25 Dekabr 2024, Çərşənbə

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsiz və əvəz­olunmazdır. Misilsizdir ona görə ki, bu xidmətlərin həcminin miqyası yoxdur. Əvəz­olunmazdır ona görə ki, Vətəni və xalqı qarşısında taleyüklü xidmətləri Onun qədər kimsə etməyib. Tarixdə öz ölkəsini çətinliklərdən qurtaran, ona yeni həyat bəxş edən liderlər çox olub. Heydər Əliyev dühasının gücü isə ondadır ki, O, ölkəsinə iki fərqli siyasi quruluşda, ancaq tək amalla xidmət edib. Hansı ki, bu amalın kökündə əsas yeri Azərbaycanın azadlığı və müstəqilliyi tutub. Buna görə də müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafında vaxtilə Onun qurub-yaratdığı, əsasını qoyduğu siyasi kurs dayanır.

Bu kursun əsas və öndə gələn istiqamətlərindən biri, daha doğrusu, birincisi ordu quruculuğu ilə bağlıdır. Çünki ordu olmadan heç bir ölkənin təhlükəsizliyindən, müstəqilliyindən, deməli həm də inkişafından söhbət gedə bilməz. Ordu quruculuğunu isə bu sahənin bilikli mütəxəssisləri olmadan həyata keçirmək mümkün deyildir. Elə buna görədir ki, hələ Sovet İttifaqı dövründə, azərbaycanlıların hərb sahəsindən uzaq salındığı zamanlarda ulu öndərimizin əzmi və təşəbbüskarlığı sayəsində ölkəmizdə hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparılıb, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılıb. 1972-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi isə ümummilli liderimizin gələcək müstəqil Azərbaycanın milli ordusunu formalaşdıracaq hərbçi kadrların yetişdirilməsi üçün atdığı ilk addımlar idi.

Xalqımızın böyük oğlu ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra milli ordu qurucu­luğu sahəsində daha geniş tədbirlər görüldü. “Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin”, – deyən ulu öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə qüdrətli milli ordu yaradılıb, onun ixtisaslı hərbçi kadrlarla təminatına böyük qayğı ilə yanaşılıb. Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün olub. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb.
1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq deyib: “Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.
Həmin dövrdə 56 kursantla fəaliyyətə başlayan filial ötən dövr ərzində böyük inkişaf yolu keçib, Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Bu təhsil ocağında ötən dövrdə geniş quruculuq işləri aparılıb, burada ikimərtəbəli qərargah binası, müasir tədris korpusu və yataqxana binası istifadəyə verilib, liseyin maddi-texniki bazası xeyli gücləndirilib. Hərbi liseyə növbəti səfərimiz zamanı burada yaradılmış şərait yenə də nəzərimizdən qaçmadı. Belə ki, burada kursantların hərbi biliklərə yiyələnməsi üçün hər cür şərait yaradılıb, tədris və yataqxana korpusları ən müasir avadanlıqlarla təchiz olunub. Yataqxana binasında müasir məişət şəraiti ilə yanaşı, kursantların asudə vaxtlarının səmərəli təşkili də təmin edilib. Bundan əlavə, liseydə kursantların sağlamlığı və fiziki hazırlığı da diqqət mərkəzində saxlanılır. Müasir avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları kursantların istifadəsindədir. Maddi-texniki bazanın təkmilləşdirilməsi ötən müddətdə tədrisin keyfiyyətini yüksəldib. Belə ki, liseydə müasir fənn kabinələri, kompüter və linqafon otaqları, elektron lövhəli siniflər, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla zənginləşdirilmiş kitabxana tədrisin yüksək səviyyədə aparılmasına imkan verir. Hazırda liseydə tədris üzrə 14, idman üzrə 12, mədəni-maarif üzrə 6 dərnək fəaliyyət göstərir. Yaradılmış şəraitin nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin uğurları ildən-ilə yüksəlir, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı artır. Məktəbdə olarkən öyrəndik ki, bu il hərbi liseyin məzunlarından 199-u müxtəlif ali hərbi məktəblərə qəbul olunub, o cümlədən 8 kursant ali hərbi təhsil almaq üçün Rusiya Federasiyasına göndərilib, 1 nəfər isə Türkiyə Respublikasında təhsil alır. 2016-2017-ci tədris ilində hərbi liseyə qəbul üçün 987 nəfər sənəd verib, onlardan 152-si kursant adını qazanıb. Hazırda hərbi liseydə 700-ə yaxın kursant təhsil alır. Onlardan 100-ə yaxını Azərbaycanın digər bölgələrindən olanlardır. Son illərdə ölkəmizin digər regionlarından oxumaq üçün bura müraciət edənlərin sayı artmaqdadır. Liseydə olarkən burada təhsil alan kursantlardan bir neçəsi ilə görüşüb söhbət etdik.
Elşad Məmmədov hərbi liseyin üçüncü kursunda təhsil alır. Culfa şəhərindəndir. Deyir ki, zabit olmaq onun uşaqlıq arzusudur. Elə bu arzu ilə də 3 il bundan əvvəl Heydər Əliyev adına Hərbi Liseyə üz tutub: – Hərbçi olmaq ən böyük arzum olub. Elə bu arzu ilə ümummilli ­liderimiz Heydər Əliyevin adını daşıyan Hərbi Liseyə qəbul olmuşam. Bu liseydə oxumaq bizim üçün ikiqat məsuliyyətlidir. Birinci ona görə ki, kursant olmaq bizdən məsuliyyətli olmağı tələb edir. İkincisi isə ulu öndərimizin adını daşıyan məktəbdə oxumaq bizi daha yaxşı oxumağa, daha bilikli olmağa sövq edir. Ötən müddətdə bu məsuliyyəti dərindən dərk edərək yaxşı oxumağa, əsl hərbçi kimi yetişməyə səy göstərmişik. İnanırıq ki, bundan sonrakı ali hərbi təhsilimizdə də bu meyarları qoruyacaq, Vətənimizin gələcək müdafiəçiləri kimi, əsl zabit kimi formalaşacağıq.
Ali hərbi təhsilini hansı ixtisas üzrə davam etdirmək istəyirsən? sualımıza bu cavabı alırıq: – Hərbi aviasiya ən çox sevdiyim sahədir. Buna görə də təyyarəçi olmağı qarşıma məqsəd qoymuşam. İnanıram ki, bu arzuma çatacağam.
Füzuli rayonundan olan Əli Hacıyev isə hərbi liseyə bu il qəbul olunub. Onun dediklərindən: – Heydər Əliyev adına Hərbi Liseydə oxumaq çoxdankı arzum idi. Orta məktəbdə oxuyan zamandan hərbçi olmağı düşünürdüm. Artıq ilk addımı atmışam – ulu öndərimizin adını daşıyan hərbi liseydə oxuyuram. Burada oxumaq mənim üçün qürurvericidir. Savadlı, bilikli zabit olmaq üçün yaxşı oxumalı, hərbi işin incəliklərini dərindən öyrənməliyik. Liseyə gəlməmişdən əvvəl bu təhsil müəssisəsi haqqında az məlumatlı idim. Ancaq gəldikdən sonra burada kursantlar üçün mükəmməl şəraitin yaradıldığının şahidi oldum. Düşünürəm ki, belə bir hərtərəfli şəraitin yaradıldığı məktəbdə yaxşı oxumamaq mümkün deyil.
Ordubad rayonundan olan Murad Hacıyev isə liseyin son kursunda təhsil alır. Oxuduğu təhsil ocağı haqqında fikirlərini bizimlə bölüşən Murad dedi: – Heydər Əliyev adına Hərbi Lisey muxtar respublikamızda, eləcə də ölkəmizdə ən nümunəvi təhsil müəssisələrindəndir. Burada müxtəlif avadanlıqlarla təchiz edilmiş kabinələr, sinif otaqları, idman zalı, kitabxana və sair biz kursantların yaxşı təhsil almasına, sağlam, bilikli və vətənpərvər böyüməsinə şərait yaradır. Müəllimlərimizdən və komandirlərimizdən çox razıyıq. Onlar bizə öz övladları kimi qayğı göstərirlər, çətinliyimiz olanda onu həll edirlər, hamısından razıyıq. Dövlətimizə də minnətdarıq ki, bizim üçün belə bir şərait yaradıbdır. Məndən əvvəl danışan kursant yoldaşlarım dedilər ki, Heydər Əliyev adına Hərbi Liseydə oxumaq insandan böyük məsuliyyət tələb edir. Mən də bu fikirlərlə razıyam. Bildiyiniz kimi, orta ümumtəhsil məktəblərindən fərqli olaraq biz burada özümüzü müstəqil həyata hazırlayırıq, eyni zamanda gələcəyin hərbçiləri kimi yetişirik. Ulu öndərimizin də arzusu bu idi ki, gənclərimiz yaxşı təhsil alsın, vətənini sevsin, hansı sahədə çalışmasından asılı olmayaraq vətənpərvər olsun. Bu liseydə oxumağımızın bizim üçün əhəmiyyəti ondadır ki, bizə burada vətəni məhz ulu öndərimiz kimi sevməyi öyrədirlər, Vətənə məhz onun kimi xidmət etməyin yolunu göstərirlər. Digər tərəfdən, bizim üçün fəxrdir ki, gələcəyin hərbçisi kimi təhsil aldığımız liseyin adında əbədiyaşar liderimizin adı yaşayır. Məhz buna görə də Onun kimi oxumalı, Onun kimi Vətənimizə, xalqımıza xidmət etməliyik.
Kursantlardan Goranboy rayonundan Rəvan Məmmədov, Tovuz rayonundan Rəsul Həsənov, Naxçıvan şəhərinin Bulqan kəndindən Hüseyn Abbaszadə və digərləri də Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldıqlarına görə qürur duyduqlarını dedilər, belə bir məktəbdən məzun olacaqları üçün fəxr etdiklərini söylədilər.

Bəli, Heydər Əliyev adına Hərbi Lisey artıq 12 ildir ki, nümunəvi təhsil müəssisəsi kimi Silahlı Qüvvələrimizin kadr təminatına öz töhfəsini verir. Ötən 12 ildə liseydən məzun olmuş kursantlar ali hərbi təhsil aldıqdan sonra ordumuzun müxtəlif hərbi birləşmələrində zabit kimi xidmət edirlər. Bu zabitlərin hər birinin hərbçi karyerasında unudulmaz bir səhifə vardır ki, o da Heydər Əliyev adına Hərbi Liseydən başlanan yoldur. Bu müqəddəs yolun yolçuları həm də Heydər Əliyev yolunun davamçılarıdır.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR