İnsanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynayıb, ölkəmizdə islami dəyərlərin qorunub yaşadılmasına xüsusi önəm verilib.
Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir. İslamın digər mərasimləri kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur. Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövludu günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir. Təsadüfi deyil ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bu bayramın böyüklüyünə diqqət çəkərək deyib: “İslam dininin banisi həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü bizim böyük bayramımızdır”.
Dekabrın 15-də Naxçıvan şəhərindəki “Came” məscidində həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, ölkəmizə, xalqımıza əmin-amanlıq, inkişaf və tərəqqi arzulanıb.
Qeyd edək ki, muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilib.
Səbuhi Həsənov