25 Dekabr 2024, Çərşənbə

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Son illər baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra siyasi və iqtisadi sabitlik bərqərar edildi.

Bu dövrdə yalnız məcburi miqrasiyanın tənzimlənməsi deyil, bütövlükdə miqrasiya və iqtisadi təhlükəsizlik prosesləri də ulu öndərin milli inkişaf strategiyasının tərkib hissəsi olmuşdur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft layihələrinin gerçəkləşməsi, yeni neft və qaz kəmərlərinin istifadəyə verilməsi, neft yataqlarının işlənməsi üzrə beynəlxalq layihələrin həyata keçirilməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb oldu. Xüsusən 2003-cü ildən sonra Prezident cənab İlham Əliyevin ulu öndərin yolunu davam etdirərək ölkəmizi yeni inkişaf mərhələsinə çatdırması bu prosesləri daha da sürətləndirdi. İstər əcnəbilərin Azərbaycan Respublikasına, istərsə də ölkə vətəndaşlarının xarici ölkələrə miqrasiyasını tənzimləyən zəruri normativ-hüquqi aktlar qəbul olundu. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi prosesi sonrakı dövrdə də davam etdirildi, 2013-cü ildə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qəbul olundu.
Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən də əməkçi miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəldilmişdir. Bu gün ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hər birinin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə tənzimlənir. Hazırda ölkəmizdə əmək miqrasiyası prosesləri sürətlə genişlənmiş və Azərbaycan təyinat ölkəsinə çevrilmişdir. Ölkə­mizə gələn miqrantların sayının artmasının başlıca səbəbi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, vətəndaş cəmiyyətinin bərqərar olması, ölkə iqtisadiyyatının sürətli inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir. İnkişaf templərinə görə ölkəmiz bu gün dünya dövlətləri arasında ön sıralardadır.
Naxçıvan Muxtar Respublikasında da miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Son illər muxtar respublikada həyata keçirilən uğurlu islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlmiş, əlverişli coğrafi-strateji mövqeyi, mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi Naxçıvanı əcnəbilər üçün cəlbedici yerə çevirmişdir. Ona görə də miqrasiya sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün müasir standartlara cavab verən yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə görülən işlərin davamıdır.
Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikada olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin, haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi məsələləri ilə məşğul olur. Müvafiq icazə almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata alır, vətəndaşlıq və qaçqın statusunun verilməsi məsələlərinin həllində iştirak edir. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti muxtar respublika ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin qanunvericiliyin tələblərinə riayət etmələri üzərində miqrasiya sahəsinə nəzarəti həyata keçirir.
Muxtar respublikaya ildən-ilə artan miqrasiya axını milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini və bu sahədə beynəlxalq təcrübənin qazanılmasını zəruri etmişdir. Bunun üçün də Dövlət Miqrasiya Xidməti miqrasiya siyasətinin həyata keçirilməsində beynəlxalq konvensiyalara və onların tələblərindən irəli gələn məsələlərə xüsusi önəm verir. Xidmət tərəfindən muxtar respublikada miqrasiya proseslərinin idarə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə kadr potensialının formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. Belə ki, xidmətin bir qrup əməkdaşı cari ildə Bakı və Naxçıvan şəhərlərində Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən “Readmissiya və insan hüquqları sahəsində potensialın artırılması” üzrə təşkil edilmiş təlimdə və Naxçıvan Biznes Mərkəzində İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti fəaliyyət göstərdiyi qısa müddətdə yaxşı təşkilatlanmış, miqrasiya proseslərinin tənzimlənməsinə fəal təsir etmək qabiliyyəti əldə etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında ilk dəfə olaraq sərhəd-buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələrinin fəaliyyəti Naxçıvan Muxtar Respublikasında həyata keçirilməyə başlanmışdır. Bununla yanaşı, sərhəd-buraxılış məntəqələrində əcnəbilərin miqrasiya uçotunun aparılması üçün Vahid Miqrasiya Məlumat Sistemi yaradılmışdır. Bunun nəticəsində də muxtar respublikaya müvəqqəti və daimi yaşamaq, iş icazəsi almaq və digər məqsədlərlə daxil olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ilkin qeydiyyat mərhələsi olan olduğu yer üzrə qeydiyyata alınma proseduru sadələşdirilmiş və onlara regionlardan uzaq məsafə qət etmədən Dövlət Miqrasiya Xidmətinə müraciət etmək imkanı yaradılmışdır.
Fəaliyyətə başladığı ilk gündən etibarən miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində daim operativlik nümayiş etdirən Dövlət Miqrasiya Xidməti vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, ictimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə yerli televiziya kanalında və Naxçıvan şəhərinin ictimai yerlərində yerləşdirilən monitorlarda mütəmadi olaraq yenilənən maarifləndirici videoçarxların nümayişi təşkil edilmiş, sərhəd-keçid məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyata alınma, haqqı­ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) yazılı və səslə muxtar respublikaya daxil olan xarici ölkə vətəndaşlarına təqdim olunmuşdur. Eyni zamanda xidmətin üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən rəsmi internet səhifəsi üzərində yerləşdirilmiş “Sual-cavab” bölməsinə, həmçinin qurumun elektron ünvanlarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dünyanın istənilən yerindən onları miqrasiya sahəsində maraqlandıran məsələlərlə bağlı müraciət etmələri və vaxtında hüquqi yardım almaları üçün lazımi təşkilati tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət portalı” üzərindən 9 sahə üzrə xidmət göstərir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması da bu xidmət növlərinə daxildir. Əməkçi miqrantların işə götürülmə prosedurunu sadələşdirmək üçün xidmətin rəsmi internet səhifəsi üzərində “Elektron xidmətlər” bölməsi yerləşdirilmiş, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazələrinin və onun əsasında muxtar respublika ərazisində yaşamaq hüququ verən müvafiq icazələr üçün müraciətetmə imkanı yaradılmışdır. Eyni zamanda bu xidmət növləri üzrə dövlət rüsumlarının internet üzərindən ödənilməsi də onlayn həyata keçirilə bilir. Dövlət Miqrasiya Xidmətinin “202 – Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından vacib əhəmiyyətə malikdir.
Muxtar respublikada insan hüquq və azadlıqlarına daim diqqətlə yanaşılır. Buna sübut olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsini göstərmək olar. Beynəlxalq standartlara uyğun olan mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hər cür şərait yaradılmışdır.
Naxçıvan buraya səfər edən miqrantlar üçün qədim tarixi abidələri və təbiəti ilə zəngin turizm məkanı yox, eyni zamanda yaşamaq və işləmək üçün də əlverişli bir məkana çevrilib. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti muxtar respublikaya gələn əcnəbilərin maarifləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirir. Dövlət Miqrasiya Xidməti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əcnəbilər Azərbaycanın, o cümlədən muxtar respublikanın mədəniyyəti, incəsənəti, mətbəxi və turizm imkanları haqqında məlumatlandırılır, maarifləndirici tədbirlər və muzeylərə ekskursiyalar təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcək, miqrasiya proseslərini qanunvericiliyin tələblərinə uyğun tənzimləyəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR