Şərur rayonu
Şərur rayonu Naxçıvan Muxtar Respublikasının ən böyük bölgələrindəndir. Bu qədim oğuz-türk yurdu barlı-bərəkətli torpaqları, gözəl və abad yurd yerləri, əsrarəngiz təbiət abidələri ilə göz oxşayır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlaması Şərur rayonunun da dirçəlməsinə səbəb olub, bölgədə genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirlərinin həyata keçirilməsi geniş vüsət alıb. Ulu öndərin bilavasitə rəhbərliyi ilə Arpaçayın üzərində su anbarı tikilib. Burada yaradılmış su ehtiyatı rayonun on minlərlə hektar əkinəyararlı sahələrinin suvarılmasına imkan verib.
Məhz ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində ötən əsrin 70-ci illərindən başlayaraq Şərur rayonunda kənd təsərrüfatı inkişaf etdirilib, yeni meyvə və üzüm bağları salınıb, hektarlarla ərazidə müxtəlif məhsullar yetişdirilib. Geniş aqrar sənaye komplekslərinin yaradıldığı Şərur rayonu həmin illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında həmişə ön sıralarda olub. Buna görə də rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu öndər bu bölgəyə yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Ötən əsrin 90-cı illərində muxtar respublikanın ağır blokada şəraitində yaşaması, digər bölgələrimiz kimi, Şərur rayonuna da öz mənfi təsirini göstərib. Uzun illər boyu minbir əziyyətlə yaradılan müəssisələr iflic vəziyyətinə düşərək fəaliyyətini dayandırıb. Kənd təsərrüfatı sahəsində ciddi problemlər özünü göstərib. Lakin dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə, eləcə də xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikanın hər bir rayonu kimi, Şərura da böyük diqqət və qayğı göstərilib.
Ötən dövr ərzində Şərur rayonu daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində Şərur rayonunda bütün sahələrin inkişafına nail olunub. Muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri çərçivəsində bölgədə mühüm infrastruktur layihələri həyata keçirilib. Rayonda fəaliyyət göstərən təhsil, mədəniyyət, səhiyyə, eləcə də digər dövlət orqanları üçün hərtərəfli şərait yaradılıb, yol infrastrukturu yenilənib, onlarla kənd və xidmət mərkəzləri tikilib, əhalinin enerji təhlükəsizliyi təmin edilib.
Bu gün Şərur rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri bu qədim diyarın simasını daha da gözəlləşdirib. Quruculuq işləri cari ildə də davam etdirilir. 2016-cı ildə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün yeni tədris korpusu, Arbatan kəndində yeni sosial obyektlər istifadəyə verilib. Eyni zamanda Şərur şəhər 2 nömrəli tam orta məktəbin, Çəmənli kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, eləcə də Arpaçay kəndindəki kənd və xidmət mərkəzlərinin tikintisi davam etdirilib. Həyata keçirilən tədbirlər əhalinin gün-güzəranını, yaşayış səviyyəsini xeyli yaxşılaşdırır, onlarda Vətənə, torpağa olan sevgini, eləcə də el-obaya olan bağlılığı daha da artırır. Tarixən qoçaq, zəhmətkeş, əməksevər olan şərurlular yaradılan şəraitdən bəhrələnərək muxtar respublikamızın sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna həmişə sədaqətli olan şərurlular bu gün ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşir, onun yeritdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edirlər. Şərurluların fəal vətəndaş mövqeyi onları daha yaxşı işləməyə sövq edir, muxtar respublikamızın hərtərəfli inkişafına verdikləri sanballı töhfələrdə bir daha özünü göstərir.
Dekabrın 12-də Şərur şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrildi. Dahi rəhbərin anım günündə rayon sakinləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Babək rayonu
Babək rayonu ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına birinci rəhbərliyi dövründə, 1978-ci il oktyabrın 23-də yaradılıb. Uzaqgörən siyasətçi Heydər Əliyevin o illərdə ölkənin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi yeni rayonun təşkili ideyası, rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq Babək adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim Azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi.
Bu gün 74 minə yaxın əhalisi olan Babək rayonu 35 kənd və bir qəsəbədən ibarətdir. Rayon mərkəzi Babək qəsəbəsi, ən ucqar dağ və sərhəd yaşayış məntəqələri sürətli inkişaf yolundadır. Bölgənin Nehrəm, Qahab, Kərimbəyli, Şıxmahmud kimi böyük kəndləri ilə yanaşı, ucqar yaşayış məntəqələri olan Göynükdə, Nəhəcirdə, Naxışnərgizdə, Yuxarı Buzqovda, Gərməçataqda da müasir infrastruktur yaradılıb.
Ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi sayəsində Babək rayonunda sənaye məhsulunun həcmi xeyli artıb, fəaliyyətdə olan müxtəlif istehsal müəssisələrinin sayı 60-a çatıb. Rayon ərazisində daş məhsulları, kərpic, beton məmulatları və mineral su istehsalı müəssisələri ilə yanaşı, kiçik sahibkarlıq obyektləri də fəaliyyət göstərir.
Ötən dövrdə rayonda xeyli kənd və xidmət mərkəzləri istifadəyə verilib, təhsilə qayğı sayəsində gözoxşayan məktəb binaları tikilib və ya əsaslı təmir olunaraq yenidən qurulub. Bu illər ərzində Babəkdə mədəniyyətin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilib, bölgənin mədəniyyət müəssisələrinin fəaliyyətlərinin yeni binalarda davam etdirilməsinə şərait yaradılıb.
Abad yurd yolundan bəlli olar, – deyiblər. Babək rayonu da bu gün rahat yol-nəqliyyat infrastrukturuna malikdir. Son illərdə burada Hacıvar-Vayxır-Sirab və Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları inşa olunub, görülmüş kompleks quruculuq tədbirləri nəticəsində yeni yollar çəkilib, kəndlərdən rayon mərkəzinə və Naxçıvan şəhərinə gediş-gəliş xeyli asanlaşıb. Cari ildə də rayonda tikinti-quruculuq işləri davam etdirilib. 31 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun 9,6 kilometrlik ikinci hissəsi istifadəyə verilib, Gərməçataq kənd avtomobil yolu yenidən qurulub.
Xəlilli kəndində kənd və xidmət mərkəzləri tikilib, məktəb binası əsaslı təmir olunaraq istifadəyə verilib. Məzrədə kənd və xidmət mərkəzləri, tam orta məktəb binası quruculuq işlərinin davamı kimi kənd sakinlərini sevindirib. Həmçinin Hacıvarda kənd və xidmət mərkəzləri, Badaşqan kəndində isə xidmət mərkəzi tikilərək istifadəyə verilib.Yarımca kəndinə də quruculuq işlərindən böyük pay düşüb. Bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, kənd tam orta məktəbi isə əsaslı təmir olunub. Kəndin 4700 metr məsafəlik yoluna asfalt salınıb.
Rayonun suvarma şəbəkəsinin yenilənməsi də daim diqqətdə saxlanılır. Cari ildə Kültəpə və Kərimbəyli kəndlərində torpaqların suvarılmasını təmin etmək, su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalından 3060 metr yeni boru xətti çəkilib. Suyun əraziyə itkisiz paylanması üçün 1272 metr beton kanal tikilib, üzərində 16 suburaxıcı qapılar qoyulub. Yeni suvarma sisteminin qurulması nəticəsində Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsində suvarma imkanları yaxşılaşdırılıb ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi muxtar respublikamızın hər yerində olduğu kimi, Babək rayonunda da böyük ehtiramla anılıb. Həmin gün rayon mərkəzinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilib. Rayon sakinləri müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad ediblər.
Ordubad rayonu
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunda dahi rəhbərin qurub-yaratdıqlarını sadalamaqla bitməz. Rayonun hərtərəfli inkişaf etdirilməsi ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılıb.
Qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonlarında bu yurd yerimizin də insanları böyük çətinliklərlə üzləşmişdilər. Ancaq dahi rəhbərin muxtar respublikaya gəlişindən sonra digər bölgələrimiz kimi, Ordubad da sürətli inkişaf yoluna qədəm qoydu. Sonrakı dövrdə rayonda vəziyyət müsbətə doğru dəyişildi, bütün sahələrdə böyük problemlərin olduğu bölgədə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində ictimai-siyasi sabitlik, əmin-amanlıq bərpa edildi, iqtisadi böhranın aradan qaldırılması üçün ilkin zəruri addımlar atıldı. Rayonda müxtəlif sahələrin inkişafına əhalinin bütün təbəqələri cəlb edildi, məşğulluq probleminin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirildi, azad sahibkarlıq üçün geniş imkanlar yaradıldı, dağıdılmış aqrar sahə bərpa edildi.
Son illərdə Ordubad rayonunda əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, ulu öndərimizin Naxçıvanın inkişafı naminə başladığı işlər uğurla davam etdirilir. Elə buna görə də həyata keçirilən tədbirlərin parlaq nəticələrini rayonun hər bir yaşayış məntəqəsində görmək olar. Muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər bütün bölgələr kimi, Ordubadın da sosial-iqtisadi inkişafına öz töhfələrini verib, rayon iqtisadiyyatının daha da güclənməsi əhalinin gün-güzəranını xeyli yaxşılaşdırıb. Bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb.
Cari ildə də Ordubad rayonunda tikinti-quruculuq işləri davam etdirilib, yeni bağlar, yaşıllıq sahələri salınaraq bölgənin abadlığına, gözəlliyinə xidmət göstərilib. Belə ki, 2016-cı ildə Ordubad şəhərində Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında tikinti işləri davam etdirilib. Kapital Bankın Ordubad rayon şöbəsi, Ordubad Şəhər Sürücülük və Texniki Peşə Məktəbi üçün bina yenidən qurulub. Hazırda şəhərin Mirzə Fətəli Axundov küçəsində 36 mənzilli yaşayış binasında təmir işləri aparılır, həmçinin su, kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
Yaşayış məntəqələrində aparılan tikinti-quruculuq işlərindən Baş Dizə kəndinə də pay düşüb. Cari ildə bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri tikilib, 156 yerlik məktəb binası inşa edilib.
Görülən işlərin nəticəsidir ki, bu gün Ordubad tarixiliyini saxlamaqla ən abad və müasir bir rayona çevrilib. Bütün bunlar Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmizin gələcəyi üçün gördüyü işlərə, insanların rifahı naminə misilsiz xidmətlərinə, bugünkü əmin-amanlığa, firavanlığa görə xalqımızın böyük oğlu rayon sakinləri tərəfindən həmişə minnətdarlıqla xatırlanır.
Dahi rəhbərin xatirəsinə sonsuz ehtiram dünən bir daha ifadə olunub. Ulu öndərin anım günündə rayon sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gələrək ona sevgi və ehtiramlarını bildirib, ən böyük azərbaycanlının əziz xatirəsini bir daha yad ediblər.
Culfa rayonu
Muxtar respublikamızın bütün bölgələri kimi, Culfa rayonunun sakinləri də ümummilli liderin anım günündə Onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Bu gün rayonun hansı səmtinə üz tutsan, orada dahi rəhbərin ideyalarının uğurla davam etdirildiyinin şahidi olarsan. Culfa rayonu istər tarixi-mədəni, istərsə də strateji baxımdan regionun mühüm əhəmiyyət kəsb edən ərazilərindən biridir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə digər rayonlar kimi, Culfa rayonunun da sosial, iqtisadi, mədəni yüksəlişinə daim qayğı ilə yanaşıb.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının muxtar respublikamızda uğurlu davamının nəticəsidir ki, digər bölgələrdə olduğu kimi, bu bölgədə də kompleks quruculuq tədbirləri həyata keçirilib, son illər rayonda hər bir yaşayış məntəqəsinə yeni görkəm gətirən, müasir memarlıq üslubu ilə gözoxşayan ümumtəhsil və uşaq musiqi məktəbləri, uşaq bağçaları, məktəbdənkənar müəssisələr, səhiyyə obyektləri, mədəniyyət müəssisələri, kənd mərkəzləri üçün yeni binalar istifadəyə verilib, obyektlər müasir avadanlıqlarla təchiz edilib. Rayonda həyata keçirilən tədbirlər gələcəyimiz olan uşaqların yaxşı təhsil almasına, sağlam böyüməsinə, rayon sakinlərinin rahat yaşamasına və asudə vaxtlarının səmərəli keçirilməsinə, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına zəmin yaradıb.
Rayon mərkəzi burada aparılan abadlıq-quruculuq tədbirləri nəticəsində gözəl bir məkana çevrilib. Bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin istifadəsinə verilib.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşıb.
Təbii ki, görülən işlər rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunur. Böyük rəhbərə olan ehtiramın ifadəsidir ki, culfalılar ulu öndərin anım günündə bir daha dahi şəxsiyyətin əziz xatirəsini anıb, Onun Culfa Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış büstünü ziyarət ediblər.
Kəngərli rayonu
Kəngərli rayonunun yaradılması və bugünkü inkişafı da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu siyasi xəttinin ifadəsidir. Bu rayonun yaradılması, yeni idarə, müəssisə və təşkilatların fəaliyyətə başlaması mindən çox iş yerinin açılmasına, bölgə iqtisadiyyatının güclənməsinə, ailələrin məskunlaşmasına şərait yaradıb. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa müddət ərzində muxtar respublikanın digər rayonlarının inkişaf səviyyəsinə çatıb.
Muxtar respublikamızda dahi şəxsiyyətin yolunun böyük ehtiramla davam etdirilməsi nəticəsində bütün bölgələrimizdə, o cümlədən Kəngərli rayonunda geniş tikinti-quruculuq işləri həyata keçirilib. İnsana qayğını özündə təcəssüm etdirən bu inkişaf rayonun bütün kəndlərini əhatə edib, müasir məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yollar abadlaşdırılıb, sənaye müəssisələri yaradılıb.
Qürurla deyə bilərik ki, bu gün Kəngərli muxtar respublikamızın, həmçinin Azərbaycanın bütün yaşayış məntəqələri abadlaşdırılan ilk rayonudur. Bölgənin abadlaşan sonuncu yaşayış məntəqəsi Yurdçu kəndi olub. Bu il yanvarın 14-də Yurdçu kəndində orta məktəb, kənd və xidmət mərkəzləri üçün binalar, o cümlədən Yurdçu kənd yolu istifadəyə verilib. Quruculuq işləri bununla yekunlaşmayıb. Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, rayonun Böyükdüz və Xok kəndlərini əhatə edən qapalı suvarma şəbəkəsi işə salınıb.
Rayon mərkəzi Qıvraq qəsəbəsində hər il yeni binaların istifadəyə verilməsi qəsəbənin simasını xeyli dəyişib. Burada yenidənqurma işləri aparıldıqdan sonra istifadəyə verilən Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolu, müasir üslubda inşa edilən Təhsil Şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, Elektrik Şəbəkəsi üçün binalar və “Qıvraq” elektrik yarımstansiyası, Ticarət-İaşə və Bazar Kompleksi gözəlliyi ilə göz oxşayır. Bu il Qıvraq qəsəbə tam orta məktəbində cari təmir işləri həyata keçirilib, hazırda uşaq bağçasının inşası aparılır.
Kəngərli rayonunda keçirilən iməciliklərdə yaşıllıq zolaqları ilə yanaşı, hər il yeni meyvə bağları da salınır. Bu il 50 hektar sahədə püstə, 14 hektar sahədə isə tut bağı salınıb. Rayonun bütün yaşıllıqlarını əhatə edən ərazilərində nümunəvi meliorativ və aqrotexniki tədbirlər görülür.
Əldə olunan nailiyyətlər təkcə iqtisadi sahələri əhatə etmir. Mədəniyyət, təhsil, səhiyyə kimi humanitar sahələr də öz inkişafının yeni mərhələsindədir. Kəngərli rayonunun sakinləri bütün bu uğurlara görə ulu öndərimiz Heydər Əliyevə minnətdar olduqlarını dərindən dərk edirlər.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi dekabrın 12-də Kəngərli rayonunda da böyük hörmət və ehtiramla anılıb. Dahi şəxsiyyətin anım günü ilə əlaqədar olaraq keçirilən mərasimdə rayon sakinləri ümummilli liderin əziz xatirəsini yad etməklə Azərbaycanın xilaskarına və Onun nurlu yoluna olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Həmin gün xalqımızın böyük oğlunun rayon mərkəzində əzəmətlə ucaldılan abidəsi yüzlərlə insanın axın etdiyi məkana çevrilib.
Şahbuz rayonu
12 dekabr ulu öndərimiz Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün kimi bütün azərbaycanlılar tərəfindən ehtiramla anılır, müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin xalqımız qarşısındakı xidmətləri bir daha ümumxalq sevgisi ilə xatırlanır.
Bu gün qüdrətli Azərbaycanın dünya arenasında söz sahibi olan bir dövlətə çevrilməsi məhz ümummilli liderin yaradıcısı olduğu dövlətçilik yolunun təntənəsidir. Ölkəmizin hər yerində insanların azad, xoşbəxt bir vətəndaş kimi yaşayıb fəaliyyət göstərməsi ulu öndərimizin yolunun uğurla davam etdirilməsinin nəticəsində mümkün olub.
Şahbuz rayonu da ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi yolu ilə inamla irəliləməkdədir. Rayon iqtisadiyyatı müstəqillik illərində inkişaf etdirilib, əhalinin yaşayış səviyyəsi qat-qat yüksəlib. Müasir Şahbuzun bütün yaşayış məntəqələri artıq abadlığa qovuşub, rahat yol və nəqliyyat sistemi, etibarlı enerji və rabitə şəbəkəsi yaradılıb. Rayonun ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinin belə, siması tanınmaz dərəcədə dəyişilib. Sürətli inkişaf dövrü keçərək ölkəmizin nümunəvi bölgələrindən birinə çevrilən bu qədim yurd yerində təbiət gözəllikləri ilə insan əli möcüzələri həmahənglik təşkil edir. Bütün bunlar şahbuzluların həyat tərzini sürətlə dəyişdirib, torpağa bağlılıqlarını artırıb. Ötən illərdə rayonda yaradılmış çox sayda sosial obyektlərin sırasına bu il yeniləri də əlavə olunub. Quruculuq tədbirləri hazırda davam etdirilməkdədir. Bu il rayonda Daylaqlı kənd və xidmət mərkəzləri tikilib, kənd tam orta məktəbinin binası istifadəyə verilib, kənddaxili yollar yenidən qurulub.
Abadlıq tədbirləri rayonun Kiçikoba kəndini də müasirliyə qovuşdurub. Kiçikoba-Daylaqlı kənd avtomobil yolu yenidən qurulub, Kiçikobada kənd və xidmət mərkəzləri tikilib sakinlərin istifadəsinə verilib. Hazırda rayonun yaşayış məntəqələrindən olan Kolanı kəndində tam orta məktəb üçün tikilən binada son tamamlama işləri aparılır, Şahbuz şəhərində rayon Elektrik Şəbəkəsi üçün inzibati binanın tikintisi davam etdirilir.
Ölkəmizin artan iqtisadi potensialından bəhrələnib öz firavan həyatını qurmuş şahbuzlular ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini, dahi şəxsiyyətin ölkəmizin, muxtar respublikamızın çətin dövrlərindəki xilaskarlıq missiyasını həmişə minnətdarlıqla xatırlayırlar. Ulu öndərimizin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiya, quruculuq xətti bu gün ölkəmizin hər yerində olduğu kimi, Şahbuzu da inkişaf və tərəqqiyə qovuşdurub.
Dünən rayon ictimaiyyətinin nümayəndələri görkəmli dövlət xadimi Heydər Əliyevin Şahbuz Rayon İcra Hakimiyyəti önündə ucaldılmış büstünü ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sədərək rayonu
Naxçıvan Muxtar Respublikasının sərhəd bölgəsi olan Sədərək rayonunun yaradılması, inkişafı və tərəqqisi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sədərək rayon kimi muxtar respublikanın inzibati ərazi bölgüsünə 1990-cı il avqustun 28-də daxil edilib. Rayon mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulub.
Ötən əsrin 90-cı illərində Sədərək mənfur ermənilər tərəfindən mütəmadi olaraq hücumlara məruz qalıb. Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər olub. Həmin illərdə buradakı vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu hücumların qarşısının alınması üçün böyük xidmətlər göstərib, dünya ölkələrinin diqqətini burada baş verən hadisələrə yönəldib. Dahi şəxsiyyətin böyük nüfuzu, uzaqgörən siyasəti nəticəsində düşmən hücumlarının qarşısı qətiyyətlə alınıb, rayonun müdafiəsi üçün mühüm addımlar atılıb.
Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. 1 qəsəbə və 2 kənd yaşayış məntəqəsindən ibarət olan Sədərək rayonu bu tədbirlər hesabına hərtərəfli tərəqqiyə qovuşub. Rayonda 1782 şagird yerlik 4 ümumtəhsil məktəbi, 1 uşaq musiqi məktəbi, 2 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 4 mədəniyyət, 2 idman obyekti, 2 kənd mərkəzi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Rayon mərkəzi Heydərabad qəsəbəsinin siması büsbütün dəyişib, yeni park və küçələr salınıb, yaşıllıqlar yaradılıb, rayonun bütün daxili yolları abadlaşdırılıb.
Təbii ki, sədərəklilər bu gün ulu öndərimizin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla anırlar. Bu böyük sevgi və ehtiramı rayon ictimaiyyəti dünən dahi rəhbər Heydər Əliyevin Heydərabad qəsəbəsində əzəmətlə ucalan abidəsini ziyarət etməklə bir daha göstərib.
Xəbərlər şöbəsi