“Nəqliyyatda təhlükəsizlik və qış mövsümündə sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Ramin Qəhrəmanov çıxış edib.
Bildirilib ki, 2016-cı il avqust ayının 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Nəqliyyat Nazirliyinə də tapşırıqlar verilib, qış aylarında marşruta buraxılan nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkətinin və texniki sazlığının diqqətdə saxlanılması nazirlik qarşısında bir vəzifə kimi qoyulub.
Qeyd olunub ki, muxtar respublika avtovağzallarının payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlanılıb, avtovağzallarda istilik sistemləri yoxlanılaraq işlək vəziyyətə gətirilib, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha təkmilləşdirilib. Muxtar respublikada avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması məqsədilə yeni nəsil texnologiyalardan istifadə edilməsinə başlanılıb. Naxtel-4G GPS izləmə sistemi hazırda Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin şəhərdaxili və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobuslarının 20-də quraşdırılıb. Bu da o deməkdir ki, nazirliyin müvafiq şöbələri tərəfindən nəqliyyat vasitələrinin qrafikə uyğun işləmələrinə nəzarət ediləcəkdir. GPS-lərin digər avtobuslara quraşdırılması işi davam etdirilir. Yaxın gələcəkdə GPS sistemi sərnişindaşımada geniş yer tutacaq, bütün avtobuslar bu sistemlə təchiz olunacaqlar.
Müqavilə əsasında sərnişin və yük daşınması fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin texniki müayinədən keçirilməsi “Texniki müayinə komissiyası” tərəfindən başa çatdırılıb. Texniki müayinə zamanı avtomaşınlarda baş verə biləcək yanğın, təbii fəlakət, qəza və digər hadisələrin aradan qaldırılması üçün avtomaşınların yanğınsöndürən balon, çəkic, tibbi çanta və sair ilə təchiz olunmasına xüsusi diqqət yetirilib.
Avtobus və mikroavtobusların qrafikə uyğun hərəkəti və nəqliyyat vasitələrinin texniki sazlığının diqqətdə saxlanılması, marşrut və digər nəqliyyat vasitələrinin qarlı və şaxtalı günlərdə rahat hərəkət etməsi üçün Nəqliyyat Nazirliyinin məsul işçiləri, şəhər Nəqliyyat İdarəsinin əməkdaşları, habelə sürücülər üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərməlidirlər.
Sonda nazirliyin Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov görülmüş işlərlə bağlı ətraflı məlumat veriblər.
Kərəm Həsənov