Qədim Naxçıvanın ən yeni tarixində növbəti, 2016-cı il də arxada qaldı. Bu günlərdə bütün Azərbaycan vətəndaşları kimi, Naxçıvan Muxtar Respublikası sakinləri də müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin ideyaları ətrafında daha sıx birləşərək qurub-yaratmaq əzmi ilə növbəti ilə qədəm qoyurlar. 2016-cı il, ümumilikdə, dünya iqtisadiyyatında çətin sınaqlar ili olsa da, bu, bütövlükdə, ölkəmizdə və muxtar respublikamızda əldə olunmuş iqtisadi yüksəliş tempinə təsir edə bilmədi, tam əksinə, insanların sosial-mədəni həyatında keyfiyyət sarıdan müsbət irəliləyişlər daha da çoxaldı.
2016-cı il Naxçıvan Muxtar Respublikası üçün nə ilə əlamətdar oldu? İllər ərzində çəkilən gərgin zəhmət hesabına muxtar respublikada yaradılmış güclü istehsal-iqtisadi potensialdan səmərəli istifadə edilməsi ilə 2016-cı ildə diyarımızın daha da çiçəklənməsi üçün xeyli işlər görüldü, yeni layihələr həyata keçirildi. Naxçıvanda əhalinin rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, xarici ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar muxtar respublikada bərqərar edilmiş ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə və iqtisadi sahədə sabit artım tempinin qorunub saxlanılmasına imkan yaratdı. Blokada vəziyyətində olan bir region üçün həyati əhəmiyyət daşıyan ərzaq və enerji təhlükəsizliyi məsələlərinin daha etibarlı şəkildə həll olunması üçün atılan yeni addımlar, bütövlükdə, Naxçıvana xas olan idarəetmə imicinin daha da yüksəlməsi baxımından bu ili də yaddaqalan etdi.
Azad sahibkarlıq fəaliyyətinə üstünlük verildiyi Naxçıvanda özəl bölmənin real sektordakı əhəmiyyəti diqqətdə saxlanılır. Muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində sahibkarlığın daha da inkişafını təmin etmək yola salmaqda olduğumuz ildə də prioritet sahələr kimi öz əhəmiyyətini saxlayıb. İqtisadi fəal əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, əhalinin sosial məsələlərinin həllinə nail olmaq məqsədilə təkcə 2016-cı ildə həyata keçirilmiş layihələr arasında avtomobil şinlərinin üzlənməsi, mebel, qapı-pəncərə, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsi, çörək (lavaş), unlu-qənnadı məmulatları, eyni zamanda istixanalar, soyuducu anbarlar, heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatları və xidmət sahələri olmaqla, 28 sahənin yaradılması başa çatdırılıb. Müxtəlif ölçü və formada qızıl-gümüş zinət əşyaları, medal və döş nişanları, qaynaq çubuğu, meyvə şirələri, mürəbbə və turşu, xama, qarışıq yem istehsalı, həmçinin quşçuluq, arıçılıq təsərrüfatları olmaqla, 12 sahənin yaradılması istiqamətində isə işlər davam etdirilməkdədir. Sahibkarlığa Kömək Fondu tərəfindən təkcə 2016-cı ildə 21 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 15 milyon 69 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ümumiyyətlə isə 2000-ci ildən ötən müddət ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 1219 layihənin maliyyələşdirilməsinə 134 milyon 204 min manatdan artıq həcmdə kredit verilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 120 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsulları olmaqla, 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
İqtisadiyyatın mühüm inkişaf göstəricilərindən biri olan xarici ticarət əlaqələrinin genişləndirilməsi Naxçıvan Muxtar Respublikasının müasir inkişaf mərhələsində diqqət mərkəzində saxlanılır. Naxçıvandan dünya ölkələrinə ixrac olunan məhsullar, ümumilikdə, ölkəmizin qeyri-neft sektoru üzrə ixracat potensialının artırılmasında mühüm paya malikdir. Bu məhsullar Azərbaycanın milli ixracat brendinin dünyaya tanıdılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Hazırda Naxçıvan Muxtar Respublikasında öz fəaliyyət istiqamətlərinə görə 51 müəssisə ixrac qabiliyyətinə malikdir. Bu müəssisələr tərəfindən 60 növdə məhsulun istehsalı həyata keçirilir. Naxçıvandan ixrac olunan məhsullar arasında mineral sular, təbii duz, emal olunmuş ət və meyvə məhsulları, qazlı aromatlaşdırılmış və spirtli içkilər, meyvə şirələri, sement, gips, gips lövhələr, məsaməli beton məmulatları, metal, mərmər və travertin daş məmulatları, xam dəri, mebel və digər məhsullar vardır. Bu məhsullara dünya bazarında olan böyük tələbat isə onların rəqabətqabiliyyətliliyini artıran yüksək keyfiyyəti və digər analoqlarına nisbətən münasib qiymətinə görədir. Naxçıvandan ixracata göndərilən məhsullar dünya bazarında özünə yer tutduqca daha çox əcnəbi sahibkar da Naxçıvanla əməkdaşlığa can atır. Elə bu gün Naxçıvanda keçiriləcək yüksək səviyyəli bir tədbir – Azərbaycan-İran biznes forumu da bunun təsadüfi olmadığını göstərir. Hazırda Naxçıvandan Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Litva və digər ölkələrə göndərilən ixrac məhsulunun həcmi cari ilin yanvar-noyabr aylarında 378 milyon 761 min 700 ABŞ dollarını ötüb ki, bu da son bir il ərzində 1,1 faiz artım deməkdir. Genişləndirilən xarici ticarət əlaqələri ödəmə balansında müsbət saldonun yaranmasına səbəb olub. Belə ki, bu dövrdə muxtar respublikada aparılan ixrac və idxal əməliyyatları arasında 344 milyon 337 min 600 ABŞ dolları həcmində müsbət saldo yaranıb.
İqtisadiyyatda əldə olunan uğurlar insanların qurub-yaratmaq əzmini artıran, onları torpağa bağlayan əsas amillərdəndir. 2016-cı ildə də Naxçıvan Muxtar Respublikasında quruculuq işləri əzmlə davam etdirilib. Bu il muxtar respublikada həyata keçirilmiş quruculuq tədbirləri həm paytaxt Naxçıvan şəhərini, həm də ən ucqar dağ və sərhəd kəndlərini əhatə edib.
2016-cı ildə aparılan quruculuq tədirləri çərçivəsində Şərur rayonunda Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün yeni tədris korpusu, Arbatan kəndində yeni sosial obyektlər istifadəyə verilib. Eyni zamanda Şərur şəhər 2 nömrəli tam orta məktəbin, Çəmənli kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, eləcə də Arpaçay kəndindəki kənd və xidmət mərkəzlərinin tikintisi davam etdirilib.
Cari ildə Babək rayonunda 31 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə verilib, Gərməçataq kənd avtomobil yolu yenidən qurulub. Xəlilli kəndində kənd və xidmət mərkəzləri, məktəb binası istifadəyə verilib. Məzrədə kənd və xidmət mərkəzləri, tam orta məktəb binası quruculuq işlərinin davamı kimi kənd sakinlərini sevindirib. Həmçinin Hacıvarda kənd və xidmət mərkəzləri, Badaşqan kəndində isə xidmət mərkəzi tikilib. Yarımca kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, kənd tam orta məktəbi isə əsaslı təmir olunub.
Ordubadda da həyata keçirilən quruculuq tədbirləri rayonun ən ucqar dağ və sərhəd kəndlərinin belə, simasını dəyişib. Cari ildə Ordubad şəhərində Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında tikinti işləri davam etdirilib. Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilib. Rayonun Baş Dizə kəndində kənd və xidmət mərkəzləri, 156 yerlik məktəb binası inşa edilib.
Kəngərli rayonunun Yurdçu kəndində orta məktəb, kənd və xidmət mərkəzləri üçün binalar, o cümlədən Yurdçu kənd yolu istifadəyə verilib. Rayondakı quruculuq işləri çərçivəsində Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası yenidən qurulub.
Müasir Şahbuzun bütün yaşayış məntəqələri artıq abadlığa qovuşub, rayonun ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinin belə, siması tanınmaz dərəcədə dəyişilib. Bu il rayonda Daylaqlı kənd və xidmət mərkəzləri tikilib, kənd tam orta məktəbinin binası istifadəyə verilib, kənddaxili yollar yenidən qurulub. Kiçikoba-Daylaqlı kənd avtomobil yolu yenidən qurulub, Kiçikobada kənd və xidmət mərkəzləri tikilib sakinlərin istifadəsinə verilib.
Culfada da həyata keçirilən kompleks quruculuq tədbirləri öz bəhrəsini verib, əhalinin maddi rifah halı daha da yaxşılaşıb. Cari ildə bu rayonun Saltaq və Gülüstan kəndləri kompleks şəkildə abadlaşdırılıb, Culfa şəhərində bir neçə yaşayış binası əsaslı təmir olunub, Naxçıvan-Ordubad magistralı-Culfa şəhər və Gülüstan kənd avtomobil yolu yenidən qurulub, Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib, qədim Xanəgah kəndi müasir yaşayış məntəqəsinə çevrilib. Bu il muxtar respublikamızda aparılmış möhtəşəm quruculuq işləri arasında təkcə culfalılar üçün deyil, eləcə də bütün ölkəmizin tarixində yaddaqalan bir hadisə “Əlincəqala” tarixi abidəsinin bərpası və muzeyinin istifadəyə verilməsi olub.
Qədim Naxçıvan inkişaf edib gözəlləşir. Sadalanan və adları çəkilməyən daha çox saydakı işlər tarixiliklə müasirliyin vəhdət halında bir məqsəd ətrafında birləşərək qələbə çaldığı, heç bir çətinlikdən qorxmadan, heç bir çatışmazlıqdan bəhanə gətirmədən öz inkişaf xəttini uğurla davam etdirən Naxçıvanın son bir ildə keçdiyi yolun qısa xülasəsidir. Qarşıda isə bizi daha böyük uğurlar gözləyir.
Əli Cabbarov