25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 55 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının illik xidməti fəaliyyəti qiymətləndirilməlidir. Məqsəd dövlət qulluqçusunun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Komissiya qeyd olunan normanın icrasını təmin etmək məqsədilə müvafiq qaydaları təsdiq edib və cari ildən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb. Qaydalara əsasən dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə tabe olduğu şəxs tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə görə yekun hesabat mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməlidir.

Seminarda komissiyanın sektor müdiri Türkan Gülməmmədli tərəfindən hazırlanmış slaydlarla dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları izah edilib. Bildirilib ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin meyarlara görə qiymətləndirilməsi məqsədilə işlədiyi qurumun rəhbəri tərəfindən hər ilin yanvar ayında dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu tapşırıqlar (hədəflər) qoyulur. Dövlət qulluqçusunun xidməti fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər meyarlarına əsasən qiymətləndirilir.
Qiymət 5 və 4.6 qiymətləri arasında olduqda (əla) – dövlət qulluqçusu bu qiymətlə iki il ardıcıl olaraq qiymətləndirilərsə və müvafiq vakant vəzifə mövcud olarsa, onun yuxarı vəzifəyə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi, qanunvericiliyə uyğun olaraq onun barəsində həvəsləndirmə tədbirlərinin aparılması, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi nəzərdə tutulub. Qiymət 4.5 və 3.6 qiymətləri arasında olduqda (yaxşı) – dövlət qulluqçusu bu qiymətlə dörd il ardıcıl olaraq qiymətləndirilərsə və müvafiq vakant vəzifə mövcud olarsa, onun yuxarı vəzifəyə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi, bu qiymətlə üç il ardıcıl olaraq qiymətləndirilərsə, qanunvericiliyə uyğun olaraq onun barəsində həvəsləndirmə tədbirlərinin görülməsi, dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi vacibdir. Qiymət 3.5 və 2.6 qiymətlər arasında olduqda (kafi) – dövlət qulluqçusunun iş fəaliyyətinin yaxşılaşdırılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə ehtiyac var. Qiymət 2.5 və daha aşağı olduqda (qeyri-kafi) – bu qiymət növbəti qiymətləndirilmə zamanı dəyişməzsə, dövlət qulluqçusunun həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan digər vəzifəyə keçirilməsi və bu qiymət yenidən növbəti qiymətləndirilmə zamanı dəyişməzsə, o, aşağı təsnifatdan olan inzibati vəzifəyə keçirilir.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR