Şərur Rayon Olimpiya-İdman Kompleksində rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayonun ictimai həyatında və idman sahəsində fərqlənən yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidov çıxış ediblər. Çıxış edənlər muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətindən, bu siyasətin nəticəsi olan uğurlardan, gənclərin ictimai həyatdakı fəallıqlarından danışıblar. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında yaşayan gənclərin intellektual səviyyələrinin yüksəldilməsi, onların ixtisaslı mütəxəssislər kimi yetişməsi, dövlətimizə və dövlətçiliyimizə sədaqət ruhunda formalaşdırılması bu gün prioritet vəzifələr sırasındadır.
Vurğulanıb ki, gənclər onlara yaradılan imkanlardan səmərəli istifadə edir, muxtar respublikanın ictimai-siyasi həyatında öz sözlərini deyirlər. Bu gün gənclərin yüksək vəzifələrə irəli çəkilmələri onlara göstərilən etimadın ifadəsidir. Gənclər də bu etimadı doğrultmağa çalışırlar. Şərurlu gənclər də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində səylərini əsirgəmirlər. Bütün bunlar isə rayonun, muxtar respublikanın, nəticə etibarilə, ölkəmizin inkişafına gənclərin töhfəsi kimi dəyərləndirilməlidir.
Daha sonra tədbir musiqi nömrələri ilə davam edib.
Tədbirdə müxtəlif sahələrdə fərqlənən fəal gənclərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim olunub.
Analoji tədbirlər Şahbuz, Culfa, Kəngərli, Babək, Sədərək və Ordubad rayonlarında da keçirilib. Həmin bölgələrin fərqlənən gəncləri də nazirlik tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun Məmmədov