25 Dekabr 2024, Çərşənbə

Vətən doğma torpaq, ana yurddu. Üzərində yaşadığımız torpaq, bu dünyada güvəndə olduğumuz tək yerdi. Bu kainatda tək səcdəgahımız, tək istinadgahımızdı. Vətən bu eldə-obada gördüklərimizin məcmusudu.
Saniyələr dəqiqələrə, dəqiqələr saatlara, saatlar günlərə, günlər aylara, aylar illərə, illər qərinələrə dönüb, hər şey dəyişilib. Ancaq Vətən öz yerini dəyişməyib. Bəzən bu torpaqlar yağılar arasında dörd-beş yerə bölünüb, ancaq xalqın düşüncəsində Vətən bütöv olaraq qalıb.
İnsan bir zaman yurdundan-yuvasından ayrı düşə bilər. Dünyanın hansısa nöqtəsində şad-xürrəm, bütün nemətlərdən dadaraq gün keçirə bilər. Ancaq bu hal bir müddət davam edər, həmin insanın ürəyində keçmişlə bağlı xatirələr baş qaldırar, həsrət ürəyini göynədər, özünü insanlar içində yad, şəhərlər içində qərib hiss edər. Və elə o zaman hansısa qüvvə onu geri, doğulub boya-başa çatdığı torpaqlara çəkər, bu qüvvə get-gedə qarşısıalınmaz gücə çevrilər, bu gücün qarşısında dünyanın bütün naz-nemətləri gözdən düşər. Həmin insan hər şeyi buraxıb öz yurduna qayıdar, bu dünyadan gedənlərinin məzarını ziyarət edər, doğmalarına baş çəkər, ağsaqqalının əlindən, gəncinin üzündən öpər. Hiss edər ki, o, yenidən yaşayır, çünki o, Vətənə qayıdıb, illər uzunu həsrətində olduğu Vətənə.

Fani dünya heç kimə qalmayıb, heç bundan sonra da qalmayacağı dəqiqdir. Bu dünyada qalan insanın əməlləridi. Müdriklərimiz deyib ki, iki cür əməl var, bir insanlara qarşı əməlindi, bir də Vətən qarşısında əməlindi. Vətən qarşısında nə qədər yaxşı əməl sahibi olsan, bu torpağa nə qədər dərin köklərlə bağlansan, bu torpaq üzərində yaşayanlar da səni unutmayacaq.
İlahinin bizə ərməğanıdı Vətən! İndi hər yerdə tökülən qanları, günahsız yerə üzərinə bombalar tökülən körpələri görəndə, harda olursaq olaq, tez evə qaçıb körpə balalarımızı bağrımıza basmaq, qucaqlamaq, öpüb-oxşamaq, onları qorumaq istəyirik. Tanrıya dualar edirik ki, körpələrimiz belə qan-qadaların şahidi olmasın, qorxusuz, qayğısız böyüsünlər. Bəzən unuduruq ki, o körpələrin Vətəni də elə günahsızlarla birlikdə ölür. Ona görə də bütün bunları görəndə Vətənimizi də elə körpələrimiz kimi bağrımıza basma­lıyıq, dua etməliyik ki, bu qan-qadalar xalqımızdan uzaq olsun, Vətən torpaqlarına körpə qanı axmasın. Çalışmalıyıq ki, heç bir kənar qüvvə bizim birliyimizi, dövlətə olan inamı­mızı sarsıda bilməsin. Əgər belə olsa, Vətənimiz də olacaq, gələcəyimiz də.
Bəs kimdir əsl vətənpərvər? Bu sualın cavabını güclü, qüdrətli Azərbaycanda yaşayan milyonlarla insan çox yaxşı bilir. Əsl vətənpərvər Vətənin gələcəyi naminə çalışan, Vətənin mənafeyini şəxsi mənafeyindən çox-çox yüksəkdə tutan, dar gündə əldə silah sərhədlərimizin keşiyini çəkmək üçün yollanmağa hazır olan insandır. Əsl vətənpərvər şagirdlərini öyrətməklə bərabər, həm də özü öyrənən müəllimdir, əsl vətənpərvər yalnız fəaliyyət göstərdiyi sahəyə xeyir gətirməyi düşünən mühəndisdir, tədqiqatları ilə elmə yenilik gətirən alimdir, xalqın mənafeyini hər şeydən uca tutan siyasətçidir. Bir sözlə, əsl vətənpərvər əsl vətəndaşdır!
Bu gün Vətənimizin gələcək taleyi əsl vətənpərvərlərin əlindədi. Bu haqq, bu ixtiyar Tanrı iradəsi, Tanrı istəyidi. Gün gələcək ki, bu Vətən öz fədailərinin sayəsində bütövləşəcək, işğal altındakı torpaqlarımız işğaldan azad olunacaq.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR