Bu il Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il noyabrın 18-də Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır”.
XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyev dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə və zəngin həyat təcrübəsinə malik idi. Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə almış, 1908-ci ildən sonra isə Rusiyanın Çita şəhərindəki gimnaziyada oxumuşdur. 1914-1917-ci illərdə İrəvan kişi gimnaziyasında təhsil alan Əziz Əliyev buranı əla qiymətlərlə bitirdikdən sonra Rusiyanın Sankt-Peterburq şəhərindəki Hərbi Tibb Akademiyasına qəbul edilmişdir. 1918-ci ildə İrəvana gələn Əziz Əliyev burada dəhşətli mənzərə ilə üzləşmiş, erməni daşnaklarının amansız qəddarlıqlarına tab gətirməyib ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirmiş, bir müddət sonra Şahtaxtı kəndinə köçmüşdür.
Ailənin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevin Sankt-Peterburqa qayıdaraq təhsilini davam etdirməsinə imkan verməmişdir. O, 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışmışdır.
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçmüşdür. Bundan sonra onun həyatının yeni mərhələsi başlanmışdır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin Ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifələrini icra etmişdir. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini də indiki Bakı Dövlət Universitetinin Tibb fakültəsində davam etdirmiş, 1927-ci ildə universiteti bitirərək Daxili xəstəliklər kafedrasında işləməyə başlamışdır. Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərmiş, 1929-1932-ci illərdə isə Azərbaycan Klinik İnstitutunun rektoru olmuşdur.
Əziz Əliyev Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirmiş, onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunmuşdur. O, Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə Şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzmiş, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görmüşdür. Həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan Əziz Əliyev bütün həyatı boyu ölkəmizdə tibb elminin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına çalışmışdır. Azərbaycan həkimlərinin ustad müəllimi hesab edilən görkəmli alimin həyatının Azərbaycan Tibb Universiteti ilə bağlı parlaq səhifələri respublikanın tibb ictimaiyyəti, səhiyyə işçiləri, professor-müəllim heyəti və tələbə kollektivi üçün nümunə olacaq böyük bir ömür yoludur.
1930-cu il iyun ayının 19-da indiki Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) yaradılması və bundan sonrakı çətin mərhələlərdə instituta rəhbərlik etmək böyük cəsarət tələb edirdi. Əziz Əliyev bu illərdə ADTİ-nin yaradılmasının təşkilati işlərinin yerinə yetirilməsində mühüm xidmətlər göstərmiş, 1932-ci il iyunun 1-dən etibarən həmin institutun rektoru vəzifəsində çalışmağa razılıq vermişdir.
Həmin illərdə bir tərəfdən respublikada yüksəkixtisaslı həkimlərin hazırlanmasına ciddi ehtiyac duyulması, digər tərəfdən də onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan dilində tibbi ədəbiyyatın və dərs vəsaitlərinin azlığı, tədris bazalarının zəifliyi, kitab fondunun lazımi səviyyəyə çatdırılmaması və digər məsələlər həllini gözləyən problemlər idi. Bu problemlərin aradan qaldırılması üçün Əziz Əliyev yorulmadan çalışmış, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirmiş və beləliklə, ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələrin yazılmasına nail olmuşdur. Məhz bu səylərin nəticəsi olaraq, 1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında Azərbaycan dilində 55 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin istifadəsinə verilmişdir. Bu, o dövrün texniki imkanları müqabilində çox böyük göstərici idi.
Əziz Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışmağından asılı olmayaraq, elmi axtarışlarını bir an belə dayandırmamışdır. İnstitutu bitirəndən iki il sonra – 1929-cu ildə namizədlik, 5 il sonra isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. O, 1941-ci il mayın 13-də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə isə professor vəzifələrinə seçilmişdir.
Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunmuşdur. Onun elmi fəaliyyəti çoxşaxəli idi. Təsadüfi deyil ki, akademik Mustafa bəy Topçubaşov Əziz Əliyevi Azərbaycan səhiyyəsinin inkişaf tarixinin bir mərhələsi adlandırmışdır. Bu mərhələ böyük və məsul bir dövrü əhatə edir. Bu, həmin dövrdür ki, səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, beləliklə, Azərbaycanın səhiyyəsi dirçəlir, milli kadrların böyük dəstəsi hazırlanırdı.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, görkəmli alimin ictimai fəaliyyəti də Vətənə, xalqa sədaqətlə xidmətdən ibarət olmuşdur. O, 1941-1942-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdir. Əziz Əliyev 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləmişdir. Görkəmli dövlət xadimi I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilmiş, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olmuşdur.
Əziz Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri görkəmli həkim və alim, əla səhiyyə təşkilatçısı, səriştəli rəhbər və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirilmişdir. O, “Qırmızı Əmək Bayrağı” ordeni, “I dərəcəli Vətən müharibəsi” ordeni, “Səhiyyə əlaçısı” döş nişanı, bir çox medallar və fəxri fərmanlarla təltif edilmişdir. 1960-cı ildə görkəmli alimə “Azərbaycan SSR-in Əməkdar həkimi” fəxri adı verilmişdir. Rektoru olduğu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə görkəmli dövlət və elm xadiminin adını daşıyır.
Professor Əziz Əliyevin sevimli həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri övladları valideyn tərbiyəsinə layiq və sadiq olmuşlar. Ən əhəmiyyətlisi də odur ki, onlar atalarının himayəsinə arxalanmadan, heç kimdən kömək gözləmədən istedadları, bacarıqları hesabına ucalmış və hər biri öz peşəsi sahəsində böyük nailiyyətlər qazanmışdır.
1998-ci il may ayının 14-də görkəmli alim, ictimai xadim Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Yubiley tədbirində çıxış edən ümummilli liderimiz Heydər Əliyev alimin şəxsiyyətini yüksək qiymətləndirərək demişdir: “Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O lap əvvəldən qeyri-adi insan idi. O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elmin himayə olunması, xalqımızın dövlət və elm xadimlərinin elmi və nəzəri irslərinin yaşadılması ideyasının davamı olaraq ölkə Prezidenti cənab İlham Əliyev 2006-cı il dekabr ayının 5-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunmuşdur. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov professor Əziz Əliyevin keçdiyi həyat yolunu nəsillərə nümunə kimi dəyərləndirərək demişdir: “Əziz Əliyev dərin biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insan kimi nəinki səhiyyəmizin inkişafına böyük töhfələr vermiş, eyni zamanda dövlət idarəçiliyində kadrlarla işləməyin, kütləni səfərbər etməyin, rəhbər-xalq münasibətlərinin bu gün də etalon ola biləcək ictimai praktikasını yaratmış, Azərbaycan elminin yeni istiqamətlərini müəyyənləşdirmiş, bu sahələrin inkişafına nail olmuşdur. Əziz Əliyevin həyatını və fəaliyyətini əks etdirən tarixi sənədləri izlədikcə onun dərin təfəkkürünə, işgüzarlığına, ağır sınaqlardan mətanətlə çıxmasına heyran qalmamaq mümkün deyil. Bu böyük şəxsiyyətin bütün fəaliyyəti xalqa layiqli xidmət nümunəsi idi”.
Böyük alim, görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsi muxtar respublikada əbədiləşdirilmiş, Naxçıvan şəhərindəki küçələrdən birinə və Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına alimin adı verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 21 noyabr tarixli Sərəncam imzalamışdır. Tədbirlər Planına əsasən, 2017-ci ildə muxtar respublikamızda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
65 illik bir ömür yaşamış Əziz Əliyev bir evə, bir ailəyə, bir ölkəyə sığmayan bəşəri bir şəxsiyyət, dünyanın bütün tərəqqipərvər xalqlarına eyni hörmət və məhəbbətlə yanaşan humanist insan idi. Görkəmli dövlət xadiminin həyatının bütün mərhələləri xalqımıza, dövlətçiliyimizə xidmət nümunəsi olmuşdur.
Rəhim RƏHİMOV
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası
Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi