25 Dekabr 2024, Çərşənbə

Bu gün dünyada yaşayan milyonlarla azərbaycanlının bir Vətəni var – bu, Azərbaycandır. Dünyada yaşayan bütün azərbaycanlılar ölkəmiz üçün həlledici məqamda həmrəylik nümayiş etdirərək haqq səslərini ucalda bilirlər. Bu birliyin, həmrəyliyin təməlinin atıldığı tarix isə hər il böyük təntənə ilə qeyd edilir. Bu tarix dekabrın 31-i, indi Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunan gündür. Bu günün qeyd olunması isə ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir.

Müdriklərimiz deyib ki, iki cür əməl var: biri insanlar üçün, biri də Vətən qarşısında əməldir. Vətən qarşısında nə qədər yaxşı əməl sahibi olsan, bu torpağa nə qədər dərin köklərlə bağlansan, bu torpaq üzərində yaşayanlar da səni unutmayacaq. Başqa sözlə, harada yaşasan da kökünü unutmamalısan, ürəyin Vətən torpağı ilə döyünməlidi. Ulu öndərimizin bütün dünya azərbaycanlılarına ən böyük əmanətlərindən biri də elə budur; müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşmək ideyası.

1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli liderimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.
Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütmüşdür. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli liderimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmuşdur. Müdrik rəhbərin “Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi haqqında” 23 may 2001-ci il tarixli Sərəncamına uyğun olaraq, həmin ilin 9-10 noyabrında Bakıda təşkil olunan qurultay həmrəyliyə, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, diaspor quruculuğunun təkmilləşdirilməsi işinə ciddi töhfə olmuşdur. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi idi. Ulu öndərimiz qurultaydakı nitqində dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkmiş, bunun üçün zəruri olan prioritetləri diqqətə çatdırmışdır. Dahi rəhbər demişdir: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq məfkurəsi aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”.
Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qalmışdır. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranmış, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başlamışlar.
Milli diasporun formalaşması və dünyada Azərbaycan lobbisinin inkişafı məqsədilə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmişdir. Dövlət komitəsinin yaradılması və qanunun qəbul edilməsi, bütövlükdə, dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirmiş, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən idarə olunmasına və soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu gün dünyanın dörd bir yanındakı azərbaycanlılar yaşadıqları xarici ölkələrdə cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından iştirak edirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti­nin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermiş, 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan bağlılıqlarını artırmışdır.
2011-ci ildə Dünya Azərbaycanlılarının III, bu il isə IV qurultayları keçirilmişdir. Bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak etmişlər. Qurultaylar xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik bayramına çevrilmişdir.
“Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”, – deyən ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaratmışdır. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkə­lərdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər.
Ölkə rəhbəri cənab İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli liderimizin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir. Dövlət başçısının bu il dekabrın 24-də dünya azərbaycanlılarına ünvanladığı təbrik məktubunda deyildiyi kimi: “Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq haldır ki, xarici ölkə­lərdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər”.
Ana qucağı kimi isti, ata əli kimi möhkəm və əmindi Vətən. Onun coşqun çaylarının, şəlalələrinin səsi əbədi həyat nəğməsi, əbədi laylamızdı. Həm də elə bir layla ki, yalnız bu elin insanları üçün bəstələnib, bu layla yalnız və yalnız bizə rahatlıq və əbədi səadət bəxş edə bilər. Nə qədər ki bütün dünyada yaşayan azərbaycanlılar həmrəydir, Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişik, heç bir qüvvə bizi sarsıda bilməyəcək.
Ona görə biz xalqlar arasında ən müasir, dövlətlər arasında ən qüdrətli olmağa layiqik ki, dar gündə kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq birləşməyi bacarırıq, düşmənə qarşı tək yumruq ola bilirik, ümummilli bir məsələdə, Azərbaycan torpaqlarının azad olunmasında dövlətimizin, ordumuzun yanındayıq. Bu gün müstəqil Azərbaycanda görülən bütün işlər məhz bu məsələyə, milli iradənin, xalqın möhkəm iradəsinin formalaşmasına yönəldilib. Çünki məhz milli iradə, birliyimiz, həmrəyliyimiz həlledici məqamda öz sözünü deyəcək. Tarix boyu belə olub, bundan sonra da belə olacaq.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR