25 Dekabr 2024, Çərşənbə

Mən böyük Vətənin bir parçasıyam, tarix yadigarı ulu torpağam, bundan illər öncə, günün birində, paytaxta aparan yol kəsiləndə, qatarlar ünvana yetişməyəndə, ümidsiz, çarəsiz baxıb qalmışam, elə bil əbədi unudulmuşam.
... Mən əsir olmadım yadlar əlində, qəm-qüssə tapmadım darda- çətində. Qırdım qollarımın polad buxovun, dayandım ellərin köçhaköçündə. Mənə uzaqlardan sonsuz həsrətlə, torpaq itkisiylə, böyük kədərlə, baxmaq istəmədi mərd oğullarım, düşmənə sədd oldu uca dağlarım. Zülmətdə qalanda elim, şəhərim, atəşdə yananda uca sərvlərim, bir çıraq közərdi mənim yurdumda, isindi yüz minlər onun odunda. Beləcə, döyündü zəif ürəyim, gündən-günə artdı arzum, diləyim, şahidi oldum mən böyük işlərin, bunlar əməliydi cəfakeşlərin.
Min illər ərzində mən yurd olmuşam, ululardan ulu böyük xalqıma. Başlar üstə səma, bulud olmuşam, mən yağış olmuşam öz torpağıma. Uca qalalarda mən daş olmuşam, bu xalqla dar gündə sirdaş olmuşam. Bu xalq da dar gündə qədrimi bilib, məndən bir qarış da yada verməyib. Ucaldıb qoynumda saraylar, evlər, qalalar, türbələr və məqbərələr, bu gün mənzərəmə heyrandır ellər. İndi mən gerçək bir Nəqşi-Cahanam, yaşı ululardan ulu, ruhu cavanam.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR