25 Dekabr 2024, Çərşənbə

Dekabrın 16-da Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarının 25-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirib.
Konfransı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli açaraq bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən məhz Onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla bayram elan edilib. Bu gün həmin qərarın qəbul olunmasının 25-ci ildönümü tamam olur. Bu qərarın Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna əhəmiyyəti bu gün artıq özünü onda göstərib və təsdiq edib ki, dünya azərbaycanlılarının vahid dövlət ideyası ətrafında birləşməsi hərəkatı məhz həmin qərarla başlanıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı və onun ümummilli əhəmiyyəti” mövzusunda çıxış edərək bildirib ki, 1990-cı il iyulun 22-də ulu öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması Azərbaycan xalqının və dövlətçiliyinin tarixi taleyində dönüş nöqtəsi olub. Bu qayıdış Vətənin məşəqqətli və böhranlı günlərində xalqla bir yerdə olmaq inamının ifadəsinin və obyektiv tarixi zərurətin təntənəsinə çevrilib. 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi “31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarla bu gün artıq yüksəliş mərhələsini yaşayan bütün dünya azərbaycanlılarının vahid bayraq altında birləşməsi prosesinin əsası qoyulub.
Diqqətə çatdırılıb ki, Naxçıvanda taleyüklü tarixi qərarların qəbul edildiyi bir vaxtda Azərbaycana rəhbərlik edən naşı, səriştəsiz şəxslərin yarıtmaz siyasəti və məsuliyyətsiz əməlləri ölkəni vətəndaş müharibəsinin bir addımlığına gətirib çıxarıb, milli dövlətçiliyimizi isə real məhvolma təhlükəsi ilə üz-üzə qoyub. Belə bir taleyüklü anda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanı bəlalardan xilas edib. Həmin ildən Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün ölkə miqyasında geniş şəkildə qeyd olunub. Ümummilli lider səfər etdiyi bütün ölkələrdə orada yaşayan azərbaycanlılarla görüşlər keçirib, onların təşkilatlanması istiqamətində zəruri tədbirlər görüb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, Heydər Əliyev adına tam orta məktəbin müəllimi Könül Mirzəyeva “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda çıxış edib. Qeyd olunub ki, 1991-ci ildə qəbul edilmiş tarixi qərar öz əhəmiyyətini 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı ilə bir daha göstərdi. 2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5-də III, bu il iyunun 3-də isə IV qurultay keçirilib. 25 il ərzində dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində görülən işlərin təhlili onu göstərir ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan dövlətinin gördüyü işlər son dərəcə uğurlu olub. Hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd edilməsi onu göstərir ki, artıq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə tarixiləşdirilən xalqımızın birlik və həmrəylik hərəkatı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına xidmət edən çox mühüm amillərdən birinə ­çevrilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Tünzalə Dilanova “Azərbaycançılıq ideologiyası milli birlik və həmrəyliyin ideoloji formuludur” mövzusundakı çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizmdir. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan vətəndaşları yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyi olub. Görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən Azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrilib. Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan ulu öndər Heydər Əliyev deyib: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır”.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının əməkdaşı Tural Rzayev “Müstəqil Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir” mövzusunda çıxış edib. Bildirilib ki, ulu öndərimizin şah əsəri olan güclü dövlətimizin olması milli həmrəyliyin və birliyin bütün dünyada yaşayan azərbaycanlıları əhatə etməsi baxımından çox vacib amildir. Bu, o deməkdir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir soydaşımız doğma Azərbaycan üçün dəyərli olduğunu hiss edir, bu isə onu Vətən naminə çalışmağa daha da ruhlandırır. Bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir.
Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi mövzusuna həsr olunmuş filmə baxdıqdan sonra Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarının orijinal mətninə baxıblar.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR