Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirəsgər Seyidova həsr olunmuş sənədli film nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl bildirilib ki, Mirəsgər Seyidov 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində doğulub. 1987-ci ildə 39 saylı Naxçıvan şəhər orta məktəbini bitirdikdən sonra bir müddət təsərrüfatda çalışıb. 1988-ci ildə ordu sıralarına hərbi xidmətə çağırılıb. 1990-cı ildə hərbi xidmətini başa vurub, öz doğma yurdu Naxçıvana qayıdıb. Bu, o dövr idi ki, “böyük Ermənistan” yaratmaq xülyası ilə erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan qoparmağa çalışırdılar. O çətin günlərdə Vətənin igid oğulları öz canları, qanları bahasına torpaqlarımızı düşməndən qoruyurdular. Mirəsgər Seyidov da könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunun tərkibində vuruşurdu. Kəndin müdafiəsində igidliyi və cəsurluğu ilə fərqlənirdi. O, bir neçə dəfə, ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatmışdı. Onun son döyüşü isə 1992-ci il iyun ayının 14-də oldu. Mirəsgər bu dəfə yoldaşlarını xilas edərkən ağır yaralandı və şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 dekabr tarixli Fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Sonra film nümayiş etdirilib.
Ceyhun Məmmədov