rənglə dini xarakterli kəlamlar yazılmışdır. Təmir zamanı məscidin cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb. Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlik və orucluq aylarında burada dini mərasimlər də icra olunur.
2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı ərazidə tədbirlər təşkil olunarkən Hacı Hüseynqulu məscidində də yaddaqalan tədbirlər keçiriləcəkdir. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtilə Hacı Hüseynqulunun torpaq sahəsi olmuş və həmin sahəni qəbiristanlıq üçün bağışlamışdır. Qəbiristanlıq ərazisində olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu XVI əsrdə yaşamış və məscidi də həmin vaxt inşa etdirmişdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR