Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə aparıcılar muxtar respublika əhalisinin 30 faizdən çox hissəsinin gənclər olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu gün qədim diyarda aparılan siyasət nəticəsində gənclərin dövlət idarəetmə orqanlarına, o cümlədən cəmiyyətin bütün aparıcı sahələrinə inteqrasiyası diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxışında bu il də muxtar respublikamızda idman və gənclərlə iş sahələrində həyata keçirilən tədbirlərdən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib. Bildirib ki, tezliklə daha bir təqvim ili tarixin əlamətdar səhifələrindən birinə çevriləcək. Sevindirici haldır ki, yola saldığımız 2016-cı ili də respublikamız üçün çox uğurlu il kimi qiymətləndirmək olar. Məhz bu ildə də ölkəmiz həm ictimai-siyasi, həm də sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə dünya ölkələri sırasındakı mövqeyini daha da möhkəmləndirib.
Azad Cabbarov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan bu tarix dünya azərbaycanlılarını Azərbaycan Respublikasının ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış bayramıdır. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə Vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən qeyd olunur.
“Naxçıvanda da bu bayram geniş şəkildə qeyd edilir, bu gün münasibətilə bayram tədbirləri təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclərimizin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır”, – deyən gənclər və idman naziri tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib, gənclərin hərtərəfli inkişafı sahəsində ardıcıl tədbirlər görülüb. Müasir dövrdə isə bir tərəfdən Naxçıvanın qədim tarixi tədqiq edilir, abidələri bərpa olunursa, digər tərəfdən bu mənəvi sərvətlərə, milli dəyərlərə sahib çıxacaq gənclər formalaşdırılır.
Vurğulanıb ki, dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın həyatında fəal iştirakı, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği daim diqqət mərkəzindədir.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu bu ilin ötən dövrü ərzində həyata keçirilən layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştiraklarını ön plana çəkib, aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirib”, – deyən Məmməd Babayev qeyd edib ki, muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda teatr tamaşalarının təşkili və gənclərin bu tamaşalara cəlb olunması məqsədilə bütün rayon mərkəzlərində Naxçıvan teatrının tamaşaları təşkil olunub. Keçirilən tədbirlərdə gənclərin intellektual inkişafı daim diqqət mərkəzində saxlanılıb, müntəzəm olaraq intellektual oyunların keçirilməsi təmin edilib. Əsgərlərdə ruh yüksəkliyinin artırılması, gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması və onların Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunması məsələsi də diqqət mərkəzində saxlanılıb. Gənclərlə əsgərlərin görüşləri keçirilib, hərbi hissələrdə konsert proqramları və teatr tamaşaları təşkil edilib.
Qeyd olunub ki, bu il Gənclər Fondu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu ilə birlikdə “Naxçıvan: dünən və bu gün” mövzusunda yaradıcılıq müsabiqəsi elan edib. Publisistika və teleradio materialları, rəsm əsərləri, ədəbi nümunələr, musiqi əsərləri və elmi-tədqiqat işləri kateqoriyalarında keçirilən yaradıcılıq müsabiqəsi noyabrın 30-na qədər davam edib. Qaliblər dekabrın 16-da keçirilən tədbirdə mükafatlandırılıblar. Bu ilin ötən dövrü ərzində keçirilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında muxtar respublika üzrə 8 minə yaxın gənc iştirak edib, 400-ə yaxın gənc isə mükafatlandırılıb. Hər il olduğu kimi, bu il də yay tətili müddətində gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində yay məktəbi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərin Ağbulaq İstirahət Mərkəzində yay məktəbini keçirib, məktəblilərin həftəsonu istirahətləri təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru bundan sonra da gənclərə yönəldilmiş layihələrin diqqətdə saxlanılacağını bildirib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.
Gənclər adından çıxış edən Naxçıvan Dövlət Universitetinin tələbəsi Aysu Məmmədova ölkəmizdə, eləcə də muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Gənclər adından muxtar respublika rəhbərinə minnətdarlığını ifadə edən Aysu Məmmədova naxçıvanlı gənclərin bundan sonra da davamlı inkişafımız naminə yorulmadan çalışacaqlarını bildirib.
Tədbirin simvolu sayılan tortu kəsmək üçün Yeni ilin simvolu olan Şaxta baba və Qar qız, həmçinin gənclər səhnəyə dəvət olunublar.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bayram tədbiri musiqi və rəqs nömrələri ilə davam edib.
Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının ifasında mahnılar səsləndirilib. Naxçıvan Dövlət Filarmoniyasının və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qruplarının çıxışları olub. Ölkəmizin, o cümlədən muxtar respublikamızın tanınmış müğənnilərinin ifasında səsləndirilən musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb. Azərbaycan Respublikasının Əməkdar artisti İlkin Əhmədovun və Gülay Zeynalovanın ifaları alqışlarla qarşılanıb.
Tədbir çay süfrəsi ətrafında davam edib.
Rauf Əliyev