Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasını dövlət siyasəti səviyyəsinə qaldıran ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri, doğma Vətənlə əlaqələrinin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır, soydaşlarımızın problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün özünün siyasi təcrübəsindən və dövlətin imkanlarından yetərincə istifadə edirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən dekabrın 31-nin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” kimi qeyd olunması barədə tarixi qərara imza atan ümummilli lider Heydər Əliyevin bu missiyası, bütünlüklə, milli diasporun formalaşmasına zəmin yaradıb. Müstəqillik illərində dünya azərbaycanlılarının xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası ulu öndər Heydər Əliyevin sayəsində ictimai təşəbbüslərdən əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Bildirilib ki, 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. 2002-ci ildə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olunması bu sahədə prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən edib. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə bilavasitə diaspor problemi ilə məşğul olan dövlət orqanlarının təsis edilməsi və müvafiq qanunun qəbul olunması dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması işinə təkan verib.
Vurğulanıb ki, ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun və lobbisinin yaradılması məsələlərini daim diqqət mərkəzində saxlayır, bu prosesin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Dövlət başçısının diaspor quruculuğu sahəsində apardığı ardıcıl, davamlı və məqsədyönlü işlərin nəticəsi olaraq, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmaların sayı ildən-ilə artır.
2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III, 2016-cı ildə IV qurultaylarının keçirilməsi diaspor qruplarının birləşməsi və lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi işinə əsaslı stimul olub.
Bildirilib ki, ötən dövrün ən çox yaddaqalan hadisələrindən biri də Azərbaycan Prezidentinin 2008-ci il 19 noyabr tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Bu, diaspor quruculuğu sahəsində müstəqil dövlətimizin qarşısında yeni vəzifələr qoyur.
Sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədovun, təşkilatın təlimatçısı Uğur İsgəndərovun, rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Mehbalıyevin çıxışları olub.
Muxtar Məmmədov