Qədim Naxçıvan diyarının tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam etdirilir.
Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşları Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək üçün onun doğulduğu Naxçıvan şəhərində ev-muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 19 iyun tarixli Sərəncam imzalamışdır. Muzeydə Cəlil Məmmədquluzadənin özünə və ailə üzvlərinə həsr olunmuş rəsm əsərləri, yaşadığı dövrə məxsus məişət əşyaları, ədibin qızı Münəvvər xanıma məxsus piano, hekayələri əsasında hazırlanmış panoramlar və maketlər nümayiş etdirilir. 2060 eksponatı özündə cəmləşdirən muzeyin ekspozisiyasında hazırda 273 ədəd eksponat nümayiş olunur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Hərbi Prokurorluğun və Naxçıvan Şəhər Prokurorluğunun kollektivləri Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində, Ədliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Xatirə Muzeyində, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin, muxtar respublikanın Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində, İqtisadiyyat, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin kollektivləri Cəmşid Naxçıvanskinin ev-muzeyində, Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar, Səhiyyə nazirliklərinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar.
Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyini, Standartlaşdırma, Metrologiya və Patent, Ailə, Qadın və Uşaq Problemləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitələrinin kollektivləri Ədəbiyyat Muzeyini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin, Dini Qurumlarla İş üzrə İdarənin kollektivləri Heydər Əliyev Muzeyini, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun və Mərkəzi Seçki Komissiyasının əməkdaşları Dövlət Bayrağı Meydanı və Muzeyini, Dövlət Meliorasiya və Su Təsərrüfatı, Dövlət Statistika, Dövlət Televiziya və Radio Verilişləri komitələrinin, Televiziya və Radio Şurasının, “Şərq qapısı” qəzetinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, “Naxçıvanqaz” İstehsalat Birliyinin kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini ziyarət etmişlər.
Muzeylərə gələnlər həmin mədəniyyət müəssisələrinin yaradılması, fəaliyyəti, muzeylərdə nümayiş və mühafizə olunan eksponatlar barədə ətraflı məlumatlar almışlar.
Həmin gün muxtar respublikanın rayonlarındakı idarə, müəssisə və təşkilatların əməkdaşları da müvafiq olaraq rayon ərazisində yerləşən muzeyləri ziyarət etmişlər.
Rauf Əliyev