Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Dünya azərbaycanlılarının həmrəyliyi – ideyadan gerçəkliyə” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Mövzu ilə bağlı çıxış edən Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva bildirmişdir ki, XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi idi. Bu ideyanın müəllifi ulu öndərimiz Heydər Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin ilin son günü həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, milli birliyə nail olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, Azərbaycançılıq anlayışı milli ideologiyaya çevrilmiş, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri genişləndirilmiş, milli diaspor təşkilatlarının yaradılmasına başlanılmışdır.
Konfransda AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Dünya azərbaycanlılarının həmrəyliyi və həyata keçirilən təşkilati işlər”, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Qıvraq qəsəbə ərazi ilk təşkilatının sədri Yunis Ələkbərov “Azərbaycan diasporası, lobbiçiliyi və müstəqil Azərbaycan”, YAP Kəngərli Rayon Təşkilatı Gənclər Birliyinin sədri Süleyman Süleymanov “Dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsində qurultayların rolu”, Böyükdüz kənd ərazi ilk partiya təşkilatının sədri Vaqif Babayev “Vətənçilik hissi və dünya azərbaycanlılarının həmrəyliyi” mövzularında çıxış etmişlər.
Çıxışlarda bildirilmişdir ki, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirmişdir. Dünya azərbaycanlıları, ilk növbədə, öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Azərbaycan dövləti də Vətənimizin get-gedə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaradır. Bu vəzifələrin uğurla icrasını təmin etmək üçün ulu öndər, ilk növbədə, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi adlandırılıb) yaradılması haqqında fərman imzalamış, 2001-ci ilin noyabrında isə Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirilmişdir. Bu tədbir xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında birləşməsi və təcavüzkar düşmənə qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə idi. Məhz bundan sonra dünya ölkələrində saxtakar erməni təbliğatına sarsıdıcı zərbələr endirilməyə başlanmışdır.
Qeyd edilmişdir ki, ümummilli liderin Azərbaycan diasporu ilə bağlı ideyalarının həyata keçirilməsi istiqamətində bu gün ardıcıl iş görülür. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək ardıcıl və qətiyyətli addımlar atır. Dövlət başçısının təşəbbüsü ilə 2006-cı ilin martında Dünya Azərbaycanlılarının İkinci Qurultayı keçirilmişdir. Bu tədbirdə Prezident İlham Əliyev təkcə dünya azərbaycanlılarının birləşdirilməsi ilə kifayətlənməməyi, Azərbaycan və türk diasporlarının birləşərək amansız və məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparmasını tövsiyə etmişdir. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan bağlılıqlarını artırmışdır. 2011-ci ildə dünya azərbaycanlılarının III, 2016-cı ildə isə IV qurultayı keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl xarakter almasının nəticəsində bu gün ölkəmizi xaricdə 400-dən çox diaspor təşkilatı təmsil edir. 2012-ci ilin mart ayında yaradılmış Dünya Azərbaycanlı Gənclər Birliyi də dünya azərbaycanlılarının həmrəyliyi işinə öz töhfələrini verməkdədir. Rusiyanın Moskva, Amerika Birləşmiş Ştatlarının Hyuston, Fransanın Paris və Türkiyənin Kocaeli şəhərlərində artıq fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət mərkəzləri zəngin mədəni irsimizin təbliği ilə yanaşı, diasporumuzun imkanlarını da xeyli genişləndirməkdədirlər.
Xəbərlər şöbəsi