25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında yol təsərrüfatında idarəetmə strukturunun yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin kollektivi əvvəlcə ümummilli liderimizin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Sonra tədbir Avtomobil Yolları Dövlət Şirkətində davam etdirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov qeyd edib ki, Azərbaycan SSR Avtomobil Yolları Təmiri və İstismarı Nazirliyinin 1986-cı il 25 dekabr tarixli əmri ilə Naxçıvan Avtomobil Yolları Təmiri və İstismarı İdarəsi fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1996-cı il 9 dekabr tarixli Fərmanına əsasən isə Naxçıvan Avtomobil Yolları Təmiri və İstismarı İdarəsinin bazasında Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti yaradılıb. Ötən dövr yol təsərrüfatında çalışan işçilər üçün uğurlu olub. Naxçıvanda müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. Asəf Məmmədov qazanılan uğurlara, əldə olunan nailiyyətlərə görə kollektivi təbrik edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin baş direktoru Bəhruz Əsgərov “Naxçıvanda müasir yol infrastrukturu yaradılır” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, yol-nəqliyyat kompleksinin də yenidən qurulmasına, müasir avtomobil yollarının çəkilişinə əlverişli şərait yaradıb. Hazırda bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə­mizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikanın yaşayış məntəqələrində – şəhər, qəsəbə və kənd­lərdə avtomobil yolları yenidən qurulub.
Naxçıvan Muxtar Respublikası Böyük İpək Yolunun üzərində yerləşir. Ona görə də həyata keçirilən quruculuq tədbirləri zamanı yol tikintisinə, xüsusilə Böyük İpək Yolunun bərpasına diqqət yetirilir. Son illər uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, uzunluğu 34 kilometr olan Naxçıvan-Culfa və uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Magistral avtomobil yollarının yenidən qurulması və Böyük İpək Yolunun bərpası Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər”.
Bildirilib ki, muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikası Prezidenti­nin müvafiq sərəncamlarına uyğun olaraq 5 yaşayış məntəqəsini əhatə edən Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, 20 yaşayış məntəqəsini əhatə edən Çeşməbasar-Boyəhməd, 13 kəndi əhatə edən Hacıvar-Vayxır-Sirab və 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq istismara verilib.
“İqtisadi inkişafın başlıca şərtlərindən biri də yol infrastrukturunun yenidən qurulmasıdır. Muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi də yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinə, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olub”, – deyən Bəhruz Əsgərov bildirib ki, son illər muxtar respublikamızda kəndlərarası və kənddaxili avtomobil yolları da daxil olmaqla salınan avtomobil yollarının həcmi sovet dövründə salınmış avtomobil yollarının həcmindən dəfələrlə çoxdur. Hər il payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən kompleks tədbirlər muxtar respublikada mövcud olan 274 kilometr dövlət əhəmiyyətli və 1199 kilometr yerli əhəmiyyətli avtomobil yollarında qarlı-çovğunlu günlərdə belə, hərəkətin intensivliyini tam təmin edir.
Bu sahədə reallaşdırılan layihələrin əsas hədəfi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bütün bu işlərdə isə avtomobil yol işçilərinin üzərinə mühüm vəzifələr düşür. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin kollektivi mövcud imkanlardan səmərəli istifadə edərək bundan sonra da muxtar respublikanın yol-nəqliyyat infrastrukturunun inkişafına öz töhfəsini verəcəkdir.
Məruzə ətrafında Ordubad Rayon Yol Təmir-İstismar İdarəsinin rəisi Müslüm Mehdiyev və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin sektor müdiri Talıb Babayev çıxış ediblər.
Yubiley tədbirində “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 dekabr 2016-cı il tarixli Sərəncamı oxunub. Naxçıvan Muxtar Respublikasında yol-tikinti sahəsində səmərəli fəaliyyətlərinə görə təltif olunanlara “Rəşadətli əməyə görə” nişanı və vəsiqələri təqdim edilib. Şirkətə istənilən hava şəraitində istər magistral, istərsə də ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarına nəzarət etmək imkanı olan, yüksək texniki göstəricilərə malik “Land-Rover” markalı xidməti avtomobil verilib.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə, yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR