Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2016-cı il ərzində də uğurla həyata keçirib. İl ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət olunub, dövlət orqanlarının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilib.
Naxçıvan Muxtar Respublikasında mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təşkil edilib. Bu dövrdə də dövlət qulluğuna yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik, vətənpərvər, geniş dünyagörüşlü və yaradıcı kadrların seçilməsi komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olub. Belə ki, il ərzində dövlət orqanlarında 593 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün komissiya tərəfindən elan olunmuş 4 müsabiqənin test və müsahibə mərhələləri keçirilib, müsabiqədə iştirak edən 987 namizəddən 249-u vakant vəzifələrə təyin olunub.
` Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarının keçirilməsinə köməklik göstərilib. Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Ədliyyə və Vergilər nazirliklərində vakant vəzifələrin tutulması, habelə Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün müsabiqələrdə iştirak edən 174 namizəddən 63-ü müvafiq keçid balını toplayıb.
Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısına alınan 23 namizəddən 16-sı vakant vəzifələrə təyin edilib.
Komissiya tərəfindən dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasının inkişaf etdirilməsi və ondan səmərəli istifadə olunması təmin edilib. Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının dövlət qulluqçularının reyestrinə daxil edilməsi başa çatdırılıb, 2567 dövlət qulluqçusu barədə məlumatlar reyestrə işlənilib. Hazırda dövlət orqanlarında 56 nəfər siyasi, 1955 nəfər inzibati və 556 nəfər yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 26,1 faizini gənclər, 22,6 faizini isə qadınlar təşkil edir.
İl ərzində komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi də diqqətdə saxlanılıb. Test sualları Azərbaycan Respublikasının Konstitusiyasına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə uyğunlaşdırılıb, “Qanunvericilik”, “Dünyagörüşü” və “İnformasiya texnologiyaları” test imtahanı blokları üzrə 750 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilib və test bankına daxil edilib. Test tapşırıqlarının ekspertizası Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin ekspertləri və Naxçıvan Dövlət Universitetinin müəllimləri tərəfindən həyata keçirilib.
Hesabat dövründə elektron xidmətlərin göstərilməsi diqqət mərkəzində saxlanılıb. “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə 2016-cı il ərzində elan edilmiş 9 müsabiqədə iştirak edən 1291 nəfərə komissiya tərəfindən elektron xidmətlər göstərilib. Sənəd qəbulunun elektron formada təşkil edilməsi nəticəsində vaxta, kağız daşıyıcılarına və sənəd qəbulunu həyata keçirən işçi qüvvəsinə qənaət olunub.
Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlərə ciddi önəm verilib. Keçirilən təlimlər “Dövlət qulluqçularının reyestrinin aparılması qaydaları”, “Dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları”, “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilməsi qaydaları”, “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” və “Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları” mövzularını əhatə edib. Keçirilən 11 seminarda, ümumilikdə, inzibati vəzifə tutan 791 dövlət qulluqçusunun iştirakı təmin olunub.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün tədris ili ərzində ayda iki dəfə komissiyanın təcrübəli əməkdaşları tərəfindən açıq dərslər keçirilib, komissiyanın inzibati binasında tələbələrin təcrübə keçmələri təşkil edilib, tələbələrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşrləri olan “Dövlət qulluğu: nəzəriyyə və praktika” və “Dövlət qulluğunun hüquqi əsasları” dərslikləri təqdim olunub.
Cari ildə dövlət qulluğu sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün zəruri normativ-hüquqi aktlar qəbul edilib. Muxtar respublikada dövlət qulluğuna qəbulun həyata keçirilməsini daha da təkmilləşdirmək məqsədilə “Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları” yenidən işlənilib, “Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”, “Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması Qaydaları”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları” və “Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları” işlənib hazırlanıb və komissiyanın müvafiq qərarları ilə təsdiq edilib. Həmin qərarlar Ədliyyə Nazirliyinə təqdim edilib və Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində qeydə alınıb.
Bundan başqa, “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib və 2016-cı ildə muxtar respublikada ilk dəfə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb.
Komissiya qarşıya qoyulmuş vəzifələrin günün tələbləri səviyyəsində yerinə yetirilməsi üçün səyini bundan sonra daha da artıracaq, fəaliyyətini bu istiqamətdə quracaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti