25 Dekabr 2024, Çərşənbə

Budəfəki məqaləmə iki Tusinin sözləri ilə başlayacağam. Onlardan birincisi böyük Səlcuqlu sultanları Alparslan və Məlikşahın vəziri olmuş, Nizamülmülk adı ilə tanınmış Həsən ət-Tusi, digəri isə qüdrətli Elxanilər dövlətinin qurucusu Hülakü xanın vəziri olmuş, Nəsirəddin Tusi kimi tanıdığımız Məhəmməd ət-Tusidir. Adıçəkilən hər iki şəxs öz dövrünün hökmdarlarına ən yaxın köməkçi olmuş, Nizamülmülk “Siyasətnamə”ni, Nəsirəddin Tusi isə “Əxlaqi-Nasiri”ni yazmaqla təkcə öz dövrləri üçün yox, bütün dövrlər üçün aktual olan idarəçilik prinsiplərindən bəhs etmişlər. Hər iki mütəfəkkirin əsərlərində isə hər bir dövlətin inkişafı, tərəqqisi üçün önəmli olan bir məqam var: nizam-intizam. Bu barədə Nizamülmülk “Siyasətnamə”nin 41-ci fəslində yazır: “Adil və sayıq hakimlər öyrənmədən, götür-qoy etmədən heç bir iş görməzlər, sələflərin adət-ənənələrini soruşar, kitablar oxuyar, işləri öz nizam-intizamı ilə aparmağı əmr edərlər...” Nəsirəddin Tusi isə “Əxlaqi-Nasiri”nin “Əflatunun vəsiyyətləri haqqında” adlanan səkkizinci fəslində işlərə nizam-intizamlı münasibəti belə ifadə edir: “Heç bir işə vaxtı çatmamış başlama. Bir işə girişəndə onu ağıllı-başlı, şüurlu şəkildə, namus, vicdanla yerinə yetir”.

Bəli, doğrudan da, mükəmməl və müdrik fikirlərdir. İnkişaf və tərəqqi üçün nizam-intizam əsas şərtdir.
Naxçıvan Muxtar Respublikasının müasir dövr tarixinə nəzər salsaq görərik ki, Naxçıvanın inkişafı, tərəqqisi və intibahına da məhz işə nizam-intizamlı yanaşma nəticəsində nail olunmuşdur. Ağac və kolların oduncaq kimi yandırıldığı Naxçıvandan minlərlə hektar yaşıllıqlara sahib olan Naxçıvana, dəmir çarpayıların elektrik xətlərinə qoşularaq evlərin qızdırıldığı Naxçıvandan bütün binaları qazanxanalarla təchiz olunmuş Naxçıvana qədərki yol da məhz yuxarıda sadaladığımız xüsusiyyətlər hesabına şərəflə keçilmişdir.
Mən Naxçıvanın o günlərini görmə­mişəm. Lakin Naxçıvanın o günlərini görmüş üç nəfərin danışdığı üç müxtəlif epizod əbədi olaraq yaddaşıma həkk olunub.
Birinci epizodu çox dəyər verdiyim müəllimlərimdən biri danışmışdı. Deyir ki, o zaman hələ məktəbli idim. Ailədə üç qardaş idik və hər gün səhər birimiz çörək almağa gedirdik. Bir qarlı qış günü də növbə mənə düşmüşdü. Səhərin sübhündə atamın aldığı təzə dəri­əvəzləyici materialdan olan gödəkçəmi sevinə-sevinə geyinib çörək növbəsinə getdim. Uzun insan selinin arasından birtəhər keçib bişirdiyi çörəkləri sobadan yenicə çıxarmış çörəkçiyə yaxınlaşdım, bircə isti çörəyi zor-bəla ilə aldım və əlim yanmasın deyə yeni gödəkçəmlə tutub evə tərəf getdim. Çörəyin sevinci məni elə bürümüşdü ki, evə çatana qədər isti çörəyin yeni gödəkçəmi hansı vəziyyətə saldığının fərqində olmamışdım. O gün ərimiş gödəkçənin çörəyə yapışan hissələrini təmizləyib çörəyi birtəhər yemişdik. İndi həmin müəllimim ailə başçısıdır. Bir oğlu və bir qızı var. Bu balacalar çörək növbəsinin nə olduğunu bilmirlər. Onlar yalnız bir növbə bilirlər, o da avtobusa minərkən böyüklərə və yaşlılara yol vermək növbəsidir.
İkinci epizodu indi dövlət məmuru olan bir dostumuz danışmışdı. Deyirdi ki, xalamgillə biz yaxınlıqda yerləşən binalarda qalırdıq. İşıqlar iki saatdan bir növbə ilə verilirdi. Qaz olmadığına görə məcburi surətdə elektrik naqillərini çarpayı dəmirlərinə qoşmaqla “elektrik soba”sı vasitəsilə evi qızdırırdıq. 30-35 dərəcə şaxtanın olduğu o illərdə hər dəfə bizim binada işıq sönəndə bacımla əl-ələ tutub xalamgilə qədər birnəfəsə qaçırdıq. Dəfələrlə yıxılıb əl-ayağımızı əzmişdik. Hər kəsin bir tikə çörəyi zorla qazandığı o zamanda valideynlərimiz hər dəfə xalamgilə getməyə utanırdı. Özləri birtəhər evdə soyuqda dözür, bizə isə xalama “yemək yemişik” deməyi tapşırırdılar.
Üçüncü epizodu isə mənə müsahibələrimizin birində o zamanlar Naxçıvana elmi-tədqiqat üçün gələn türkiyəli tarixçi İbrahim Ethem Atnur danışıb. O deyirdi: “Ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə ilə Naxçıvan arasında bir körpü açıldı. 1992-ci ilin 28 mayında istifadəyə verilən Sədərək-Dilucu körpüsü bizi qardaşlarımızla qovuşdurdu. Mən də dərhal Naxçıvana gəldim. İnanın, o vaxt Naxçıvanda qalanda çox çətinliklərlə qarşılaşdım. İndi bu qarşı tərəfdə gördüyümüz yaraşıqlı “Təbriz” mehmanxanası o vaxt bərbad vəziyyətdə idi. İnsanlar ağacları kəsib evlərinə aparırdılar. Çünki yanacaq yox idi. İndi gözəl bir yaşayış məntəqəsinə çevrilmiş Sədərək o zaman ermənilər tərəfindən bombalanmışdı. Ordubadda, Batabat istiqamətində müharibə gedirdi. Lakin naxçıvanlılar bütün məhrumiyyətlərə baxmayaraq, düşmən qarşısında dirəniş göstərirdilər. Düşmən qarşısında əyilməyən naxçıvanlıların hələ o zaman dost qarşısında necə istiqanlı və səmimi olduqlarını gördüm. O çətin vaxtlarda insanlar mənə çox kömək etdilər”.
Bəli, Vətənin ağır günlərində insanların keçib gedəcək məhrumiyyətlərə səbirli, gördükləri işlərə vicdanlı yanaşması və ən əsası muxtar respublikada məmurundan vətəndaşına qədər hər kəsdən eyni qaydada nizam-intizam tələb edilməsi bu yurdu o gündən bu günə gətirdi. Ən əsası isə bu yanaşma heç zaman səngimədi, əksinə daha da gücləndi, möhkəmləndi. Bu mənada, hələ 2009-cu ilin Naxçıvan Muxtar Respublikasında “Nizam-intizam ili” elan olunması bu yanaşmanın daha da gücləndirilməsi istiqamətində növbəti addımlardan biri olmuşdur. O zaman işdə məsuliyyət hissinin daha da artırılması, yol verilmiş nöqsanların bir daha təkrarlanmaması istiqamətində əməli işlər həyata keçirilmişdir.
Artıq başa vurmaqda olduğumuz 2016-cı il isə “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclasında bu barədə demişdi: “Bu gün sürətlə inkişaf edən, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası məhz güclü nizam-intizamın nəticəsində bu səviyyəyə yüksəlib. Sürətli inkişaf templərini qoruyub saxlamaq üçün nizam-intizama əməl etmək, onun möhkəmlənməsinə çalışmaq zəruridir”.
Ötən bir il ərzində keçilən yola, reallaşdırılan tədbirlərə diqqət yetirsək görərik ki, nizam-intizamın daha da möhkəmləndirilməsi, yol verilən nöqsanların aradan qaldırılması üçün cəmiyyət həyatının müxtəlif sahələrində gedən proseslərin geniş təhlilləri aparılmış, əldə edilmiş nizamlı inkişaf xəttinin daha da möhkəmləndirilməsi üçün əməli tədbirlər həyata keçirilmiş, tapşırıq və tövsiyələr verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qeyd etdiyi kimi: “Hər bir uğurun arxasında insan əməyi və nizam-intizam dayanır. Muxtar respublikamızda 2016-cı ilin “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması isə məsuliyyət hissini daha da artırmış, qəbul edilmiş dövlət proqramları vaxtında icra olunmuş, nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilmiş, sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamika qorunub saxlanılmışdır”.

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR