Yeni obyektlərin istifadəyə verildiyi Hacıvar və Badaşqan kəndlərindən reportaj
Ölkəmizin ən qocaman mətbuat orqanlarından biri olan “Şərq qapısı”nda işlədiyim 15 ildən artıq bir müddət ərzində bu qəzet mənim həm də muxtar respublikanın bütün yaşayış məntəqələrini, o cümlədən ən ucqar dağ və sərhəd kəndlərini yaxından tanımağıma, bir-birindən fərqli xarakterli insanlarla görüşməyimə, yol baxımdan 1-2 kilometr məsafədə yerləşən kəndlərin bir-birindən gözəl, bəzən də fərqli adət-ənənələri ilə tanış olmağıma imkan verib. Gördüklərimdən çıxardığım nəticə bir olub: harada yaşamasından asılı olmayaraq, torpağa bağlılıq, dünənə ehtiram, sabaha cavabdehlik hissi, insana qayğı varsa, orada bütün çətinliklərə qalib gəlmək, yeni həyat qurmaq, böyük uğurlar qazanmaq olar.
Bu hissləri doğma Naxçıvanı sevən hər bir insan yaşaya bilər. Fəxrlə deyim ki, bəhs etdiyim dövr ərzində həmin duyğuları, bəlkə də, yüz dəfə yaşamışam. İstər paytaxt şəhərimiz Naxçıvanda, istərsə də ucqar dağ və sərhəd kəndlərimiz Nürgütdə, Şadada, Teyvazda, Gərməçataqda, Yuxarı Buzqovda...
Son vaxtlar Babək rayonunun Məzrə, Ordubad rayonunun Baş Dizə kəndlərində bu hissləri yenidən yaşadım. Ardınca isə paytaxt şəhərimizin bir addımlığında yerləşən Hacıvar və Badaşqan kəndlərində.
Dəfələrlə Babək rayonunun bu qol üstündə yerləşən kəndlərində olmuşam, bu yoldan keçmişəm. Hər keçdikcə gördüyüm yeniliklər qəlbimi dağa döndərib. Şəhərlə kənd arasındakı fərqin aradan qaldırılmasına, insanların neçə illər yığışıb qalmış problemlərinin həllinə yönəlmiş tədbirlər, sözün həqiqi mənasında, şəxsən mənim üçün artıq adi görünsə də, bu işlərin təməlində dayanan xeyirxah missiyanın çətinliklərlə başa gəlməsini düşünmüşəm. Elə o anda da fikirləşmişəm ki, bu gün heç bir naxçıvanlı “blokada” sözü ilə razılaşmır; çünki nail olduğumuz bugünkü həyat səviyyəsi “blokada şəraitində yaşamaq” ifadəsinin üstündən böyük bir xətt çəkib...
* * *
Babək rayonunun Hacıvar və Badaşqan kəndləri yenidən məni həmin duyğuların “burulğanına” saldı. Bu yaşayış məntəqələrində dekabr ayının 9-da sosial obyektlər istifadəyə verilib. Kənd yolu yenidən qurularaq, yeni kənd mərkəzi tikilərək istifadəyə verilib.
Müasir tələblər səviyyəsinə gətirilən 4,7 kilometrlik kənd yolu genişləndirilib, asfalt örtük salınıb, kənddaxili məhəllə yolları da yenidən qurulub. Yolun üzərində 68 su keçidi qoyulub, 1250 metr beton kanal çəkilib. Kənd tam orta məktəbinin direktoru Səmayə Xəlilova deyir ki, əgər Naxçıvanın bugünkü simasını əks etdirən şəkillərə 15-20 il bundan əvvəl baxsaydıq, deyərdik ki, bu, xəyaldır, yuxudur. Yəni diyarımızın indiki mənzərəsinə inanmazdıq. İnanmazdıq ki, Naxçıvan belə sürətlə inkişaf edəcək, insanların rahat yaşaması və işləməsi üçün hərtərəfli şərait yaradılacaq. Ancaq atalarımız demişkən, görünən dağa bələdçi lazım deyil. Bu gün bizim kənddə gördüklərinizi muxtar respublikanın kəndlərinin əksəriyyətində görə bilərsiniz. Kənd və xidmət mərkəzləri tikilib, səhiyyə müəssisələri, məktəblər tamamilə yenilənib. Yeri gəlmişkən onu da deyim ki, yeni məktəb binasının sevincini hacıvarlılar hələ 2005-ci ildə yaşayıblar. Bu gün muxtar respublikada həyata vəsiqə alan yeni obyektlərdə müasir iş şəraiti yaradılır. Maddi-texniki baza gücləndirilir, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizat diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə insanların məskunlaşmasını gücləndirir, onların fəal həyat mövqeyini düzgün formalaşdırır. Çəkilən zəhmət isə hər bir naxçıvanlı tərəfindən yüksək dəyərləndirilir.
Kənd ağsaqqalları ilə yeni kənd mərkəzinin həyətində görüşürük. Məlumat üçün bildirək ki, mərkəzdə kənddə fəaliyyət göstərən dövlət qurumları üçün müasir iş otaqları ayrılıb. Binanın birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, kitabxana, baytarlıq və feldşer-mama məntəqələri, ikinci mərtəbədə isə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika otağı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və 44 yerlik iclas zalı yerləşir.
Rabitə evində 384 yerlik müasir ATS quraşdırılıb, dayanıqlı rabitə və sürətli internet xidmətinin göstərilməsi təmin edilib. Poçt bölməsində müvafiq xidmətlərlə yanaşı, əhaliyə bank xidməti də göstərilir. Kənddə həyata keçirilən kompleks quruculuq tədbirləri səhiyyə sahəsini də əhatə edib. Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb, məntəqə lazımi tibbi avadanlıqlarla təchiz olunub.
Kənd ağsaqqalı Əkbər Quluzadənin sevincini öz sevincimiz kimi qəbul edirik:
– Naxçıvanın bir addımlığında yaşasaq da, Hacıvarda sovet dönəmində gözəgələn bir obyekt inşa olunmayıb. Sağ olsun dövlətimizi. Bu gün Hacıvar muxtar respublikanın ən gözəl kəndlərindən birinə çevrilib. Başa düşürük ki, bütün bunlar hamısı bizim üçün, bizim yaxşı yaşayışımız üçündür. Buna görə də biz də çalışacağıq ki, təsərrüfatlarımızda bol məhsul yetişdirək, iqtisadiyyatımızı inkişaf etdirək və bununla bizə göstərilən qayğıya cavab verək.
Həmin gün hacıvarlılar xidmət mərkəzinin də sevincini yaşayıblar.
Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Mağazalarda yerli məhsulların satışına daha çox üstünlük verilir. Xidmət mərkəzində kənd sakinlərinin fərdi təsərrüfatlarında istehsal etdikləri məhsullar çoxluq təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov aparılan quruculuq işlərindən sonra Hacıvar kəndinin muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrildiyini bildirərək deyib: “Dövlətimiz tərəfindən Hacıvar kəndində həyata keçirilən tədbirlər, aparılan quruculuq işləri sakinlərin rahat yaşayışına hesablanıb. Tikilənləri, qurulanları qorumaq, onlardan səmərəli istifadə etmək və ölkəmizin inkişafına töhfə vermək isə sakinlərin qarşısında duran vəzifələrdir. Hər kəs çalışdığı sahədə öz işini layiqincə yerinə yetirməli, torpaqlar əkilməli, təsərrüfatlar genişləndirilməli, dövlət qurumları bundan sonra da səmərəli fəaliyyət göstərməli, dövlət-xalq birliyinin nəticəsi olaraq sakinlər ölkəmizin inkişafında pay sahibi olmalıdırlar”.
* * *
Məlumat üçün bildirək ki, kənddə bir sıra digər quruculuq işləri də görülüb. 2500 metr rabitə, eləcə də 700 metr fiber-optik kabel xətti çəkilib. Kəndin elektrik və qaz sistemləri də yenilənib, 3250 metrlik elektrik xətti çəkilib, transformator yarımstansiyası əsaslı təmir olunub, 2500 metrlik müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb. Kənddə suvarma suyuna olan tələbatı ödəmək üçün yeni suvarma su xətti çəkilib. Yol kənarlarında salınmış yaşıllıq zolaqlarında suvarma sistemləri quraşdırılıb.
* * *
Dekabrın 9-da Badaşqan kənd xidmət mərkəzinin də açılışı olub. Burada bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Xidmət mərkəzinin tikintisi zamanı kənddə abadlıq tədbirləri də görülüb, rabitə xətləri yenilənib, yaşıllıq zolaqlarını suvarmaq üçün tədbirlər həyata keçirilib.
Oxucuların nəzərinə çatdıraq ki, muxtar respublikanın ən kiçik yaşayış məntəqələrindən biri olan Badaşqan Yarımca kənd inzibati ərazi dairəsinin tərkibindədir. Yarımcada da kompleks quruculuq tədbirləri həyata keçirilib, aprel ayında burada kənd və xidmət mərkəzlərinin, səhiyyə məntəqəsinin, yenidən qurulan tam orta məktəbin açılışları ilə bu yaşayış məntəqəsi də müasirliyə qovuşub. Bu paydan Badaşqan kəndinə də düşüb. Badaşqanda 141 təsərrüfatda 436 nəfər yaşayır. Kənd adamları təsərrüfatın müxtəlif sahələri ilə məşğul olurlar. Torpaq bu gün onların daimi iş yerinə, ruzi mənbəyinə çevrilib. Kənd sakini Vahid Gözəlov deyir ki, həmin günü badaşqanlılar uzun müddət unutmayacaqlar. Kənd sakinləri gördülər ki, muxtar respublikamızda böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün yaşayış məntəqələri dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Mərhələ-mərhələ həyata keçirilən quruculuq tədbirləri Badaşqanın da simasını dəyişdirib. Yolumuz yenilənib, xidmət mərkəzi badaşqanlıları alış-veriş etmək üçün Naxçıvan şəhərinə getmək əziyyətindən qurtarıb.
* * *
Bu kəndlərdə gördüyüm müasirliyin məndə yenidən yaşatdığı hisslərlə, Hacıvar və Badaşqan kəndlərində sakinlərlə söhbətlərin xoş təəssüratları ilə Naxçıvan şəhərinə qayıdıram. Qəlbimdən keçənlərlə, yəqin ki, siz də razılaşarsınız: belə təəssüratları hələ çox yaşayacağıq. Bu yol Naxçıvanın neçə illik yoludur. Yolumuzun uğurları daha çox olacaq.
Muxtar Məmmədov