25 Dekabr 2024, Çərşənbə

Əzm və səbir – problemi aradan qaldırmağın gücü bundadır

Bakıdan Naxçıvana hava yolu ilə getmək olar. Təyyarənin salonunda bütün yerlər tutulub, sərnişinlər arasında həm uşaqlar, həm də yaşlılar var. Nə etmək olar? Avtonəqliyyatla yol daha uzun və çətindir: istər İran, istərsə də Türkiyə vasitəsilə. Artıq üçüncü onillikdir ki, Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunandan bəri, vəziyyət belədir. Bu, kimə lazım idi? “Yalnız bizə, sadə adamlara, lazım deyil”, – Naxçıvan Muxtar Respublikasında yaşayan ahıllar belə deyir. Bizim hekayəmiz Naxçıvanda insanların necə yaşaması haqqındadır.

Muzeylərin mənası haqqında

Naxçıvanda belə bir adət var: muxtar respublikaya gələn qonaqlara Heydər Əliyev Muzeyini ziyarət etməyi təklif edirlər. Əvvəlcə, sözün düzü, tərəddüd etdim. Axı biz Naxçıvan Muxtar Respublikasına təhsil və elmlə tanış olmaq üçün gəlmişik. Lakin muzeydə olduqdan sonra bu nəticəyə gəldim ki, əbəs deyilmiş. Əslən bu torpaqdan olan ümummilli lider Heydər Əliyev SSRİ ayrı-ayrı dövlətlərə parçalandıqdan sonra bura qayıtmış, Onun Naxçıvan əhalisinin dəstəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dirçəliş dövrü başlanmışdır.

Muzeyin ekspozisiyasında, əsasən, şəkillər, kitablar, sənədlər, səs yazılarından ibarət çıxışlar, şəxsi əşyalar və ulu öndər Heydər Əliyevə verilmiş hədiyyələr nümayiş olunur. Nədənsə, xatirimdə Onun Puşkin küçəsində yerləşən evdən çıxarkən çəkilmiş şəkli qaldı. Dövlət işlərindən ayrılmış, xüsusi təqaüdçü Heydər Əliyev doğma diyara qayıdıb bir neçə vaxt bacısı evində – 1923-cü ildə anadan olduğu evdə yaşadı. O, dəmir yolunda fəhlə işləyən Əlirza kişinin səkkiz övladından dördüncüsü idi. Biz həmin evin yanında idik. Bizim bütün sovet xadimlərimiz özlərinin və qohumlarının firavan həyat yaşamasında böyük nailiyyət əldə etmişdilər. Heуdər Əliyev də sovet dövrünün ən nüfuzlu siyasətçilərindən biri idi. Lakin dövr dəyişəndə O, ata evində yaşadı.
Dahi lider Heydər Əliyevin muzeyin qarşısında möhtəşəm abidəsi var. Keçid dövründə, hər şey dağılanda, keçmişin üzərindən xətt çəkiləndə mövcud olanlar atəşə məruz qalırdı, xeyir və şər, dost və düşmən anlayışları bir-birinə qarışırdı. Məhz O, bu ehtirasları sakitləşdirməyə nail oldu, bu torpağı Azərbaycan üçün qoruyub saxladı. Baxmayaraq ki, Naxçıvan eksklava dönmüşdü. Heydər Əliyev muxtariyyətin o qədər düzgün inkişaf vektorunu yaratmışdı ki, bu indi də hiss olunur: burada milli ənənələri itirməyiblər, onları hətta daha da dirçəldib, təkmilləşdiriblər. Heydər Əliyev Naxçıvana gələndə burada tam çaşqınlıq və qarmaqarışıqlıq hökm sürürdü. Hazır­da isə muxtar respublika iqtisadiyyatı enerji daşıyıcıları baxımından müstəqildir. Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyasının bölməsi fəaliyyət göstərir, Naxçıvan Dövlət Universitetinə isə Asiya, Afrika, Avropa və MDB ölkə­lərindən gənclər təhsil almağa gəlirlər...
Bu gün SSRİ dövründə anadan olmuş insanlardan soruşsaq Heydər Əliyevin taleyi haqqında, görəsən, çoxmu bilirlər? Ən yaxşı halda Onun Azərbaycan Kommunist Partiyasının birinci katibi, postsovet dövrlərində isə Azərbaycanın Prezidenti olduğunu xatırlayacaqlar. Xüsusi qabaqcıllar isə Onun əks-kəşfiyyatda çalışdığını və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin general-mayor rütbəsinədək qalxdığını, Azərbaycanda korrupsiyaya qarşı mübarizə apardığını deyəcəklər. Məhz bu keçmiş, yəni dövlət qulluğu sahəsində böyük təcrübə Heydər Əliyevə öz Vətənini qoruyub saxlamaqda çox kömək oldu.
Heydər Əliyevin 1990-cı ildə Moskvadan Bakıya qayıdışına heç də hamı sevinmədi. Ölkədə hakimiyyət uğrunda çoxdan mübarizə gedirdi. Xatırladırdılar ki, keçmiş partiya xadimlərinin şəxsi təhlükəsizliyinə təminat vermirlər. Bunu başa düşən Heydər Əliyev doğma Naxçıvanına gəldi. Burada da ixtilaf, nizamsızlıq hökm sürürdü: artıq bir il idi ki, muxtar respublika Ermənistan tərəfindən Qarabağ məsələsinə görə blokadaya alınmışdı. İttifaq hakimiyyəti bu mübahisənin qanuni həllində lazımi əməli köməklik göstərmirdi və buna cavab olaraq hələ qışda Naxçıvan MSSR-in Ali Sovetinin fövqəladə sessiyasında artıq SSRİ-nin tərkibində qalmaq istəmədiyini və özünü müstəqil elan etdiyini bəyan etdi.
Naxçıvana gələn Heydər Əliyevi qarşılamağa 80 mindən çox insan gəlmişdi. İnsanlar Heydər Əlirza oğluna güclü rəhbər kimi ümid bəsləyir və hakimiyyətin Ona verilməsini tələb edirdilər. Hakimiyyəti isə, məlumdur ki, vermirlər, alırlar. Heydər Əliyev Naxçıvanın 17 noyabr 1990-cı ildə Azərbaycanın tərkibində müstəqil muxtar dövlətə – Naxçıvan Muxtar Respublikasına çevrilməsi üçün bütün səlahiyyətini, diplomatiyasını, uzaqgörənliyini, bacarığını və qabiliyyətini göstərdi. Naxçıvan Ali Məclisi qanunvericiliyə uyğun olaraq bu haqda qərar qəbul etdi. Heydər Əliyev özü isə əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sonra isə Sədri seçildi. Bununla o, özünü, sadəcə, siyasi arenaya qaytarmadı, Azərbaycanın bu torpağında baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü. İlk növbədə, ona Ermənistanla olan münaqişəni, heç olmazsa, dondurmaq, əsirlikdə olan həmvətənlərini vətənə qaytarmaq; ikincisi isə – Naxçıvanın blokada məngənəsini zəiflətmək, yəni insanları vərdiş olunmayan şəraitdə yaşamağa alışdırmaq tələb olunurdu.
Muzeyin vitrinində o vaxtın bir neçə əşyası var: Moskva və Bakı ilə təcili əlaqə saxlamaq üçün xidməti telefon – zəif olsa da, əlaqə saxlanılırdı; neft lampası – Naxçıvan keçmiş İttifaqdan, yəni Ermənistan ərazisindən gələn elektrik enerjisindən məhrum edilmişdi, işıq yox idi. Heydər Əliyev isə gecəyarısınadək işləyirdi. Buradaca balaca şeirlər məcmuəsinə oxşar əlaqəli mətnli kitabça var... Azərbaycanlı həmkarım dedi ki, “Bu, Qurandır”. O zaman keçmiş təhlükəsizlik komitəsinin general-mayorunun və Azərbaycan Kommunist Partiyasının birinci katibinin qəlbində nələr baş verirmiş ki, Quran onun masaüstü kitabı olmuşdu?
O vaxtlar Naxçıvan Muxtar Respublikası 50 meqavat həcmində elektrik enerjisi alırdı. İndi isə paytaxtdan bir az aralandıqda dağın başında Naxçıvanın elektrik enerjisinə olan ümumi tələbatının 20 faizini təchiz edən günəş batareyalarının örtücüsünü görmək olar. Üstəlik, burada hidroelektrik stansiyası tikilmişdir. Bir sözlə, Naxçıvan çoxdan elektrik borcunu qaytarmış, özünü elektrik enerjisi ilə təchiz etmiş, xaricə enerji satmaqla vəsait qazanır... Energetika isə regionun inkişaf səviyyəsinin, onun perspektivlərinin göstəricisidir. Naxçıvan Muxtar Respublikası özünü ərzaqla da tam təmin edir...

Real müstəqillik belədir

Muzeydə Heydər Əliyevin böyük insanlar toplusu qarşısında çıxış edərkən çəkilmiş şəkilləri də var. Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri, əslən Naxçıvandan olan İsa Həbibbəyli danışırdı ki, o çətin dövrdə Heydər Əliyevi bütün xalq dəstəkləyirdi. 1990-cı ilin əvvəllərində bütün Azərbaycanı parçalanmaqdan qorumaq üçün xalq ona müraciət etdi. 90-cı illərdə əhalisi dözümlü və zəhmətkeş olan ölkədə bir çox iğtişaşlar baş verirdi. Onları hazırlıqsız siyasətçilərin acizliyi, əksər hallarda isə hakimiyyətə qurşanmış fırıldaqçıların ambisiyaları provokasiya məqsədilə təhrik edirdi. Heydər Əliyev bunu görürdü və təcrübəli siyasətçi kimi adamlarda apatiya (süstlük və fəaliyyətsizlik) əhval-ruhiyyəsinin yüksəldiyini, onların həyat səviyyəsinin get-gedə daha da çətinləşdiyini başa düşürdü. Buna görə də Azərbaycan Respublikasının ovaxtkı prezidenti 1993-cü ilin may ayında ona kömək üçün müraciət edəndə, ulu öndər dərhal Bakıya gəldi və faktiki olaraq həm indiki vəziyyətə görə, həm də Azərbaycanın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürməyə məcbur oldu.

Ağ günlü adamlar

Naxçıvanda bu gün səliqə-sahmanlı şəhər təəssüratı yaradılır. Mərkəzdəki binalar müasirdir. Burada gül-çiçək daha çoxdur. Hər yerdə küçələr təmizdir. İndi Naxçıvan Muxtar Respublikasında şəhərlər arasında yol boyunca cərgə ilə meyvə ağacları əkilmişdir. Ting­lərin ətrafını isə çiçəklər bəzəyir. Bir sözlə, Naxçıvanın hər yerində yaxşı qulluq görmüş ərazilər, səliqə-sahman hiss olunur. Bizə “İməcilik keçirildiyini” söylədilər, özümüz də bunun şahidi olduq.
Naxçıvan Muxtar Respublikasının əhalisi isə son on beş ildə 12 faiz artmışdır. Naxçıvanda gənclər xaricə üz tutmayıb. Çünki onlar işlə təmin olunur. Kiçik şəhərlərdə və qəsəbələrdə əhalinin məşğulluğu, əsasən, ticarət və xidmət sahələri hesabına təmin olunur. Valideynlər övladlarının ali məktəb bitirmələrini arzulayırlar. Naxçıvan Muxtar Respublikasında 3 ali təhsil ocağı var. Hamısı da paytaxtdadır. Gələn il Naxçıvan Dövlət Universitetinin 50 yaşının tamam olduğunu, onun Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yarandığını bilərək, biz universitetlə tanış olmaq istəyimizi söyləmədik. Lakin hələ muzeydə olarkən İsa Həbibbəyli bizi inandırdı ki, “Orada heyrətlənəcəyiniz işlər var. Məsələn, siz 108 hektarlıq müasir kampus harada görmüsünüz?” Xatırlamağa çalışdıq: məşhur Kolumbiya universitetinin ərazisi 17 hektar, Moskva Dövlət Universitetinin – 205 hektar, lakin onlar paytaxtın bir çox rayonları arasında paylanmışdır. Burada isə hamısı bir yerdə? “Bir nöqtədə və 2014-cü ildə Naxçıvan Dövlət Universiteti Azərbaycanın ali məktəbləri arasında birinci yeri tutdu. Bu universitet bizim ölkəmizin qürurudur”, – İ.Həbibbəyli söylədi.
Həftənin birinci günü səhər Naxçıvan Dövlət Universitetinə yollandıq. Ali təhsil ocağına yaxınlaşdıqda dövrümüzə görə adət etmədiyimiz geyimdə olan bir qrup gənclərlə rastlaşdıq. Bu gün nümayişmi var? – deyə soruşduqda məlum oldu ki, bu, Naxçıvan Dövlət Universitetinin tələbələrinin gündəlik geyim formasıdır. Necə də xoşdur, həm də qızlara bahalı zinət əşyaları gəzdirməmələri tövsiyə olunur. Çünki onlar məşğələlərdən diqqəti yayındırır. Yaxşı haldır ki, xarici tələbələr də bu qaydalara etiraz etmirlər. Universitetdə xarici tələbələrin sayı 300-ə yaxındır. Onlar Almaniyadan, İrandan, Rusiyadan, Türkiyədən, Banqladeşdən, Nigeriyadan, İraqdan, İndoneziyadan, Qazaxıstandan, Türkmənistandan və Cənubi Koreyadan gəlib təhsil alır. Bütövlükdə isə universitet tələbələrinin sayı 6 minə yaxındır.

– “Yalnız təyyarə ilə gəlməyin mümkün olduğu” muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocağı onları nə ilə cəlb edir?

– Təhsilin müasir texnologiyaları və şəffaflığı ilə, – Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov söhbətə qoşulur. Biz artıq bilirik ki, rektor ixtisasca bioloqdur. 4 ildir ki, bu universitetin rektorudur, bundan əvvəl isə təxminən 20 il ali təhsil ocağında çalışmış, kafedra müdiri olmuşdur. Yəni universitetə daxildən bələddir.
– Bütün məqbullar, imtahanlar, dissertasiyalar üzrə verilən minimum imtahanlar da daxil olmaqla, indi onlayn sistemi ilə, elektron nəzarətlə verilir, – rektor izah edir. – Heç kəs imtahan verənə maneçilik törədə, yaxud ona köməklik edə bilməz, artıq insanlar birgə işləməyə alışmışlar.
Mən söz yaradıcılığının nə olduğunu anlayıram: Məsuliyyət – məsul işləmək, vicdan – vicdancasına anlayışını ifadə edir, bizim söhbətdə bunlar məni tamamilə qane edir. Aydındır ki, söhbət nədən gedir. Rektor isə davam edir: Bütün qərarları kompüter qeydə alır və dəyərləndirir, hər yerdə videokameralar quraşdırılmışdır. Bundan əlavə, həyata keçirilən tam nəzarət müəllimləri mühazirə və seminarlar üçün nəzərdə tutulmuş vaxtı boşuna keçirməməyə imkan verir.

– Deməli, geridə qalan tələbələrin xaric olunması faktı da artmışdır?

– Xeyr, xaric edilənlər, demək olar ki, əvvəllər də heç olmamışdır. Məsələ burasındadır ki, qeyri-kafi qiymət alıb, ertəsi gün göndəriş götürüb kəsildiyi fəndən yenidən imtahan vermək olmaz. Tələbəni yenidən hazırlıq keçməyə saxlayır, beləliklə o, faktiki olaraq yenidən həmin kursu dinləyir və yalnız bundan sonra qiymətini düzəldir.
Bu gün Naxçıvan Dövlət Universitetində həyat informasiya-kommunikasiya texnologiyaları əsasında qurulur: bütün kafedralarda, bölmələrdə, şöbələrdə, fakültələrdə, rektorun kabinetində bütün sənədləşmələr elektron formada və müvafiq informasiya panelləri vasitəsilə aparılır. Bütün bunlar haradan əldə edilmişdir? Naxçıvan Dövlət Universitetinə ali təhsil ocağının tədris korpuslarında elektron təhsil şəbəkəsini və rəqəmsal multimediya infrastrukturunu layihələşdirən və quraşdıran Koreya agentliyinin beynəlxalq əməkdaşlıq üzrə Koica şirkətinin mütəxəssisləri kömək ediblər. Naxçıvan Dövlət Universiteti Cənubi Koreyanın Koica şirkətinin xidmətlərindən istifadə etmək hüququ üzrə keçirilən müsabiqədə qalib gəldi. Bu prosesə 3,5 milyon dollar həcmində vəsait qoyuldu. Nəticədə, indi universitetdə 350 kompüter dəsti quraşdırılmış, 12 auditoriya elektron masa ilə, 12 imtahan auditoriyası isə hər birində 29 kompüter yeri olmaqla təchiz edilmişdir. Bundan başqa, Naxçıvan Dövlət Universitetində 3 internet mərkəzi, telestudiya, tibb mərkəzi, elektron mətbəə, elektron kitabxana fəaliyyət göstərir. Müəllim korpusunun AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığı güclü dərəcədə genişləndirilmişdir. Onlar birlikdə “elektron auditoriya” layihəsini gerçəkləşdirmiş, ölkə alimləri ilə əlaqələrini möhkəmləndirərək aspirant və doktorantların, xüsusilə “İnformatika” mütəxəssislərinin hazır­lığının təkmilləşdirilməsinə nail olmuşlar.

– Aydındır ki, dissertantlar hazırlıqlı adamlardır, bəs kəndlərdən sizə daxil olan birinci kurs tələbələri rəqəmsal aləmi asanlıqla mənimsəyə bilirlərmi?

– Naxçıvan Muxtar Respublikasında internet hər yerdə var. “Elektron Naxçıvan” muxtar respublikada 2005-ci ildən reallaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bütün elmlər namizədlərinə və elmlər doktorlarına öz doğma məktəblərində ayda bir dəfə dərs keçməyi tapşırmışdır. Kənd məktəblərində ən yeni texnologiyalar və tədris avadanlıqları tətbiq olunur. Beləcə, informasiya texnologiyalarından istifadə edən uşaqlar indi ali təhsil müəssisəsinə tam hazırlıqlı gəlirlər. Nəyisə bilmədikləri halda tələbə mühitində onları öyrənirlər. Artıq altıncı ildir ki, universitet ərazisində yüksək sürətli simsiz internet şəbəkəsi fəaliyyət göstərir. Bu, yeri gəlmişkən, beynəlxalq əlaqələrin həyata keçirilməsinə şərait yaradır. Naxçıvan Dövlət Universiteti dünyanın 80-dən artıq müxtəlif universitetləri ilə əməkdaşlıq haqqında müqavilə bağlamışdır.

– Bu müqavilələr fəaliyyət göstərirmi?

– Biz, əsasən, akademik mobillik xətti üzrə “Tempus” və “Erasmus Mundus” pro­qramlarında fəal iştirak edirik. Bu proqramlar sayəsində Avstriyanın, Litvanın, Gürcüstanın, Portuqaliyanın, İspaniyanın, Almaniyanın, Özbəkistanın universitetləri ilə əlaqə yaratdıq. Rusiyanın Penza Dövlət Universitetinin Rus dili və ədəbiyyatı ixtisası ilə və Uxtinski Dövlət Texniki Universiteti ilə əlaqələrimiz var. Rusiya ilə əlaqələrin genişlənməsinə şad olardıq. Türkiyə və İranla yaxşı əlaqələrimiz var. Artıq neçə ildir ki, Tibb və Baytarlıq fakültələrinin tələbələri bu dövlətlərin müvafiq klinikalarında təcrübə keçirlər. Mühəndis-memarlıq fakültəmiz Təbriz şəhərinin zavodları ilə, bioloqlarımız Mərənd şəhərinin bağçılıq təsərrüfatları ilə əməkdaşlıq edirlər. Gürcüstanın Ş.Rustaveli adına Batumi Dövlət Universitetində bizim gələcək arxeoloqlar və turizm üzrə mütəxəssislər təhsil alır.
Bu universitetə Heydər Əliyevin səxavətli əli və himayəsi ilə verilmiş 108 hektara qayıdaq. Burada tikilmiş tədris kompleksləri Ali Məclis Sədrinin ölkənin müstəqilliyinin təmin olunması sahəsində yüksəkixtisaslı kadrlara böyük əhəmiyyət verdiyinin parlaq təzahürüdür. Çünki bu məsələdə universitetin bəxti gətirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında tikinti proqramı və universitet kampusunun inşası yüksək səviyyədə yerinə yetirilmişdir. Beləliklə, müasir və xoş təsir bağışlayan bütöv bir şəhərcik yaranmışdır. Hələ 1999-cu ildə Naxçıvan Dövlət Universitetində 1600 yerlik korpus ucaldılmışdır. Sonra isə 2000-ci ildə tibb tədris korpusu və xəstəxana, 2004-cü ildə elektron kitabxana, 2006-cı ildə Sosial idarəetmə və hüquq fakültəsi üçün 700 tələbə yerlik daha bir tədris korpusu istifadəyə verilmişdir. Daha sonra Memarlıq və mühəndislik, habelə Baytarlıq fakültələri üçün 1908-ci ildə tikilmiş binalar əsaslı surətdə yenidən qurulmuşdur. Bu binaların xarakterik fasadı saxlanılmış, daxili quruluşları isə tamamilə modernləşdirilmişdir. Açıqtipli idman bazası və Olimpiya-idman mərkəzi tikilmişdir. Bunların ardınca konservatoriya binası ucaldılmışdır. Bütövlükdə MDB məkanında bu binanın analoqu yoxdur. Burada hər bir yaradıcı qrup öz baxışlarını, konsertlərini keçirir, tələbə tamaşaları təşkil edir. Bu korpus universitetin mədəni mərkəzidir. Naxçıvan Dövlət Universitetində Sosial xidmət mərkəzi binası və Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi üçün də ayrıca tədris korpusu inşa olunmuşdur. Keçən ilin may ayında isə istismara təzə universitet klinikası qəbul edilmişdir. Burada Kardioloji və müasir Stomatologiya şöbələri xidmət göstərir... Biz klinikanın mərtəbələrini dolaşdıq. Kabinələrdə yapon avadanlığı, tələbələrin məşğələ keçmələri üçün rahat mebellər diqqətimizi cəlb etdi. Laboratoriyalar, palatalar, tədris sinifləri, növbətçi həkimlər üçün kabinə, əczaxana, rentgen və digər kabinələr hamısı bir binada cəmləşib... Biz məsləhətə gəlmiş ilk pasiyentləri gördük. Hal-hazırda İqtisad fakültəsi üçün yeni tədris korpusu tikilir.
Naxçıvan Dövlət Universitetinin tədris korpuslarına piyada deyil, avtomobillə getmək lazımdır. 450 tələbənin və aspirantın yaşadığı Tələbə evinə (prinsipial qaydada bu korpusu ümumi yataqxana adlandırmırlar) daxil olduqda bizim komandamızın başçısı – Moskva Dövlət Universitetinin sovet dövrünün məzunu ah çəkdi: “Tələbə ikən mən də belə yaşamaq istərdim!” O an mən düşündüm ki, Naxçıvan Dövlət Universitetinin başlıca cəhəti onun gələcəyə yönəlməsidir. Müasir vəziyyət – metodika, təchizat, yanaşmalar, tikintinin keyfiyyəti – vacibdir, lakin başlıcası bütün bunlardan nələrin əmələ gəlməsindən, ali təhsil ocağının ölkə üçün necə kadrlar verməsindən, universitetin onların hazırlıq səviyyəsinin yüksəklərə qaldıra bilməsindən və məzunların Naxçıvan Dövlət Universitetinin diplomu ilə fəxr etməsindən ibarətdir. İnanıram ki, hər şey yaxşı olacaq. Çünki yol düzgün seçilib: təhsilə və elmə, nəsillərin qarşılıqlı əlaqəsinə və xalq ənənələrinə söykənib.

Yelizaveta PONARİNA
Fotolar Nikolay Stepanenkovundur.
Rusiya Elmlər Akademiyasının
“Poisk” qəzeti,
№ 49
09.12.2016

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR