25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində görkəmli alim Aqil Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq elmi-praktik konfransın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq keçirildiyini deyib.
Rektor bildirib ki, görkəmli alim səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib. Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi Aqil Əliyevin əsas elmi fəaliyyəti kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəlib. Onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub.

Bildirilib ki, o, məhsuldar elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Alim uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxuyub, kafedra müdiri vəzifəsində çalışıb.
Sonra AMEA Naxçıvan Böl­məsinin sədri, akademik İsmayıl Hacıyevin “Aqil Əliyev görkəmli elm xadimi kimi”, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı, dosent Mehdi Bağırovun “Aqil Əliyev Azərbaycan iqtisad məktəbinin tanınmış simalarından biri kimi”, Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Ceyhun Mahmudovun “Azərbaycan iqtisad elminin inkişafında Aqil Əliyev töhfələri”, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarovanın “Aqil Əliyev və məhsuldar qüvvələr nəzəriyyəsi” mövzularında çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafı məsələləri elmdə müxtəlif aspektlərdə araşdırılır. Görkəmli alim Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqlar aradan qaldırılıb. O, bu həssas istiqamətdə baş verən prosesləri təqdim etmək üçün sosial siyasətdən daha çox sosial həyatın reallıqlarını öyrənib ümumiləşdirməyə üstünlük verib. Görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb. Beləliklə, elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyənləşdirilib. Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə xidmət edir. Ötən əsrin son rübündə həyat səviyyəsinin problemləri üzrə Azərbaycanın ən tanınmış iqtisadçılarından biri olan Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də qayğıkeş insan idi.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR