Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də inzibati və ictimai yaşayış binalarının istiliklə təmin olunmasıdır.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.
Xətt təsərrüfatında əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış mövsümündə Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb. Baş verə biləcək qəza hallarının vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb, növbətçi elektriklərdən, çilingərlərdən ibarət təmir qrupu, qəza briqadaları yaradılıb.
Əhalinin davamlı olaraq istiliklə təmin edilməsi üçün mərkəzləşdirilmiş qazanxanaların təbii qaz və mazutla, fərdi qazanxanaların isə təbii qaz və dizel yanacağı ilə işləməsi təmin edilib. Yəni, əgər qaz təsərrüfatında hər hansı bir qəza baş verərsə, qazanxanalar mazut və dizel yanacağı ilə işləyəcək, istilik sistemində fasilələr yaranmayacaq. İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib. Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının etibarlı istiliklə təmin olunmasına hərtərəfli şərait yaradılıb.
Hazırda Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş və 38 fərdi qazanxana vasitəsilə 173 ictimai yaşayış binasının 7634 mənzili və 31 inzibati bina istiliklə təmin olunur. Tərtib edilmiş qrafikə uyğun olaraq İstilik Təsərrüfatı və Mənzil-İstismar idarələrinin əməkdaşları tərəfindən ayrı-ayrı ünvanlarda inzibati və ictimai yaşayış binalarının paylayıcı istilik xətlərinə baxış keçirilir, istilik xətlərinə kənar müdaxilələrin qarşısının alınması məqsədilə əhali arasında maarifləndirici söhbətlər aparılır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan şəhəri istiliklə etibarlı təmin olunur.
Kərəm Həsənov