Son günlər Naxçıvan Muxtar Respublikasında hökm sürən qarlı və şaxtalı hava şəraiti təbii qaza tələbatı artırıb. Muxtar respublikada bütün yaşayış məntəqələrinin qazlaşdırılması yaradılmış şəraitdən lazımınca istifadə etməyə imkan verir. 2016-cı il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə “Naxçıvanqaz” İstehsalat Birliyinin qarşısına da mühüm vəzifələr və tapşırıqlar qoyulub.
Birlikdən aldığımız məlumata görə, bu sahədə mühüm tədbirlər həyata keçirilib, muxtar respublikanın qaz təsərrüfatında 2016-cı il oktyabr ayının 20-nə qədər payız-qış mövsümü ilə bağlı bütün işlər başa çatdırılıb. Hazırda “Naxçıvanqaz” İstehsalat Birliyi əhalinin mavi yanacağa olan tələbatının artmasını nəzərə alaraq təbii qazın verilişini qış rejiminə uyğun olaraq tərtib olunmuş texnoloji rejimlə tənzimləyir. İstər Naxçıvan şəhərinə, istərsə də muxtar respublikanın rayonlarına təbii qaz texnoloji rejimə uyğun olaraq verilir və təbii qaz istehlakçıları keyfiyyətli və dayanıqlı mavi yanacaqla təmin olunurlar.
Məlumatda qeyd olunur ki, birliyin müvafiq strukturları təbii qaz istehlakçılarına göstərilən xidmətin keyfiyyətini, xidmətə nəzarəti və qış fəslində yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün iş rejimini daha da gücləndirib. Belə ki, Qaz İstismarı idarələrinin xidməti ərazilərində – rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində qaz xətləri və bu xətlər üzərində quraşdırılmış tənzimləyici şkaflar, siyirtmələr təftiş edilib, korroziyaya uğramış borular dəyişdirilib. Eyni zamanda yaşayış məntəqələrində istismarda olan yaşayış evlərində, ictimai təyinatlı binalarda və digər istehlakçılar tərəfindən istismar edilən obyektlərdə qaz şəbəkəsinə, avadanlıqlarına qrafik üzrə texniki baxış keçirilib və tələb olunan işlər müvafiq qaydada aparılıb. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qazanalizatorlar vasitəsilə yoxlanılaraq, aşkarlanan qaz sızmaları texniki-təhlükəsizlik qaydalarına uyğun olaraq aradan qaldırılıb. Mövsümə uyğun olaraq qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim formaları da normaya uyğun bərpa olunub, həmçinin birlik üzrə maşın-mexanizmlər, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb, onlar çətin hava şəraitində yaxşı işləməsi üçün tam yararlı hala gətirilib.
Məlumatda o da bildirilir ki, muxtar respublika ərazisində təbii qazın verilişi ilə bağlı heç bir məhdudiyyət yoxdur və havaların soyuq, şaxtalı keçdiyi dönəmdə də təbii qazı məhdudlaşdıracaq hər hansı planlı işlərin görülməsi nəzərdə tutulmur, yalnız qəza halları, qaz sızması baş verərsə, bu vaxt “Naxçıvanqaz” İstehsalat Birliyinin Əsaslı təmir və tikinti şöbəsi tərəfindən dərhal qəza şəraiti aradan qaldırılır. Bundan əlavə, birliyin 104 nömrəli qaynar xətti fasiləsiz fəaliyyət göstərir. Muxtar respublikada şəhər, rayon Qaz İstismarı idarələrinin qəza dispetçer xidmətlərinə gün ərzində istər əhali, istərsə də qeyri-əhali qruplarından olan təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər səbəblərə görə müxtəlif xarakterli çağırışlar daxil olur. Çağırışlar daxil olan anda hadisə yerinə gedilir, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və fasiləsiz təbii qazın nəqli bərpa olunur. Eyni zamanda havaların soyuq keçməsinə baxmayaraq, Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması da davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikada təbii qaz istehlakçılarının mavi yanacağa olan tələbatının tam ödənilməsində heç bir çətinlik gözlənilmir.
Səbuhi Həsənov