Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində muxtar respublikanın inzibati ərazi dairələrində statistika uçotunun aparılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqədən keçən şəxslərlə görüş keçirilib.
Görüşdə çıxış edən komitənin sədri Kamal Cəfərov deyib ki, komitə əsas fəaliyyət istiqamətlərini, vəzifə və hüquqlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 6 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun qurub.
Bildirilib ki, son dövrlər komitədə kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində 2 yeni idarə – Naxçıvan Şəhər və Kəngərli Rayon Statistika idarələri yaradılıb, komitə aparatına yeni ştat vahidləri verilib. Ötən dövr ərzində komitənin aparatı və Naxçıvan Şəhər Statistika İdarəsi üçün yeni inzibati bina inşa olunub, Şərur, Kəngərli, Ordubad, Şahbuz və Sədərək Rayon Statistika idarələrində çalışan işçilərin iş şəraiti yaxşılaşdırılıb.
Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafını, cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən statistik göstəricilər sisteminin müasir standartlar səviyyəsinə çatdırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 12 yanvar tarixli Sərəncamı ilə “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” təsdiq olunub.
Kamal Cəfərov deyib ki, bu gün muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sosial sahənin inkişafı üzrə aparılan tədbirlərin genişmiqyaslılığı rəsmi statistikanın da davamlı qaydada təkmilləşdirilməsi zərurətini yaradıb. Məhz bu zərurət nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasında statistika işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 1 iyun 2016-cı il tarixdə Sərəncam imzalanıb. Həmin sərəncamın icrası istiqamətində komitə aparatında İnzibati ərazilər üzrə məlumatların statistikası və təhlili şöbəsi, şəhər və rayon statistika idarələrində isə İnzibati ərazi dairələri üzrə məlumatların toplanması şöbələri fəaliyyətə başlayıb.
Vurğulanıb ki, inzibati ərazi dairələri üçün aktual statistik göstəriciləri özündə əks etdirən və beş bölmədən ibarət təsərrüfatbaşına kitab hazırlanıb. Təsərrüfatbaşına kitabın birinci bölməsində təsərrüfat üzvlərinin siyahısı, ikinci bölmədə təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı, üçüncü bölmədə təsərrüfatın xüsusi mülkiyyətində və ya istifadəsində olan torpaq, dördüncü bölmədə təsərrüfatın xüsusi mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı texnikası, beşinci bölmədə isə təsərrüfata məxsus tikililər qeyd olunub. Təsərrüfatbaşına kitabın işlənilməsinə dair göstərişlər hazırlanıb və işin normal aparılması üçün müvafiq izahlar verilib.
Komitə sədri diqqətə çatdırıb ki, bu gün keçirilən görüş və seminarla yanaşı, komitə aparatının aidiyyəti şəxslərinin iştirakı ilə şəhər və rayonlarda işçilərin peşə hazırlığı üzrə seminarlar təşkil olunacaqdır.
Tədbirdə komitə aparatının Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri Məhərrəm Məmmədovun təsərrüfatbaşına kitaba əlavə edilmiş yeniliklər və işin mahiyyəti haqqında çıxışı olub.
Komitə aparatının İnzibati ərazilər üzrə məlumatların statistikası və təhlili şöbəsinin müdiri Əliheydər Qurbanlı təsərrüfatbaşına kitabın işlənilməsi haqqında tədbir iştirakçılarına slayd vasitəsilə geniş məlumat verib.
Tədbirə komitənin sədri Kamal Cəfərov yekun vuraraq qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasında statistika işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 1 iyun tarixli Sərəncamının icrası muxtar respublikada sosial-iqtisadi inkişafı və cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən statistik göstəricilərin hazırlanmasına şərait yaratmaqla bərabər, Naxçıvanın gələcək inkişafı üzrə həyata keçiriləcək tədbirlərin istiqamətinin müəyyənləşdirilməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti