Naxçıvan Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq XX yüzilliyin 90-cı illərinin əvvəllərində Azərbaycançılıq və milli həmrəylik ideyalarının daha geniş vüsət aldığını, Naxçıvanda baş verən hadisələrlə müstəqillik uğrunda şərəfli mübarizənin təməlinin qoyulduğunu, xalqın mütəşəkkillik, milli əqidə və bütövlük nümayiş etdirdiyini xatırladıb. Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin xalqımızın milli birlik əldə etməsində, Azərbaycan diasporunun müstəqil Azərbaycan dövlətinin siyasətinin, milli maraqlarımızın müdafiəsi məqsədilə birləşməsi və koordinasiyasında misilsiz xidmətləri olduğunu vurğulayıb.
Konfransda Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, dosent Şəmil Mahmudovun “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyevin “Milli birlik və Azərbaycançılıq ideyaları bu gün uğurla davam etdirilir”, universitetin Tələbə-Gənclər Təşkilatının sədri, Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayevin “Həmrəyliyimiz birliyimizdir” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə xalqımızın milli müstəqillik və həmrəylik uğrunda keçdiyi şərəfli mübarizə yolundan, dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı imzaladığı qərarın tarixi əhəmiyyətindən, ümummilli liderin Vətən sevgisindən, Azərbaycanı dünyada təbliğ etmək, xaricdə yaşayan soydaşlarımızın tarixi vətənləri ilə sıx əlaqə qurması istiqamətində gördüyü işlərdən, bu məqsədyönlü siyasətin bugünkü uğurlu davamından bəhs olunub.
Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xronikasını əks etdirən tarixi kadrlar, Azərbaycanın və dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələrin bayram təbriklərindən ibarət videoçarx izlənilib.
Mehriban SULTAN