25 Dekabr 2024, Çərşənbə

AMEA Naxçıvan Bölməsində keçirilən “Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışıb. Qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.
“Dünya azərbaycanlılarının həmrəyliyi milli birliyin möhkəmləndirilməsi yolunda mühüm amildir” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi və dünya azərbaycanlılarının vahid ümummilli ideologiya – Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev­­ xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur.

Vurğulanıb ki, 1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı ağır bir dövrdə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev ölkəni parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarıb, Azərbaycançılığı nəinki dövlətçilik konsepsiyasına, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəldib. Ümummilli liderimiz 2001-ci ilin 23 mayında ilk dəfə olaraq “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalayıb və həmin ilin noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının ilk qurultayı keçirilib. Məhz bundan sonra dünyada yaşayan azərbaycanlıların təşkilatlanması üçün yeni şərait yaranıb.
Sonrakı dövrdə Azərbaycanda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi artıq gözəl ənənəyə çevrilib, 2006-cı il mart ayının 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyul ayının 5-6-da III, cari il iyun ayının 3-də isə IV qurultayları keçirilib.
Qeyd edilib ki, bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək bu günün əhəmiyyətindən bəhs ediblər.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirə yekun vuraraq bütün kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, 2017-ci ilin hər bir elmi işçi üçün uğurlarla yadda qalacaq il olmasını arzulayıb. Vurğulanıb ki, qarşıya qoyulan vəzifələrə və verilmiş tövsiyələrə uyğun olaraq 2017-ci il AMEA Naxçıvan Bölməsinin həyatında ciddi dönüş ili olmalı və elm adamları bu yolda bütün səylərini ortaya qoymalıdırlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR