25 Dekabr 2024, Çərşənbə

 “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordumuz vardır. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi ordumuzun istənilən anda işğal altında olan torpaqları­­mızı azad etməyə qadir olduğunu göstərir.

Qeyd olunub ki, 2016-cı ilin aprel döyüşlərində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurması, iki min hektardan çox ərazinin işğaldan azad edilməsi silahlı qüvvələrimizin gücünü hər kəsə sübut etdi. Təsadüfi deyil ki, əldə olunmuş uğurların qazanılmasında əsgərlərimizin mənəvi-psixoloji və döyüş hazırlığı, ordumuzun müasir hərbi texnikalarla təminatı mühüm yer tutur. Bu gün silahlı qüvvələrimizin muxtar respublikada yerləşən hərbi hissələrində də xidmət üçün yaradılmış müasir şərait, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərin böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınmasına şərait yaradıb. Buna görə də hər bir çağırışçı gənc xidmətdə olarkən hərbi işin incəliklərinə dərindən yiyələnməli, Vətən qarşısında borcunu layiqincə yerinə yetirməlidir.
Xidmət rəisi hərbi xidmətə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR