25 Dekabr 2024, Çərşənbə

Azərbaycan dünyanın o ölkələrindəndir ki, burada ilkin dövlətçilik ənənələri çox qədimlərə – eramızdan əvvəl üçüncü minilliyə qədər gedib çıxır. O zamandan ötən 5 min il ərzində ölkəmiz, ölkəmizin yerləşdiyi coğrafiya dünya siyasətinin əsas nöqtələrindən olmuşdur. Buna görə bütün tarixboyu öz dövlətçiliyini qurmaq və qorumaq uğrunda gərgin mübarizə aparmış xalqımızı tarixin müxtəlif taleyüklü məqamlarında ağır sınaqlardan çıxarmaq vəzifəsi qüdrətli sərkərdələrin, böyük dövlət xadimlərinin üzərinə düşmüşdür.
Bu baxımdan XX əsr xüsusi bir mərhələ təşkil edir. Müsəlman Şərqində ilk demokratik cümhuriyyət məhz bu yüzillikdə, 1918-1920-ci illərdə Azərbaycanda qurulmuşdur. Lakin bu cümhuriyyətin ömrü uzun olmadı. Fikrimizcə, həmin dövrdə xalq kütlələrinin qüvvəsini müstəqil dövlətçiliyin qurulmasına və qorunmasına səfərbər edərək, onu öz arxasınca apara bilən ümummilli liderin olmaması Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəblərindən idi.
Müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulması, onun qurulması və inkişafını təmin etmək missiyası isə böyük Heydər Əliyevin taleyinə yazılmışdı. Əsrlər boyu əldə edilə bilməyən siyasi nailiyyətlər məhz ulu öndərin Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Nəticədə, 1970-80-ci illərin sosial-iqtisadi və milli-mənəvi dirçəliş mərhələsindən sonra 1990-cı illərdə Azərbaycan müstəqil demokratik, hüquqi dövlət kimi beynəlxalq qurumlar, dünya dövlətləri tərəfindən tanınmış, demokratiya yolunda inamla irəliləmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlətçilik konsepsiyasının ilk istiqaməti 1988-ci ildən başlayaraq torpaqlarımıza qarşı günbəgün artan fəal xarici dəstəkli erməni təcavüzü fonunda yaranan ictimai-siyasi böhranı, bir-birini əvəz edən prinsipsiz, səriştəsiz və şəxsi mənafe güdən siyasi iqtidarların yaratdığı, müstəqilliyimizə böyük təhdid təşkil edən cəmiyyətdəki hərbi-siyasi anarxiyanı, gərgin şəraiti aradan qaldırmaq, 1993-cü ildə kulminasiya nöqtəsinə çatan vətəndaş qarşıdurmasının və ölkədaxili müharibənin alovlanmasının, ayrı-ayrı süni milli separatizm ocaqlarının yaradılmasının qarşısını almaq, erməni işğalını dayandırmaq kimi taleyüklü məsələləri ehtiva edirdi. Çünki 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycandakı mövcud hakimiyyət qurumları keçmiş sovet strukturlarını kor-koranə təkrarlayırdı. Hakimiyyətlərin bölünməsi prinsipi sözdə elan edilsə də, dövlətçilikdə real qanuni-hüquqi əsası təsbit olunma­mışdı. Ermənistanla aparılan uğursuz müharibə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, iqtisadi potensialın məsuliyyətsizcəsinə dağıdılması ulu öndər Heydər Əliyevə əvvəlki iqtidarlardan qalan dəhşətli “miras” idi.
Məhz buna görə 1993-cü il ok­tyabrın 3-də xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının ­Prezidenti seçilən görkəmli dövlət xadimi Heydər Əliyev qarşıda duran vəzifələri ümumiləşdirərək deyirdi: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim ­Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – deyən ulu öndər Heydər Əliyev özünün dövlət idarəçiliyindəki zəngin təcrübəsinə və hərtərəfli siyasi biliklərinə istinad edərək qısa müddətdə xalqımızın gələcək taleyini həll edən düzgün qərarlar qəbul etmiş və ölkəmizi düşdüyü ağır böhrandan çıxarmağa nail olmuşdur. Qarşıdakı taleyüklü vəzifələrin mürəkkəbliyi, cəbhə bölgəsində hərbi vəziyyətin, cəmiyyətdəki mənəvi-psixoloji durumun ağırlığı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin aktuallaşması 1994-cü ilin mayında atəşkəs barədə sazişin imzalanması ilə nəticələnmişdir. Ağır şəraitdə zərurət üzündən qəbul edilmiş atəşkəs haqqında qərar siyasi sabitliyə, iqtisadi inkişafa və hərbi üstünlüyə nail olmaq, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, məqsədyönlü xarici siyasətin formalaşdırılması üçün son dərəcə əhəmiyyətli idi. Yaranmış şərait 1994-1995-ci illərdə ölkədəki qanunsuz silahlı birləşmələrin, mütəşəkkil cinayətkar dəstələrin sürətlə ləğvinə imkan vermişdir. Bütün bunlar isə qüdrətli Azərbaycan Ordusunun yaradılması ilə müşayiət olunmuşdur.
Ümummilli liderimiz 1995-ci ildən sonra Azərbaycanda iqtisadi geriləmənin qarşısını almağa, növbəti ildən isə müstəqillik dövründə ilk dəfə iqtisadiyyatın inkişaf tempini təmin etməyə nail olmuşdur. Məhz bundan sonra ölkəmizin iqtisadi qüdrətinin artması, tərəqqi yoluna qədəm qoyması, həmçinin mötəbər beynəlxalq qurumlara üzv seçilməsi həmin uğurlu siyasətin məntiqi yekunu idi. Bu siyasətin ilk uğurlu nəticəsi dünyanın inkişaf etmiş ölkələrini təmsil edən neft şirkətləri ilə 1994-cü il sentyabrın 20-də bağlanmış “Əsrin müqaviləsi”dir. Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, bu müqavilənin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu illərdir Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin ölkəyə gətirdiyi böyük iqtisadi gəlir təsdiqləyir.
Ulu öndərimizin müstəqil dövlət quruculuğu siyasətinin ən mühüm və başlıca cəhəti – “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” – müdrik kəlamında ifadə edilmişdi. Dövlətçiliyin möhkəmləndirilməsi, bunu hüquqi baxımdan təmin etmək üçün yeni qanunvericilik bazasının yaradılması, vətəndaş cəmiyyəti prinsiplərini inkişaf etdirmək, əsas insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil dövlət quruculuğu prosesində növbəti prioriteti idi. Bu baxımdan ulu ­öndərin xalqımıza, dövlətimizə mühüm töhfələrindən biri bilavasitə onun özünün rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasıdır. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi, sosial dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm zəmin yaratmışdır. Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycanda hakimiyyətlərin bölünməsinin hüquqi əsasları bəyan olunmuş və bu əsaslar real həyatda öz əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, “İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz”. Bu baxımdan o, dövlət idarəçiliyi üçün yeni, gənc kadrların yetişdirilməsini, bundan ötrü zəruri bazanın formalaşdırılmasını vacib hesab edirdi. Ulu öndər dövlət quruculuğuna istedadlı, bacarıqlı, zəkalı, əxlaq və mənəviyyatca təmiz gənclərin cəlb olunmasına böyük əhəmiyyət verir, dönə-dönə qeyd edirdi ki, bizə müstəqil Azərbaycan üçün müasir idarəçiliyi mənimsəyən, yeni tərzdə düşünən, beynəlxalq aləmdən baş çıxaran müasir təfəkkürlü kadrlar lazımdır. “Dövlət idarəçiliyində beynəlxalq təcrübə ilə yanaşı, yerli xüsusiyyətlər də nəzərə alınmalıdır”, – deyən dahi şəxsiyyət Heydər Əliyevin bu sözləri onun bu mühüm siyasi məsələdə belə, milli-mənəvi dəyərlərimizə nə qədər bağlı bir şəxsiyyət olduğunu göstərirdi. Ümummilli lider çox yaxşı bilirdi ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi nəinki yüksək peşəkarlıq və zəkası ilə, həmçinin yüksək mənəvi keyfiyyətləri, özünün vətənpərvərlik və Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanmasını tələb edir.
Görkəmli dövlət xadimi Heydər Əliyev məhz bu tələbatdan çıxış edərək milli-mənəvi dəyərlərin dövlətçilik fəaliyyətində həyati əhəmiyyətini qeyd edir və bu, onun dövlətçilik konsepsiyasının qeyd-şərtsiz ideoloji istiqamətini təşkil edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli-əxlaqi mentalitetimizdir, bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir. Biz bunların hamısı ilə fəxr etməliyik”.
Bu baxımdan ulu öndər Heydər Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş demokratik ölkələri sırasına çıxararkən milli-mənəvi dəyərlərin, milli kimliyimizin, Azərbaycançılıq ideyasının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi önəm verirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır”.
Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən, 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi kimi tarixi bir qərara imza atan ulu öndər, əslində, bu qərarla başlatdığı bütün dünyada yaşayan azərbaycanlıların vahid Azərbaycan dövləti ideyası ətrafında birləşdirilməsi hərəkatını Azərbaycan Respublikasının Prezidenti kimi uğurla başa çatdırmışdır. Azərbaycançılıq əsas milli ideya kimi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar üçün əsas məfkurəyə çevrilmişdir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi milli həmrəylik hərəkatının 16 dekabr qərarından sonra ikinci böyük hadisəsi idi.
Ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik nəzəriyyəsindəki çox mühüm və taleyüklü məsələlərdən biri də dövlətçilikdə varisliyin təmin olunması idi. Hələ 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndərin liderliyində yaradılan Yeni Azərbaycan Partiyasının pro­qramında öz əksini tapan varislik və yaradıcı təkamül prinsiplərinin həyati əhəmiyyətinə xalqımız 2003-cü ildə şahidlik etdi. Həmin il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində ulu öndər ölkə Prezidenti vəzifəsinə ən layiqli namizəd kimi o zaman üçün gənc və çox perspektivli siyasətçi, cəmiyyətdə böyük nüfuza malik olan İlham Əliyevi göstərərək deyirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin inam və qətiyyətlə dediyi bu sözlər Onun böyük əziyyətlər hesabına xalqımızla birlikdə qurduğu müstəqil Azərbaycan dövlətini əmin əllərə etibar etmək kimi müqəddəs bir amaldan doğurdu. Bunu yaxşı başa düşən xalqımız öz dahi rəhbərinin müraciətinə mütəşəkkilliklə dəstək verərək 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə möhtərəm İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə ölkəmizdə Heydər Əliyev dövlətçilik siyasətinin davamına olan arzusunu reallaşdırdı.

Beləliklə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlət quruculuğu konsepsiyasının ayrı-ayrı istiqamətlərinin təhlili bu böyük dövlət xadiminin xalqımız üçün, dövlətçiliyimiz üçün müstəsna bir şəxsiyyət olduğunu bir daha isbatlayır. Çünki bəşər tarixinin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə bütün maneələri dəf edərək müstəqil Azərbaycan dövlətini qurmuş, onu möhkəmləndirmiş və dünyada layiqli yerini təmin etmişdir. O, eyni zamanda özünün fitri istedadı, böyük uzaqgörənliyi, siyasi dühası və zəngin təcrübəsi hesabına müstəqil Azərbaycan Respublikasını bütün gələcək nəsillərə şah əsəri kimi əmanət etmiş, ölkəmizi gələcəyə aparan yolları da müəyyənləşdirmiş, milli dövlətçiliyimizin zəngin nəzəri-siyasi irsini yaratmış və bu konsepsiyasının həyata keçirilməsinin ən gözəl nümunəsini göstərmişdir.

Elman Cəfərli
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR