25 Dekabr 2024, Çərşənbə

Dekabrın 16-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən keçirilən “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Əvvəlcə tədbirin aparıcıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının çoxşaxəli inkişafı, təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən, müstəqil­lik illərində Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən danışmışlar. Qeyd olunmuşdur ki, bu gün muxtar respublika sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir, Naxçıvanda ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, kütləvi informasiya vasitələrini də əhatə etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında bildirmişdir ki, dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir. Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması isə muxtar respublikamızda gənclər sahəsində görülən işlərə daha da təkan vermişdir. Fond ötən dövr ərzində muxtar respublikada gənclərlə bağlı layihələrin və tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamış, bu istiqamətdə bir sıra işlər görülmüşdür. Bu gün artıq yekun tədbirinə toplaşdığımız “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi də belə tədbirlərdən biridir.
Qeyd olunmuşdur ki, teleradio verilişi, qəzet məqaləsi, rəsm əsəri, ədəbi yaradıcılıq, musiqi və elmi məqalə kateqoriyaları üzrə keçirilən müsabiqəyə 81 iştirakçı tərəfindən 21 teleradio verilişi və videoçarx, 28 qəzet məqaləsi, 21 rəsm əsəri, 15 ədəbi yaradıcılıq və 12 elmi məqalə olmaqla, cəmi 97 material təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Gənc­lər Fondu tərəfindən keçirilən müsabiqənin Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan Mətbuat Şurasının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti formalaşdırılmışdır. Müsabiqəyə təqdim olunan işlər bədii səviyyəsi və keyfiyyəti, ideyanın orijinallığı, savadlı kompozisiya həlli, işin təsiredici qüvvəyə malik olması, mövzunun asan qavranılması, yaradıcı yanaşma və digər meyarlar əsasında qiymətləndirilərək qaliblər müəyyənləşdirilmişdir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 birinci, 2 ikinci, 3 üçüncü və 4 həvəsləndirici yer müəyyənləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında demişdir ki, Naxçıvan Muxtar Respublikası ötən müddət ərzində böyük inkişaf yolu keçmişdir. Muxtar respublikada genişmiqyaslı tikinti və quruculuq işləri aparılmış, yollar, körpülər, müasir binalar salınmış və ya yenidən qurulmuş, istehsal müəssisələri yaradılmış, on minlərlə yeni iş yeri açılmış, iqtisadiyyatın sürətli inkişafı təmin olunmuş, məktəblər, xəstəxanalar, idman kompleksləri inşa edilmiş, elektrik, qaz və su təminatı yaxşılaşdırılmış, bir sözlə, bütün sahələrdə əsaslı inkişaf əldə olunmuşdur. Muxtar respublikanın şəhər mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrində də infrastruktur yenilənmiş, müasir məktəb binaları, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri istifadəyə verilmiş, kənd əhalisinin sosial rifah halı yaxşılaşdırılmışdır.
“Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, tarixi abidələrə, mədəniyyətə, incəsənətə qayğı da yüksək səviyyədə olmuş, tarixi abidələrin qorunması, bərpası, tədqiqi və təbliği sahəsində mühüm işlər görülmüşdür. İkinci ömrünü yaşayan tarix-mədəniyyət abidələri heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunma­mış, xalqımıza tanıdılmamış, təbliğ edilməmişdir”, – deyən Rəhman Məmmədov bildirmişdir ki, görülən işlər sayəsində Naxçıvan Muxtar Respublikası günü-gündən tarixi saxlanılmaqla simasını dəyişir, yeniləşir, müasirləşir, inkişaf edir. Naxçıvanda inkişafın, müasirliyin, birliyin və həmrəyliyin nümunəsi formalaşır. Bu nümunənin işığında isə yaradıcı, fəal gənclik yetişir. Müasir gənclik intellektual və yaradıcılıq potensialını daim artırır, təhsildə və idmanda uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunur.
Vurğulanmışdır ki, muxtar respublikanın bu gününü dünənindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də Naxçıvanda söz, fikir və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin və digər yaradıcılıq təşkilatlarının fəaliyyətinin gücləndirilməsidir. Ötən müddət ərzində muxtar respublikada gənc alim, jurnalist və rəssamların yetişməsi, ədəbi mühitin inkişafı diqqət mərkəzində saxlanılmış, onların yaradıcılıq imkanları xeyli genişləndirilmişdir. Yaradıcılıq təşkilatlarının maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, həm də bu sahədə çalışanlara daim mənəvi dəstək verilmiş, onların fəaliyyəti yüksək qiymətləndirilmişdir. Artıq muxtar respublikadakı mövcud yaradıcılıq mühiti hər bir əməkdaşa istənilən mövzuda sərbəst material hazırlamağa, araşdırma aparmağa imkan verir. Bunun da nəticəsində muxtar respublika real­lıqları televiziya və mətbuat orqanlarında, rəsm və ədəbi yaradıcılıq nümunələrində olduğu kimi öz əksini tapır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinin əsas məqsədi də muxtar respublikanın inkişaf tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaqdan ibarət olmuşdur. Müsabiqəyə 81 iştirakçı tərəfindən 97 material daxil olmuşdur. Sevindirici haldır ki, müsabiqədə gənclər fəallıq göstərmiş, Naxçıvanın dünəni ilə bu gününü təqdim etdikləri materiallarda geniş müqayisə etmişlər.
Rəhman Məmmədov “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinin qaliblərini təbrik etmiş, müsabiqə iştirakçılarına uğurlar ­arzulamışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov çıxış etmişlər.
Çıxışlarda bildirilmişdir ki, Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi kimi qurulur, inkişaf edir və müasirləşir. Naxçıvanın dünəni ilə bu günü arasında müqayisəolunmaz fərqlər vardır. Blokadadan yüksək inkişafa, tərəqqiyə doğru addımlayan muxtar respublikamız nümunəvi bir regiona çevrilmişdir. İqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin rifah halının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Blokadanın çətinliklərinə baxmayaraq, muxtar respublikada böyük qurucu­luq proqramı gerçəkləşdirilmiş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, Naxçıvan teleradiosu son illər əsl inkişafa qovuşmuş, maddi-texniki bazası xeyli gücləndirilmiş, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənmiş, Naxçıvan tele­viziyasının yüksəkkeyfiyyətli HD formatda yayımına başlanmışdır. Muxtar respublikanın mətbuatı da böyük diqqət və qayğı göstərilən sahələrdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamından sonra mətbuat orqanlarının maddi-texniki bazası daha da gücləndirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmiş, əməkdaşlar üçün müasir iş şəraiti yaradılmış, qəzetlərin rəngli nəşrinə başlanmışdır. Bütün bunlarla yanaşı, qəzet əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində saxlanılır.
Çıxış edənlər qalibləri təbrik ­etmiş, onlara yeni-yeni uğurlar arzulamışlar.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri, şair Elxan Məmmədov birinci, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları Fərhad Zamanbəyov və Elçin Məmmədov ikinci, “Şərq qapısı” qəzetinin müxbiri Səbuhi Hüseynov, Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri Mehriban Sultan və rəssam Mirilqar Seyidov üçüncü yerə layiq görülmüşlər. Qaliblərə pul mükafatı və diplomlar təqdim olunmuşdur.
“Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyevaya, Naxçıvan Dövlət Televiziyasının əməkdaşı Ruhiyyə Rəsulovaya, rəssam Gülçöhrə Bağır­ovaya, Naxçıvan Dövlət Radiosunun əməkdaşı Türkanə Ağayevaya həvəsləndirici mükafatlar verilmişdir.
Müsabiqənin bütün iştirakçılarına xüsusi diplomlar təqdim olunmuşdur.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının müşayiəti ilə kollecin müəllimi Samir İsmayılovun ifasında səsləndirilən “Naxçıvan”, “Xalq Heydər söyləyəcək”, kollecin tələbəsi Əfsanə Babayevanın ifa etdiyi “Dinlə məni sevgilim” mahnıları, kollecin tələbələrinin “Yallı” rəqsi alqışlarla qarşılanmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR