Dünyada idarə olunan iqtisadi böhranın tüğyan etdiyi, neft istehsalı üzrə ixtisaslaşmış ölkələrin uzun illər nefti idxal etmiş ölkələr tərəfindən ciddi sınağa çəkildiyi bir dönəm çətinlikləri ilə yanaşı, həm də bir sıra müsbət tərəfləri ilə xarakterizə edilə bilər. Belə ki, böhran dövrünün şərtləri daxilində istehsalçılar yeni mexanizmləri düşünüb tapmaq məcburiyyətindədirlər. Məhz belə model və mexanizmləri tapan və bu mexanizmləri uğurla gerçəkləşdirən iqtisadi subyektlər postböhran dövrünün (böhrandan sonrakı dövrün) yeni iqtisadi qüdrətləri roluna sahiblənə biləcəklər. Deməli, böhran həm də insanları daha dərindən və məntiqli düşünməyə, əldə olan resurslardan qənaətlə, məqsədyönlü və səmərəli istifadə etməyə məcbur edəcəkdir. Bu da nəinki ayrı-ayrı ölkələrin, ümumilikdə, dünyanın gələcəyi üçün çox vacibdir.
Naxçıvanın isə hər hansı çətin iqtisadi şəraitə uyğunlaşması üçün strateji işlər son 20 il ərzində reallaşdırılıb. Lazımi infrastruktur yaradılıb, yerli istehsal stimullaşdırılıb, mövcud iqtisadi resurslardan istifadə imkanları və hansı sahələrin prioritet ola biləcəyi ilə bağlı tövsiyələr dəfələrlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışlarında öz əksini tapıb. Düşünürük ki, bugünkü şəraitdə bu istiqamətlərin sahibkarlara xatırladılmasına ehtiyac var.
İqtisadi təhlükəsizliyin təmin olunması üçün, ilk növbədə, yerli istehsalın stimullaşdırılması zəruri hesab edilən Naxçıvanda hələ illər öncə “kəndlini torpaqdan ayırmaq olmaz” prinsipi rəhbər tutularaq kəndlərdə müxtəlif işlər həyata keçirilib. Hətta ucqar kənd məktəblərinin belə, hər cür resurs və avadanlıqlarla təmin edilməsi, müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə rabitə xidmətinin yüksəldilməsi, kənd mərkəzlərində müxtəlif inzibati strukturların cəmləşdirilməsi və sair kimi addımlar məhz kəndliyə vaxtının çoxunu kənddə keçirə bilmək imkanının yaradılması üçün idi. Heç də təsadüfi deyildi ki, hələ böhranın “addım səslərinin” eşidilmədiyi vaxtlarda, 2014-cü ildə qarşıdan gələn 2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdi.
Ötən illərdə muxtar respublikada istehsalı mövcud olan məhsulların idxalının məhdudlaşdırılması tədbirləri də yerli istehsalı stimullaşdırmaq üçün atılmış addımlardan idi. Məsələn, pulumuzun bol, işləmək həvəsimizin isə az olduğu vaxtlarda kəndlinin kartofu becərdiyi mövsümlərdə muxtar respublikaya bu məhsulun gətirilməsinin məhdudlaşdırılması çoxumuzun, yumşaq dillə desək, “xətrinə dəyirdi”. Amma bu gün bizə aydın olur ki, böhran dönəmində məhsulların qiymətini dollarla ekvivalentləşdirən xarici ixracatçılar “xətir-hörmət” məsələsinə baxmır və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq hər kəs daha çox qazanmaq istəyir. Yadımdadır, Naxçıvanda uşaq bezi istehsalının stimullaşdırılması üçün sahibkarlara kreditlər ayrılanda bir tanışımız “neyniyirik axı…, xarici malı qoyub Naxçıvan istehsalını alan kimdir?” demişdi. Amma indi Naxçıvanda istehsal olunan bu məhsulun qiyməti ilə oxşar xarici məhsulların qiymətləri arasında ən azı 50 faiz fərq var. Hətta bu yaxınlarda qardaş Türkiyədən gəlmiş qonaqlarımızdan biri geriyə qayıdarkən çamadanının birini məhz “Pambıq” məhsulu ilə doldurmuşdu…
Təbii ki, böhran dövründə də yerli istehsalın stimullaşdırılması davam edəcək və bacarığına güvənən hər bir şəxs azad sahibkarlığa yaradılan şəraitdən istifadə edə bilər.
İqtisadiyyatın kənd təsərrüfatı və sənaye kimi istiqamətlərinin inkişafı ilə yanaşı, muxtar respublikanın mövcud turizm resursları da bu istiqamətin inkişafı üçün geniş imkanlar açır. Dövlət turizmin inkişafı üçün, demək olar ki, hər şeyi edib. Tarixi abidələr bərpa edilib, yollar çəkilib, nəqliyyat infrastrukturu formalaşdırılıb, müasir otellər istifadəyə verilib. Muxtar respublikanın turizm imkanlarının tanıdılması üçün bir sıra informasiya resursları yaradılıb. İndi bacarıqlı sahibkarların öhdəsinə düşən məsələ turistlərə individual – fərdi yanaşmanı tətbiq etməklə Naxçıvana turistlər gətirməkdir. Bunun üçün isə ciddi imicə malik olan turizm şirkətlərinə ehtiyac duyulur ki, bu istiqamət də sahibkarlar üçün cəlbedici ola bilər. Təkcə 2016-cı ilin yanvar-noyabr ayları ərzində muxtar respublikaya 368 min 845 nəfər turistin gəldiyini nəzərə alsaq və bu rəqəmi turizm şirkətlərinin fəallığı nəticəsində iki-üç dəfə artırmağın mümkün olduğunu göz önünə gətirsək, bu sahənin əhəmiyyətliliyi üzə çıxar.
İnformasiya xidmətləri və beyin məhsullarının satışı sahəsində də bir sıra münbit sahələr vardır ki, sahibkarlar bu sahələrdə fəaliyyət göstərməklə həm iqtisadiyyatımıza, həm də özlərinə xeyir verə bilərlər. Məsələn, uzun illər ərzində aparılmış müxtəlif elmi tədqiqatlar nəticəsində elmi qurumlarda bir sıra dərman bitkiləri, o bitkilərdən müalicəvi yağların alınması üsulları öyrənilsə də, bir sıra məhsulların hətta patentləri alınsa da, təəssüf ki, bunun geniş istehsalata tətbiqi üçün heç bir sahibkar təşəbbüsünə rast gəlinməyib. Halbuki bu gün əczaçılıq sənayesi dünyada ən gəlirli sahələrdən biri hesab edilir və yaxın qonşu ölkələr belə, bu sahədən ciddi gəlir götürməkdədirlər.
İnformasiya xidmətləri dedikdə isə biz təkcə internet və mobil rabitə xidmətlərini nəzərdə tutmuruq. Məlumdur ki, artıq Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə nəhəng işlər görülüb və muxtar respublikanın mobil rabitə operatoru olan “Naxtel” kifayət qədər iddialı şəkildə ölkənin mobil rabitə bazarına daxil olub. Lakin biz hələ də müxtəlif internet saytlarının yaradılması, proqramlaşdırma, yaradılan proqramların satılması kimi kifayət qədər gəlirli hesab edilə biləcək bir istiqamətdə xidmət fəaliyyəti ilə çıxış edən sahibkarlıq subyektlərinə rast gəlmirik. Halbuki bu istiqaməti inkişaf etdirməklə nəinki yerli maliyyə resurslarının kənara (paytaxta və yaxın xarici ölkələrə) axmasının qarşısını almaq, eləcə də əlavə maliyyə vəsaiti cəlb etmək mümkündür.
Naxçıvan Muxtar Respublikasında professional tərcümə mərkəzlərinin yaradılması da gəlirli və hələki boşluq olan sahələrdən biri sayıla bilər. Məlumdur ki, müxtəlif kitabların, məqalələrin, təbliğat materiallarının xarici dillərə tərcüməsi ya ayrı-ayrı fərdi şəxslər tərəfindən edilir, ya da genişhəcmli materiallar paytaxt Bakı şəhərində yerləşən tərcümə mərkəzlərinə göndərilərək orada tərcümə olunur. Xarici dillərə ən ucuz tərcümənin bir səhifəsinin ən azı 10 manata edildiyini nəzərə alsaq, illik kənara axan maliyyə vəsaitinin həcmini təsəvvürümüzə gətirə bilərik.
Yeni iqtisadi dövrün tələblərindən ən başlıcası isə məhsulun təkcə daxili bazar tələbatı üçün deyil, həm də ixracat üçün hazırlanmasıdır. Çünki xarici bazarın da tələblərinə uyğun keyfiyyətli məhsul istehsalına çalışmadan və bu məhsulların brendləşməsinə və ixracına nail olmadan ciddi istehsalçı, ciddi şirkət imicini qazanmaq mümkün deyildir.
Bu məqamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində söylədiyi bu sözləri xatırlatmaq yerinə düşər: “Yeni dövr yeni vəziyyət, yeni yanaşmalar tələb edir. Ona görə də indiki şəraitdə sahibkarlıq daha da genişləndirilməli, sahibkarlara daha yaxşı şərait yaradılmalı, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir”.
Elnur Kəlbizadə